Bunu aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib.
İlham Əliyevin forumda qeyd edib: “Bizdən istənilsə də, biz Ukraynaya silah vermirik, bunu açıq şəkildə deyə bilərik, etməyəcəyik. Humanitar yardım - bəli, silah – yox, bu, mənim cavabımdır. Etnik, dini baxımdan bir-birinə çox yaxın olan iki xalq üçün bu, böyük faciədir. Müharibədən qaçmaq şansı var idimi? Məncə, var idi. Əvvəlki illərdə Ukrayna liderlərinin Rusiya ilə normal münasibətlər qurmaq şansı var idimi? Tam əminəm ki, var idi”.
Azərbaycanın Milli Qəhrəmanı Ruslan Polovinkonun ailəsi Xarkovda yaşayır. O, hərbi pilot idi. Ukraynalı pilot Yuri Beliçenko bir neçə il Ermənistan tərəfindən həbsdə saxlanılıb. Qarabağ müharibəsinin birinci mərhələsində çoxlu ukraynalı Azərbaycan tərəfində vuruşub. Azərbaycan bunu unutmur və hər zaman dəyərləndirir. Ukrayna müharibəsinin ilk günlərində ölkəmizin ilk humanitar yardımları buna sübutdur.
Hər iki ölkə GUAM-ın üzvüdür, bu isə MDB-yə əks-çəki olan strukturdur, Avropa İttifaqının himayəsi altında yaradılıb və Ukrayna, Moldova, Gürcüstan və Azərbaycanı birləşdirir. Yeri gəlmişkən, Azərbaycan bu il GUAM-ın sədridir. Təşkilatın zirvə toplantısı keçirməsi və Rusiya-Ukrayna müharibəsi ilə bağlı siyasi bəyanat qəbul etməsi planlaşdırılırdı. Belə bir tədbirin isə Rusiya-Ukrayna müharibəsi zamanı təşkil olunması sadəlövhlük olardı.
Prezident İlham Əliyev forumda, həmçinin bildirib: “Hisslərimiz tamamilə aydındır. Bu faciəni izləyən bütün insanlar kimi, biz də eyni hisslər keçiririk. Sevdiklərini itirən ailələrlə, günahsız qurbanlarla bərabər, uşaqların necə öldüyünü görəndə kədərlənirik, hisslərimiz hər bir normal insanın hissləri ilə tamamilə eynidir. Biz nə edə bilərik? Mən artıq Rusiya-Ukrayna ilə bağlı sualda buna cavab verməyə çalışdım. Edəcəyimiz şey çox deyil. Biz regionun bir hissəsi deyilik və əgər region ölkələri qonşu ölkələrə heç nə edə bilmirlərsə, biz nə edə bilərik? Təəssüf ki, onlar da heç nə edə bilmirlər”.
Rəsmi Bakı iki qonşu xalqın faciəsi üzərindən dividend qazanmağa çalışmır və neytrallıq mövqeyindən çıxış edir. Azərbaycan Prezidenti “Müharibədən qaçmaq şansı var idimi? Məncə, var idi” deməklə, əslində bir çox mətləblərə işıq salır.
Təbii ki, rəsmi Bakı Rusiya-Ukrayna müharibəsində ən azından heç kimin qalib gəlməyəcəyindən əmindir. Bunu həm Putinlə danışıqlardan əldə olunan qənaət, həm də Ukrayna məsələsində Rusiya ilə ABŞ-nin məsələ ilə bağlı “ayrıca paktı”nın olması təyin edə bilər. Görünür, üçüncü variant yoxdur. Əks halda rəsmi Bakı açıq danışmazdı. Hər iki variant regionun mövcud immunitetinin nəzərə alınması ilə ciddi çağırışdır.
Asif Cəfərov
Ordu.az