Hindistanın Bakıya cavabı və ciddi səhvi – ANALİZ

2024/04/1714209797.jpg
Oxunub: 1539     21:08     27 Aprel 2024    
Hindistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Ermənistana silah tədarükü ilə bağlı Bakının haqlı narazılığı barədə suala cavab verərək bildirib ki, Dehli həm İrəvan, həm də Bakı ilə yaxşı münasibətlərə sahibdir, lakin eyni zamanda müdafiə təyinatlı məhsullarının ixracını təşviq etməyə çalışır.

Başqa cür desək, Hindistan rəsmisi Hindistanın Ermənistan və Azərbaycanla dostluğu ilə yanaşı, hərbi sənaye biznesi haqqında da düşündüyünü nəzərdə tutur. Əlbəttə, rəsmi Bakı yaxşı bilir ki, Hindistan və Ermənistan arasında hərbi-texniki əlaqələr Hindistan üçün təkcə biznes deyil, həm də istənilən digər iri hərbi istehsal həyata keçirən ölkə üçün olduğu kimi xarici siyasət və geosiyasətdir.

Hindistan geosiyasi ambisiyaları artan dövlətdir və Qafqaz da daxil olmaqla, rolunu genişləndirməyə çalışır. Təbii olaraq burada əsas olan odur ki, Qafqaz Şərqdən Qərbə əsas kommunikasiya zonasıdır, Hindistan bu kommunikasiyaların bölünməsində və nəzarətində rol almaq üçün Ermənistanda rol oynamağa çalışır. Ermənistan isə bu vəziyyətdən istifadə etməyə və əslində Azərbaycana rəqib olan aktorların dairəsini şaxələndirməyə, yenidən silahlanmağa, habelə Rusiyadan uzaqlaşmağa çalışır.

Bu istiqamətdə baş verənlər yalnız Hindistan silahlarının tədarükü ilə bağlı deyil. Təbii ki, Ermənistanın silahlandırılması Azərbaycan üçün ciddi risklər yaradır. Şübhəsiz ki, rəsmi Bakı dəfələrlə bildirdiyi kimi, istənilən vasitə ilə Ermənistanın hətta 1 ədəd tüfəng və ya durbin almasına mane olacaq. Yaxın gələcəkdə vəziyyət Azərbaycan üçün hərbi balans baxımından ciddi problemlər yarada biləcək formada olmasa da, təxribat risklərini artıracaq və bu da növbəti toqquşmalara səbəb ola bilər.

Ermənistanın Rusiyadan uzaqlaşması fonunda Hindistandan silah tədarükü və İranın da bu prosesdə iştirakı bir sıra iqtisadi layihələrə də mane ola bilər. Nəzərə almaq lazımdır ki, Rusiya və İran Şimal-Cənub dəhlizi və ya Sankt-Peterburqdan Mumbaya qədər liman marşrutu məsələsində maraqlıdır. Bu baxımdan, qlobal əhəmiyyətli iqtisadi layihələrə və regional təhlükəsizliyə açıq təhdid formalaşdırmaq cəhdlərinin qarşısı alınmalıdır. Yəni Hindistan kimi ölkə olduqca soyuqqanlı düşünməyə məcburdur. Xüsusilə müdafiə təyinatlı məhsullarının ixracı məsələlərini qlobal əhəmiyyətli layihələri icra etməklə idarə edə biləcəyini düşünmək ciddi səhv olardı.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Hindistan  


Bizi "telegram"da izləyin