Nigerdən indi də ABŞ-yə veto: Saheldəki ən strateji baza olan “Air Base 201” çıxarılacaq?

2024/04/2024--1712656817.jpg
Oxunub: 428     17:34     09 Aprel 2024    
Bu yaxınlarda Amerika Birləşmiş Ştatlarının (ABŞ) Afrika Komandanlığının (AFRICOM) komandiri general Maykl Lenqli (Michael Langley) diplomatik protokol qaydalarına və təcrübələrinə zidd olaraq Nigerə səfər edib. AFRICOM nümayəndə heyətinin Niger rəhbərliyinə nə vaxt, hansı gündəmlə və kimlərin səfər siyahısında olacağı barədə məlumat vermədən gəlişi rəhbərlikdə narahatlığa səbəb olub. Buna görə də AFRICOM-un səfərindən sonra Niger administrasiyası ABŞ ilə müqavilələrini ləğv etmək qərarına gəlib.

ABŞ-nin Saheldəki mövcudluğu təhlükə altındadır

ABŞ-nin qitədəki ən böyük hərbi bazalarından biri olan Pilotsuz Uçuş Aparatı (PUA) bazası Nigerin Aqaden şəhərində yerləşir. Bu baza Sahel bölgəsi üçün də böyük əhəmiyyət kəsb edir. Son dövrdə Fransanın Niger və regionun bəzi bölgələrindən qovulmasından sonra eyni vəziyyətin bir gün ABŞ üçün də yaşanıb-yaşanmayacağı müzakirə olunub. Bu gün Niger və ABŞ arasındakı razılaşmanın “dərhal ləğvi” ABŞ-nin Saheldəki mövcudluğunun və əməliyyatlarının risk altında olduğunu göstərir.

Lakin ABŞ-nin bu tələbə yanaşması da çox önəmlidir. ABŞ tərəfindən ehtiyatlı bəyanatlar verilsə də, onların mövqeyi hələ də bəlli deyil. Bu kontekstdə ABŞ-nin reaksiyası bazanın gələcəyi, mövcudluğunun bölgədə terrorla mübarizə çərçivəsində harada və necə mövqe tutacağı baxımından əhəmiyyətlidir. Niger rəhbərliyi tərəfindən qəbul edilən bu qərar 2023-cü ilin iyulunda Nigerdəki çevrilişdən sonra Saheldəki ən strateji baza olan “Air Base 201” adlı PUA bazasının varlığını aradan qaldırır.

Bu vəziyyəti ABŞ-nin regional mövcudluğu üçün geriləmə kimi xarakterizə etmək olar. Bu proses Rusiyanın Saheldə mövcudluğunu artırmaq cəhdləri ilə birlikdə nəzərdən keçirildikdə, Qərbin Saheldə təsirinin azalması kimi şərh edilə bilər. Ümumilikdə bölgəyə nəzər salsaq görərik ki, Afrikada, xüsusilə Saheldə yeni dövrdə Niger, Mali və Burkina-Faso ittifaqı daha kəskin şəkildə ayrılır.

Beynəlxalq güclər Afrikada künc tutma oynayır

Bölgədə beynəlxalq güclər arasında künc tutma yaşanması mümkün ola bilər. Xüsusilə, Rusiyanın hərbi və enerji ilə bölgədəki varlığını artırmaq, İranın isə enerji əməkdaşlığı ilə bölgədəki varlığını artırmaq cəhdləri bir müddətdir diqqəti cəlb edir. Rusiya uzun illərdir ki, Afrikada daimi aktor olmaq üçün səy göstərir. Buna görə də Rusiyanın fəaliyyəti Yevgeni Priqojinin ölümünə qədər “Vaqner” və sonrakı prosesdə tədricən “African Corps” vasitəsilə davam edir.

Digər tərəfdən, 2024-cü ilin yanvarında İran və Niger arasında iqtisadi, siyasi və səhiyyə sahələrində imzalanan əməkdaşlıq müqavilələri də diqqət çəkir. Əslində, İranın uran baxımından mühüm qaynaqlara malik olan Nigerlə əməkdaşlığı artırmaq istəməsi mümkün görünür. Bu məqamda səhiyyə sahəsində razılaşmalar diqqət çəkir. Nüvə təbabəti kontekstində müxtəlif fəaliyyətlərin həyata keçirilməsi və bununla bağlı əməkdaşlıqlar İran üçün çox önəmlidir.

Qitədə böyük sərmayələr qoyan Çinlə yanaşı, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xüsusilə son 2 ildə Afrikada investisiya öhdəlikləri diqqət çəkib. Son 2 ildə BƏƏ-nin qitədə investisiya vədləri Çini üstələyib. Çinin 2022 və 2023-cü illər üçün investisiya öhdəlikləri müvafiq olaraq 2,8 və 25,9 milyard dollar olduğu halda, BƏƏ-nin investisiyaları 44,5 və 52,8 milyard dollar olaraq önə çıxır. Bu kontekstdə BƏƏ-nin qlobal və regional güc mübarizəsində öz sahəsini genişləndirmək, qitənin resurslarına çıxış əldə etmək üçün müxtəlif ölkələrlə əlaqə qurmağa çalışması diqqət çəkir.

Bunlardan başqa Qərbi Afrikadakı nüfuzunun və ərazisinin azaldığını hakimiyyət mübarizəsində Şərqi Afrikaya üz tutmaqla kompensasiya etməyə çalışan Fransa da var. Uzun müddətdir qitədəki müstəmləkəçilik fəaliyyəti ilə bağlı olan Fransanın ambisiyaları həm Qərbi Afrikanı, həm Sahel qurşağını, həm də Şərqi Afrikanı yeni qeyri-sabitliyə doğru sürükləmək potensialına malikdir.

Türkiyə harada dayanır?

Son olaraq, qitənin müxtəlif ölkələrində potensial yaradan, təhlükəsizlik problemlərinə baxmayaraq stabilizator kimi legitim hökumətlərlə əməkdaşlıq edən, varlığı üçün Afrika xalqlarından dəstək alan, bənzərsiz modeli ilə qitədəki varlığını davam etdirən Türkiyə var. Görünən odur ki, Türkiyə Somali ilə əldə etdiyi son razılaşmadan sonra Afrika siyasətinin ikinci mərhələsinə qədəm qoyub.

Bu yeni mərhələdə Afrikada daha mikro və fokuslanmış siyasətlərlə irəliləyiş əldə etməsi gözlənilən Türkiyənin qitədəki qanuni hökumətlərlə ortaqlıq siyasəti ilə qarşılıqlı ehtiyaclara cavab verən hədəflərə fokuslanması mümkündür. Türkiyənin Afrika xalqından aldığı güc bölgədə gizli gündəmləri olan digər beynəlxalq güclərlə müqayisədə böyük bir üstünlük olaraq ortaya çıxır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Niger   ABŞ  


Bizi "telegram"da izləyin