Rusiyaya qarşı sanksiyalara qoşulan Ermənistan hansı nəticələri əldə edəcək? – ANALİZ

2024/01/1705654468.jpg
Oxunub: 493     20:01     03 Aprel 2024    
Ermənistanın tədricən anti-Rusiya sanksiyalar zəncirinə cəlb edilməsi, Qərbin və ABŞ-nin Rusiyaya qarşı tətbiq etdiyi məhdudiyyətlərə qoşulması artıq reallıqdır. İlk reaksiya Ermənistan bank sisteminin Rusiyanın “Mir” ödəniş sistemindən ayrılması oldu.

Məlumdur ki, bir bank istisna olmaqla, Ermənistan bankları martın 30-dan həmin sistemə xidməti dayandıracaqlarını bəyan ediblər. Bu, Ermənistanın Rusiyaya qarşı tətbiq edilən sanksiyalarda ilk birbaşa iştirakı olacaq. Bu, şübhəsiz ki, Ermənistanın maliyyə sistemi və ümumilikdə iqtisadiyyatı üçün nəticəsiz qalmayacaq. Ancaq görünür, hər şey bununla məhdudlaşmır.

Ermənistanın anti-Rusiya sanksiyalarında iştirakının getdikcə genişlənəcəyi gözlənilir. Bunun məcburi, yoxsa könüllü olacağının fərqi yoxdur, nəticələr ağır olacaq. Bütün bunlarla nə dərəcədə birbaşa əlaqəli olduğunu söyləmək çətindir, lakin son vaxtlar Rusiyanın iqtisadi kapitalının Ermənistanı tərk etməsi ilə bağlı söz-söhbətlər güclənib. Xüsusən də tanınmış iri müəssisələrdən birinin sökülməsindən və köçürülməsindən söhbət gedir.

Məlumata görə, söhbət dünya bazarında folqa istehsalı üzrə tanınmış, məhsulları demək olar ki, tamamilə ixrac olunan “Armenal” müəssisəsindən gedir. Bu, onilliklər ərzində Ermənistanda uğurla fəaliyyət göstərən tam Rusiya kapitallı şirkətdir. Geniş yayılmış məlumatlara əsasən, indi şirkət fabrikin avadanlıqlarını sökmək və başqa yerə köçürmək niyyətindədir. Bu o deməkdirmi ki, Rusiya iqtisadi kapitalı qorxulara malikdir və artıq Ermənistanda özünü təhlükəsiz hiss etmir?

Bu cür niyyətlər birbaşa mümkün sanksiyalarla bağlı ola bilər. Hər halda, bütün bunların altında nəyin gizlənməsindən asılı olmayaraq, bu, Ermənistan iqtisadiyyatı üçün son dərəcə pis siqnaldır. Ona görə yox ki, bir neçə yüz insan işini və əmək haqqı almaq imkanını itirəcək, iqtisadiyyat kifayət qədər ciddi istehsal və ixrac imkanlarından məhrum olacaq. Ona görə ki, bu, Ermənistanın iqtisadi mühitinə birbaşa təsir göstərəcək.

Xüsusilə bundan əvvəl Ermənistanın iqtisadiyyatında və maliyyə sistemində xarici kapitalı narahat edən hallar az olmayıb.

Məlum olduğu kimi, ilin əvvəlində, 30 illik uğurlu fəaliyyətindən sonra Britaniyanın nüfuzlu HSBC bankı Ermənistandakı aktivlərini satmağı və Ermənistanı tərk etməyi elan edib. Bunun üçün nə qədər səbəb və əsaslandırma göstərilsə də, fakt budur ki, ən böyük beynəlxalq bankın getməsi Ermənistan iqtisadiyyatının maraqlarına uyğun ola bilməzdi. “Armenal” kimi bir şirkətin sökülməsi də Ermənistan iqtisadiyyatının maraqlarına uyğun ola bilməz.

Bunlar xarici investorların Ermənistan iqtisadiyyatına inamına təsir etməyə bilməz. Bu inam onsuz da çox aşağıdır. Bunun iqtisadi vəziyyətdən tutmuş təhlükəsizlik məsələlərinə və investisiyaların qorunmasına qədər bir çox səbəbləri var.

Beləliklə, yüksək artım templəri ilə “qlobal nailiyyətlər” qeyd edən Ermənistan iqtisadiyyatının istehsal gücü azalır. Bir çox sahələrdə istehsal həcmi azalır, fabriklər bağlanır. İndi isə daha bir kifayət qədər böyük istehsal gücü bu prosesdən kənarda qalacaq. Bu, fəaliyyəti dayandırmaq, şirkəti satmaq, başqa investora vermək deyil, istehsal avadanlıqlarını sökmək və ölkədən çıxarmaq, istehsalı tamamilə başqa ölkəyə keçirməkdir.
Paşinyan hakimiyyətinin keçmiş strateji tərəfdaşı ilə münasibətlərdə etdiyi Ermənistan iqtisadiyyatına yaxşı heç nə vəd edə bilməz. Bu münasibətlərdə hər hansı bir gərginlik Ermənistan iqtisadiyyatına ziyan vuracaq. Gərgin bir vaxtda geosiyasi oyunlara daxil olmaq Ermənistanı təlatümlərə sürükləmək deməkdir.

Paşinyan hakimiyyətinin apardığı siyasət ona gətirib çıxarıb ki, həyati iqtisadi maraqlarına görə Rusiya iqtisadiyyatından asılı olan Ermənistan tədricən bu cür proseslərə cəlb olunur, bunların nəticələri isə özünü çox gözlədə bilməz.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya   Böhran  


Bizi "telegram"da izləyin