ABŞ-nin rəhbərlik etdiyi NATO Ankaranın təklif etdiyi oyun qaydalarını qəbul edəcək? – ANALİZ

2024/04/34543-1712133528.jpg
Oxunub: 557     17:37     03 Aprel 2024    
Türkiyə mətbuatı Prezident Ərdoğanın mayın 9-da Vaşinqtona səfərini açıqlayıb. Bu səfərin Ərdoğanın Baydenin ABŞ Prezidenti seçilməsindən sonra ABŞ-yə ilk rəsmi səfəri olduğu vurğulanır. Məlumatlara görə, Türkiyə ABŞ-də 155 mm çaplı artilleriya mərmilərinin istehsalına başlaya bilər. Bunlara ehtiyac xüsusilə Ukraynada kəskindir. Ukraynada sursat ehtiyatı hazırda Rusiyanın xeyrinə 1/5 şəklindədir.

Ankara Vaşinqtonla İraq və Suriyanın şimalında antiterror əməliyyatına başlamaq məsələsini də müzakirə edə bilər. Türkiyə prezidenti bəyan edib: “Başqa ölkələrin münasibətinin necə olmasından asılı olmayaraq, Ankara öz qonşuluğunda terror dövlətinin yaradılmasına imkan verməyəcək”. Söhbət Suriyanın şimal-şərqindəki faktiki YPG idarəçiliyi altında olan bölgədən gedir. Ekspert dairələrində də qəbul edildiyi kimi, bu bölgə ABŞ tərəfindən dəstəklənir.

Bu fonda professor Salih Yılmaz “Anadolu” Agentliyinə yazdığı bir müəllif məqaləsində çox əhəmiyyətli bir müşahidə təqdim edib. Yılmazın sözlərinə görə, ABŞ Rumıniyanın Kostanitsa şəhəri yaxınlığında Ramşteyni bütün parametrlərdə üstələyəcək yeni NATO hərbi bazası qurur.

Türkiyəli siyasi şərhçinin qiymətləndirməsinə görə, ABŞ Rumıniyada Cənub-Şərqi Avropada NATO qüvvələrinin idarə olunması üçün komanda mərkəzi yaradır, Qərbdə Ukrayna böhranının yaxın gələcəkdə həll olunmayacağına inanırlar, ona görə də uzunmüddətli hərbi logistikanı təmin etmək üçün qüvvələri Rumıniyada cəmləşdirirlər. Türkiyəli politoloq bildirir ki, bu müəssisələr Rusiyaya, Türkiyəyə və ABŞ-yə müxalif siyasət yürüdən Şərqi Avropa ölkələrinə nəzarət etmək üçün yaradılır.

O, həmçinin hesab edir ki, Şərqi Avropada NATO-nun yeni hərbi bazasının yerləşdirilməsi üçün ölkə kimi Rumıniya Moldova və Dnestryanıya yaxınlığına görə seçilib, çünki Birləşmiş Ştatlar gələcəkdə Moldova ilə Rumıniyanın birləşdirilməsinə çalışır. Bu məntiqə görə, ABŞ strateji perspektivdə Türkiyənin Qara dəniz ambisiyalarını məhdudlaşdırmaq problemini həll edir. Rusiya halı özlüyündə anlaşılandır, ancaq axı Türkiyə NATO üzvüdür və Şimali Atlantika Alyansı həqiqətən də vahiddirsə, Qara dənizdə Türkiyənin təsirinin möhkəmlənməsi, müəllifin təqdim etdiyi kimi, ABŞ və ya Frananı narahat etməməlidir.

Lakin Türkiyənin son illərdə kifayət qədər iddialı münasibəti Ankaranın Qara dəniz hövzəsində Rusiya ilə fundamental məsələlərdə əməkdaşlıq edən müstəqil aktor ola biləcəyi qorxusuna səbəb olur.

Əgər Qara dənizin və Şərqi Avropanın geosiyasi əhəmiyyəti məsələsində Vaşinqtonun həqiqətən də Ankaranın təsirini məhdudlaşdırmaq və Rusiya ilə bərabər səviyyədə ona nəzarət etmək vəzifəsi varsa, bu yaxınlarda Bursada keçirilən mitinqdə Türkiyə Prezidentinin onun layihələrinin Qafqazda da maneələrlə üzləşməsi ilə bağlı səsləndirdiyi fikir bəlkə də geniş Qara dəniz-Xəzər regionunda rəqabət baxımından dəyərləndirilə bilər.

Xüsusilə Rusiya da öz növbəsində Qərbin Cənubi Qafqaz və Mərkəzi Asiyadakı təxribatçı addımları ilə bağlı həyəcan təbili çalır. “Krokus Siti Hol”dakı terror aktından sonra Rusiya ABŞ F-16 qırıcılarının “harada olurlarsa-olsun, qanuni hədəf olacağını” bildirib. Rusiyalı hərbi ekspertlər “taktiki nüvə başlıqları ilə silahlanmış “Sarmat” raketlərindən istifadənin yüksək ehtimalına” işarə edirlər. Moskva Türkiyənin ABŞ-də artilleriya mərmilərinin istehsalını təşkil etməsi ilə bağlı məlumatı hələlik rəsmi şəkildə şərh etməyib.

Siyasi nizamlanmalar “pəncərəsi açılmasa” (bunun ehtimalı isə son dərəcə aşağıdır), Türkiyənin İraq və Suriyanın şimalında elan etdiyi antiterror əməliyyatı Yaxın Şərqdə genişmiqyaslı müharibəyə çevrilə bilər, bu da Qara dəniz-Xəzər regionunda partlayacaq. Türkiyə “özününkülərin içərisində yad” olaraq qalacaq, yoxsa ABŞ-nin rəhbərlik etdiyi NATO Ankaranın təklif etdiyi oyun qaydalarını qəbul edəcək?

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   NATO   Ankara  


Bizi "telegram"da izləyin