Bundan əvvəl Vaşinqton Rusiyaya terror aktları ehtimalının yüksək olması barədə məlumat vermə reallığını açıqlayıb. Bundan başqa, Dövlət Departamenti də ABŞ-nin Moskvadakı səfirliyinin ABŞ vətəndaşlarını mümkün qədər kütləvi tədbirlərdə iştirakdan çəkinməyə çağıran iki bəyanatına istinad edərək, bu məlumatı təsdiqləyib.
Moskva hesab edir ki, Vaşinqton “Krokus Siti Hol”da terror aktı təşkil etməyin oxlarını İŞİD-ə yönəldərək, Ukraynanı sığortalamağa çalışır. Terrorizmin “Ukrayna trayektoriyası fərziyyəsi” artıq demək olar ki, rəsmi şəkildə “təsdiqlənib”. Moskva hətta Ukrayna hakimiyyətindən terrorizmi təşkil etməkdə şübhəli bilinən şəxslərin həbs edilməsini, həlak olanlara və onların ailələrinə təzminat ödənilməsini tələb edib.
Bütün bunların fonunda “New York Times” diqqətəlayiq bir material nəşr edib. Materiala əsasən, bu yaxınlarda İspaniyada “naməlum şəxslər” Mİ-8 döyüş helikopteri ilə ötən yay Ukrayna tərəfinə keçən Maksim Kuzminovu vəhşicəsinə öldürüblər. O, Ukraynadan İspaniyaya köçüb və tək yaşayıb. Kuzminov “Makarov” tapançasından açılan 6 atəş nəticəsində öldürülüb, sonra isə onun cəsədi qəzaya düşmüş avtomobilə qoyulub. İspaniya polisi hesab edir ki, “baş verənlər qisasdır”.
Bu fərziyyəyə əsas kimi ispanlar Kuzminovun qaçmasından sonra Rusiya dövlət televiziyasında yayımlanan proqrama istinad edirlər. Proqramda iştirak edən keçmiş xüsusi təyinatlılar “yerin altında olsa belə, onu tapacaqlarına və vətən xaini kimi cəzalandıracaqlarına” inandırıblar. Kuzminovu öldürən iki nəfər hələ də tapılmayıb. “New York Times”ın məlumatına görə, kameralar öldürmə və cəsədin qəzaya düşməsi hərəkətlərini qeydə alsa da, “cinayətkarlar papaqlı yağış paltarları və maskalar geyiniblər”.
Nüfuzlu ABŞ nəşrinin materialı, görünür, sadə bir işarədir ki, istək olarsa, Rusiyanın xüsusi xidmət orqanları nəinki kəşfiyyat məlumatları əldə etməyi, həm də “intiqam əməliyyatları təşkil etməyi” bacarırlar. Yəni belə çıxır ki, Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti, Xarici Kəşfiyyat Xidməti, Baş Qərargahın Baş Kəşfiyyat İdarəsi və digər güc strukturlarının Moskvada hazırlanan terror aktı ilə bağlı məlumatı olmalı idi.
2016-cı ildə Rusiyanın Ərdoğana silahlı iğtişaş və onun təyyarəsinə hücumla bağlı xəbərdarlıq etdiyini heç kim unutmayıb. Rusiya xüsusi xidmət orqanlarının peşəkarlığı bütün dünyada tanınır. Siyasi fikir ayrılıqlarının ortasında belə, onlar digər ölkələrin oxşar strukturları ilə qapalı əlaqə kanallarını saxlamağa davam edirlər. “Krokus Siti Hol” terror aktı niyə istisna olub? Əgər Vaşinqtonun xəbərdarlığını, Rusiya Prezidentinin təqdim etdiyi kimi, “yanlış istiqamətləndirmə” hesab etmək olarsa, o zaman İran haqqında nə demək olar?
Moskva Tehranın da dürüstlüyünə şübhə edib? Maksim Kuzminovdan amansız və nümayişkaranə intiqam Rusiya xüsusi xidmət orqanlarının çox yüksək peşəkar səviyyədə qaldığını sübut edir. Bəs Moskvadakı terror aktından əvvəl niyə “yatıblar”?
Asif Cəfərov
Ordu.az