O, 1977-ci ildə Moskva metrosunda ASALA terrorçularının təşkil etdiyi partlayışları xatırladıb. Eyni şeyi Rusiya Müdafiə Nazirliyi ilə sıx əlaqədə olan “Dojd” telekanalı da vurğulayıb.
Martın 23-də İlham Əliyevlə Vladimir Putin arasında gün ərzində ikinci dəfə telefon danışığı olub, söhbət zamanı terrorçuluğa qarşı mübarizədə tərəflərin səylərini birləşdirməyə hazır olduqları vurğulanıb. Bir neçə saat sonra Rusiya KİV-ləri yekdilliklə yazıb ki, Moskva-İrəvan reysi gecikir, sərnişinlərdən biri əl çantasında bomba olduğunu bildirib.
Bir neçə saatdan sonra Ermənistanda qumbaraatanlarla silahlanmış 3 nəfər Nor Nork polis bölməsinə daxil olub. Ermənistan Milli Təhlüksizlik Xidməti onlardan birini zərərsizləşdirə bilib, digər ikisi isə partlatdıqları qumbaralardan qəlpə yaraları ilə xəstəxanadadır. Martın 25-də Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti hazırlanan terror aktının qarşısının alınması və iki nəfərin həbs edilməsi ilə bağlı məlumat yayıb.
DTX bununla bağlı video da yayıb. Videoda Bəhruz Əskərov və Aslan Qurbanov dindirilir. Rəsmi açıqlamaya görə, Bəhruz Əskərov Azərbaycan vətəndaşıdır, lakin Rusiyanın Murmansk şəhərində yaşayıb. Məlumata görə, o, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısına sui-qəsdi planlaşdırıb.
Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) açıqlamasında qeyd olunub: “Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılmış araşdırmalar zamanı Azərbaycan Respublikasının vətəndaşı, Rusiya Federasiyasının Murmansk şəhərində yaşamış, 1988-ci il təvəllüdlü Əskərov Bəhruz Əliməmməd oğlunun digər şəxslərlə əlaqəyə girərək ölkə ərazisində ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan hərəkətləri etməklə müşayiət olunan terror aktı törətməyə hazırlıq görməsinə əsaslı şübhələr yaranmışdır”.
Bəhruz Əskərov və həbsdə olan Aslan Qurbanov arasında əldə olunmuş telefon danışığının səs yazısı çox şeydən xəbər verir. Orada Əskərov Qurbanova bildirib ki, işi təşkil etmək üçün o, Livana getməli, erməni lobbisinin nümayəndələri ilə görüşməlidir, bu iş onları da maraqlandırır. Azərbaycan region ölkələri ilə danışıqlar da bu məsələyə diqqət çəkib. Məsələn, Ceyhun Bayramov Rusiya xarici işlər naziri ilə telefon danışığı zamanı Azərbaycanı terrorun təsirinə məruz qalan ölkə adlandırıb.
Ötən ilin noyabrında Rusiya Təhlükəsizlik Şurasının katibi Patruşev Bakıda olub, tərəflər informasiya təhlükəsizliyi sahəsində əməkdaşlıq memorandumu imzalayıblar. Bir neçə gündən sonra Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Narışkin Bakıda olub.
Erməni terrorçuların Rusiyada partlayışlar törətməsi, Azərbaycana qarşı soyqırımı cinayətlərində iştirak etməsi danılmaz faktdır. Bu baxımdan, təsadüfi deyil ki, “Krokus Siti Hol” terror aktından iki gün sonra Livanda erməni lobbisinin sifarişi ilə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısına sui-qəsd məsələsinin üstü açılır.
Aqil Məmmədov
Ordu.az