Qarabağda yekun qələbə ilə başa çatmış antiterror tədbirlərindən sonra Prezident İlham Əliyev xüsusi fərman imzalayıb və buna əsasən, türkiyəli zabitlərin Azərbaycanda olma müddəti bir il uzadılıb. Deməli, mərkəzin bağlanmasına baxmayaraq, türkiyəli zabitlərin Azərbaycanda qalması hüquqi baxımdan daha öncədən təsbit olunmuş hesab olunur.
Bununla yanaşı, Türkiyə və Azərbaycan 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi də daxil olmaqla, bu cür tənzimləmələr üçün kifayət qədər hüquqi-müqavilə əsaslarına sahibdirlər. Mərkəzin bağlanmasından sonra rus zabitlər isə öz vətənlərinə qayıdacaqlar.
Faəliyyətdə olduğu müddət ərzində mərkəzin işi müzakirə mövzusuna çevrilib desək yanılmarıq. Vaxtilə mətbuatda mərkəzin Pilotsuz Uçuş Aparatlarının erməni terrorçularının mövqelərini izlədiyi və məlumatları analiz etdiyi barədə nəşrlər olub. Habelə mərkəzin rəsmi olaraq bağlanmasının Cənubi Qafqazda Rusiya-Türkiyə hərbi-texniki və bəlkə də kiber-texnoloji əməkdaşlığının sona çatmasının demək olub-olmadığını söyləmək çətindir.
Prezident İlham Əliyevin Moskvadan sonrakı xüsusi bəyanatları belə təəssürat yaradır ki, Rusiya-Azərbaycan əməkdaşlığı regiondankənar amil əhəmiyyətini qazanır. Bu, təbii ki, Türkiyənin, eləcə də İranın maraqlarına qarşı yönəlmir, əksinə regional maraqları birləşdirməyə xidmət edir. İlham Əliyevin çıxışından sonra Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova demək olar açıq mətnlə bildirib ki, Ermənistan regionda Qərb üçün plasdarma çevrilməməlidir.
İlham Əliyev Türkiyənin Anadolu Agentliyinə müsahibəsində deyib: “Əgər görsək ki, Ermənistanda bizə qarşı hər hansı bir təhdid yaranır, biz o təhdidi məhv etməliyik. Bu, bizim legitim hüququmuzdur. Ancaq bu təhdid olmasa, bizim başqa fikrimiz yoxdur”. Əslində Rusiya XİN-in rəsmi nümayəndəsi açıq şəkildə başa salır ki, Ermənistandakı Qərb plasdarmını neytrallaşdırmaq üçün Azərbaycana mane olmayacaqlar.
Prinsipcə, Rusiya qoşunlarının Qarabağdan çıxarılması da demək olar eyni mənaya malikdir: Rusiyanın varlığı yoxdur, problem Azərbaycanın ərazi bütövlüyünə qarşı təhdiddən ehtiyatlı olmasıdır və Bakı preventiv addımlara gedir.
Prezident İlham Əliyevin Aİ müşahidəçilərinin sərhəddə ilk atəşlərdə qaçacaqları ilə bağlı xəbərdarlığı Ermənistana təxribatlardan çəkinmək üçün ciddi mesaj idi. Əgər Ermənistan Fransanın təhriki ilə əməliyyatlara başlasa, Rusiya məsələyə müdaxilə etməli olacaq və Ermənistan-Azərbaycan kardinal barışığı baş tutmayacaq. Görünür, Türkiyə Prezidentinin Ermənistanla münasibətlərin normallaşması pəncərəsinin bağlana biləcəyi ilə bağlı çoxmənalı eyhamı da bu ssenariyə daxildir.
Rusiya-Ukrayna müharibəsində Moskvanın üstünlüyü mövcuddur. Hətta rəsmi Kiyev də bunu artıq etiraf edir. Qərbin resursları yetərli deyil. Belə bir kritik vəziyyətdə Cənubi Qafqazın periferik əhəmiyyəti var. Qərb risklərin idarə edilməsinin bütün real alətlərini Şərqi Avropaya yönəldir. Bu isə Rusiyanın Qafqazı yenidən dəyərləndirməsi deməkdir. Moskva hansı mexanizmləri seçəcək? Əsas məsələ budur.
Firuz Bağırov
Ordu.az