Lakin bu, yalnız Ermənistanla bağlı məsələ deyil, Rusiya ilə bağlı atmosferi yumşaltmaq, ən azından onu idarəolunan saxlamaq problemini həll etməyə çalışan “institusional format və ya situasiya görüşü”dür. Məsələ ondadır ki, Avropa Parlamentinə seçkilər çox yaxındır. Hansı qüvvələrin qalib gələcəyini və Avropa İttifaqının hansı icra hakimiyyətinə malik olacağını heç kim bilmir. Yaxud artıq “axsaq ördək” olan və hətta yaxın müttəfiqi İsraillə problemləri olan Bayden administrasiyası nə dərəcədə səmərəli olacaq?
Başqa sözlə, Avropa Parlamentində qüvvələr nisbəti dəyişərsə, yeni Avropa Komissiyası Ursula Fon der Lyayenin “öhdəliyinə” sadiq qalacaqmı? Yaxud payızda keçiriləcək prezident seçkilərində Bayden uduzsa, respublikaçı Tramp dövlət katibi Blinkenin Ermənistanla bağlı mövqeyini dəstəkləyəcəkmi? Təbii ki, Ermənistanın indiki və gələcək hökumətindən çox şey asılıdır və asılı olacaq, lakin o, ilk növbədə Rusiyaya qarşı ciddi “ev tapşırığı” yerinə yetirməlidir. Bu, “qarşıdan hərəkət edən qatarlar” və ya “hövzəni iki kranla doldurmaq” məktəb dərsliyi problemi deyil.
Ermənistan parlamentinin müdafiə və təhlüksizlik məsələləri üzrə daimi komissiyasının sədri Andanik Köçəryan deyir ki, Azərbaycanla münasibətlərin normallaşmasına mane olan qüvvələr var. Bir gün əvvəl Ermənistan xarici işlər naziri Ararat Mirzoyan iki fundamental məsələdə - sərhədlərin demarkasiyası və kommunikasiyaların açılması məsələsində tərəflərin mövqelərinin bir-birindən çox uzaq olduğunu açıqlayıb.
Bu, əslində Rusiyaya qarşı atılmış növbəti çağırışdır. Söhbət ABŞ və Avropanın yanaşmasından getmirsə, deməli İrəvan üçün yalnız Moskvanın yanaşması “problemlidir”. Xüsusən də Avropa İttifaqı deyir ki, heç kimi heç nəyə məcbur etmir, yalnız tərəflərin “mübahisəli məsələləri özlərinin həll etməsinə” dəstək verir.
Digər tərəfdən, İrəvanda bir çoxları bu yanaşmanı da problemli hesab edir. Onların fikrincə, bu, tərəfləri üz-üzə qoyur və onların “çəki kateqoriyaları” fərqlidir. Bu mənada kök salmış düşüncəyə görə, Brüssel “zirvəsi” Ermənistanın hərbi-siyasi potensialını artırmır, sadəcə olaraq “profilaktik” rol oynayır. Lakin bu format sabah daha fərqli ola bilər.
“Inosmi.ru” ABŞ mətbuatından prezidentliyə namizəd Trampın yaxın çevrəsindən sızan məlumatı ötürür. Həmin məlumata əsasən, Tramp deyib ki, o, prezident seçilərsə, “Kiyev Krım və Donbasla bağlı ambisiyalarına son qoymağa məcbur olacaq və eyni zamanda Rusiya-Ukrayna müharibəsi də dayanacaq”. Təbii ki, bunun Trampa qarşı təbliğat olması da istisna edilmir. Digər tərəfdən, Konqresin respublikaçı çoxluğunun Ukraynaya növbəti hərbi yardım paketinin qəbulunu sabotaj etməsi, nəticədə cəbhədəki təşəbbüsün Rusiyaya keçməsi reallıqdır.
Əgər fors-major olmasa və ya kimsə rəsmi İrəvanın “əllərini burmasa” (bunun ehtimalı demək olar sıfıra bərabərdir), o zaman ilin sonuna kimi Ermənistan-Azərbaycan sənədi imzalanmayacaq. ABŞ-Avropa İttifaqı-Ermənistan “sivilizasiya formatı”nın institusionallaşmış olub-olmamasını dəqiq qiymətləndirə bilmək lazımdır.
İndiki məqamda bu barədə ciddi düşünmək lazımdır, habelə diplomatik gərgin iş bir dəqiqə belə dayanmamalıdır. Daha bir məqama diqqət yetirməliyik: nə ABŞ, nə də Avropa İttifaqı Rusiya ilə qarşıdurmanın “əlavə yükünü” öz üzərinə götürmək niyyətində deyil və Ermənistanda Rusiya ilə birbaşa toqquşmadan yayınmaq imkanları sürətlə tükənir.
Asif Cəfərov
Ordu.az