Ermənistan Azərbaycana qarşı hərbi təxribat tətbiq edə və hücum həyata keçirə bilərmi? Beynəlxalq sistem nə düşünür?

2024/03/1710582350.jpg
Oxunub: 429     15:34     16 Mart 2024    
Ermənistan yaxın gələcəkdə Azərbaycana qarşı hərbi təxribat tətbiq edə və hücum həyata keçirə bilərmi? Müntəzəm olaraq qaldırılan bu sual Ermənistan hərbi-siyasi rəhbərliyinin qondarma “31 kənd” iddiası ilə bağlı bəyanat yaymasından sonra yenidən daha aktiv şəkildə müzakirə edilir.

Üstəlik, həmin bəyanatlar ona görə daha diqqətçəkici idi ki, bu, Azərbaycan və Ermənistan Baş nazir müavinlərinin - demarkasiya məsələləri üzrə komissiyaların sədrlərinin görüşündən sonra verilib. Əslində İrəvanın bəyanatlarında yeni heç nə görünmür, çünki Ermənistanın işğalçılıq siyasətindən imtina etmədiyi çoxdan məlumdur. Üstəlik, Ermənistanın Müdafiə naziri isə bəyan edib ki, hərbçilərə atəş açmamaq barədə göstəriş verilməyib.

Eyni zamanda, Paşinyan da buna qədər bənzər bəyanatlar verib. İrəvan Paşinyanın bu mövqeyini inkişaf etdirərək, əsassız iddialarını xarici işlər naziri səviyyəsində də təkrarlayıb. Azərbaycan isə sülh danışıqlarının aparıldığı bir vaxtda vəziyyəti gərginləşdirməmək üçün eksklavların ilkin şərt olmadan verilməli olduğunu, qalan məsələlərin isə demarkasiya və delimitasiya prosesində müzakirə olunmalı olduğunu ifadə edib.

Müzakirələrin əsas mənzərəsinin necə olduğunu, ictimai bəyanatların formalaşdırdığı mənzərəyə nə dərəcədə ekvivalent olduğunu demək çətindir, lakin ictimai təəssürat ondan ibarətdir ki, Ermənistan qondarma “31 kənd” məsələsini qızışdırmaq və bu yolla hərbi təxribat zəminini, belə demək mümkündürsə, obyektivləşdirmək fəaliyyətinə gedir. Bununla bağlı beynəlxalq mövqeyin olmaması narahatvericidir.

Məsələn, fevralda Ermənistanla Azərbaycan arasında yüksək səviyyədə və xarici işlər nazirləri səviyyəsində görüşün təşəbbüskarı olan Almaniya bu barədə nə düşünür? Berlin Ermənistanın əsassız iddialarını konstruktiv hesab edirmi? Almaniyanın himayəsi altında keçirilən görüşlərdə belə bir vurğu səslənibmi? Bəs digər beynəlxalq aktorlar?

Burada rusların mövqeyi kifayət qədər aydındır, onlar müntəzəm olaraq bəyan edirlər ki, bütün məsələlərin həlli üçtərəfli sənədlərdir, sərhədlərin demarkasiyası məsələlərinin həllinin “açarları” isə Rusiya Baş Qərargahının arxivindədir. Bu mövqe məqbuldur, təhlükə və imkanların hansı nisbətinə malik olduğu başqa sualdır, amma şübhəsiz ki, bu, hələlik ən aydın və ən sadə mövqedir.

Digər platformalar isə böyük bir nisbilik payına malikdir. Ermənistan da məhz bu “nisbilik”lə oynayır. İrəvanın ekspansionist ambisiyalarına, eləcə də şantaj metodologiyasına obyektiv reaksiya verilməməsi əslində bu metodologiyanın ən azı səssiz təşviqinə çevrilir. Bu yolla Ermənistan bütün Qarabağı 30 ilə yaxın müddət ərzində işğal altında saxladı, indi isə ən azı “31 kənd” iddiası ilə çıxış edir.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Təxribat  


Bizi "telegram"da izləyin