Ermənistan TŞ-nin təcili iclasında İrana qarşı qərarlar qəbul olunub?

2024/04/1713256993.jpg
Oxunub: 4650     15:39     16 Aprel 2024    
Ötən gün Ermənistan mətbuatında Nikol Paşinyanın Təhlükəsizlik Şurasının təcili iclasını çağırması barədə məlumat yayılıb.

Bu məlumat təsdiqlənməsə də, təkzib də edilməyib. Ermənistan Təhlükəsizlik Şurasının təcili iclası ilə bağlı məlumat Mehridən alınan xəbərlə müşayiət olunub. Belə ki, “Ural”ın qəzaya uğraması nəticəsində 4 erməni hərbi qulluqçu ölüb, 20 erməni hərbi qulluqçu isə yaralanıb. Paşinyan hökuməti baş verənlərdə “başqa” motivlər axtarmağa çalışır? Bu, Paşinyan hökumətinin istənilən hadisədən qorxuya düşdüyünə, risk ehtimalını yüksək dəyərləndirdiyinə işarədir.

Lakin eyni zamanda aprelin 12-də daha bir hadisə baş vermişdi. Bu, İrəvandakı bir sıra məktəblərdə terror aktının planlaşdırılması ilə bağlı saxta xəbər idi. Ermənistanda bənzər xəbərdarlıqların olması dəfələrlə müşahidə edilib, hüquq-mühafizə sisteminin reaksiyası “sınaqdan keçirilib”. Ermənistan hökumətinin daxili narazılıqların başqa istiqamətə yönləndirilməsi üçün “terror” hədəsindən istifadə məntiqini rəhbər tutacağı da istisna edilməməlidir.

Əlbəttə, Ermənistan Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsinə, məsələn, İran ətrafındakı vəziyyətlə bağlı daha geniş hərbi-siyasi amillərin səbəb olduğu istisna edilmir. İran ətrafındakı vəziyyət bundan ibarətdir ki, İsrailə vurulacaq zərbə məsələsi və bu zərbənin gücü artıq beynəlxalq səviyyədə demək olar ki, açıq şəkildə müzakirə olunurdu. Hətta İrana zərbədən yayınmamağı, lakin böyük regional müharibə dalğasına səbəb olacaq şəkildə zərbə endirməməyi tövsiyə etdikləri barədə məlumatlar da var idi. Nəhayət, İran ətrafında yaranmış vəziyyət Ermənistanın sərhəddə həyata keçirdiyi və getdikcə intensivləşən təxribatları, habelə Avropa ilə yaxınlaşma fonunda daxili vəziyyətə xeyli təsir edə bilər ki, Paşinyan da bunu yaxşı anlayır.

Bir tərəfdən görünən odur ki, Qafqazda vəziyyət tədricən kifayət qədər yüksək gərginlik həddinə yaxınlaşır. Yeri gəlmişkən, bəlkə də qeyd etmək lazımdır ki, 2020-ci ilin müharibə ili də İran ətrafında kəskin proseslər və Yaxın Şərqdə vəziyyətin gərginləşməsi ilə başlayıb. Qafqaz böyük Yaxın Şərqin təhlükəsizlik “hövzəsində” bir regiondur, ona görə də əlaqə və qarşılıqlı təsir heç də nəzəri deyil. Başqa bir məsələ budur ki, getdikcə hibridləşən dünyada qarşılıqlı təsirin təzahürləri “görünməz” ola bilər.

Bənzər məsələlərdə öz xüsusi, ambisioz ritorikası ilə seçilən Ermənistan İranla bağlı fərqli qərarlar verə, açıq şəkildə desək, son Brüssel görüşündə üzərinə götürdüyü öhdəlikləri həyata keçirə, İrana qarşı plasdarm roluna razılıq verə bilər.

Habelə əsas məsələlərdən biri odur ki, müasir dünyada təcavüzün hibrid xarakteri, hibrid texnologiyaların sürətli inkişafı problemlər yaradır. Bu problemlər hər hansı bir sərhəd təxribatı şəklində ifadə olunmaya, müəyyən məqsədlərə (Aİ müşahidəçiləri fonunda) xidmət edə bilər. Həmin məqsədlər isə hər hansı bir sərhəd əməliyyatının və ya sabitliyin pozulmasının siyasi və geosiyasi motivlərinin generatoru ola bilər.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan     İran  


Bizi "telegram"da izləyin