Xocalı soyqırımının 32-ci ildönümü Ankarada silsilə tədbirlərlə anılıb - FOTOLAR

2024/02/ece20-1708966276.jpg
Oxunub: 213     20:17     26 Fevral 2024    
Xocalı soyqırımının 32-ci ildönümü Türkiyənin paytaxtı Ankarada silsilə tədbirlərlə anılıb.

Ordu.az xəbər verir ki, Azərbaycanın Türkiyədəki Səfirliyinin və Ankaranın Keçiören rayon bələdiyyəsinin təşkilatçılığı ilə Kalaba Türk Dünyası Meydanda keçirilən anım proqramında Türkiyədə akkreditə olunmuş diplomatik korpus təmsilçiləri, millət vəkilləri, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Anma proqramı şəhidlərin xatirəsinə bir dəqiqəlik sükut, Azərbaycan və Türkiyənin dövlət himnləri ilə başlayıb. Daha sonra soyqırım qurbanları üçün Qurani-Kərim oxunub.

Keçiören bələdiyyəsinin sədri Turqut Altınok açılış çıxışında Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyi zaman azərbaycanlılara qarşı dünyanın gözü önündə həyata keçirdiyi etnik təmizlik siyasətindən danışıb, sonunda tarixi ədalətin bərpa olunduğunu, şəhidlərin ruhunun şad olduğunu vurğulayıb.

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Xocalı soyqırımına beynəlxalq arenada layiqli qiymət verilmədiyini, soyqırım törədənlərin cinayət məsuliyyətinə cəlb edilmədiyini təəssüflə qeyd edib, dünyada hökm sürən ikili standartları vurğulayıb. Səfir işğala, soyqırıma məruz qalmış Azərbaycan xalqının yanında olan Türkiyənin və Türk Dövlətləri Təşkilatının rolunu qeyd edib, “Xocalıya Ədalət” kampaniyası barədə məlumat verib.

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun sədri Aygün Attar çıxışında ermənilərin tarixən türklərə qarşı törətdiyi qırğınlardan danışıb, Azərbaycan torpaqlarına köçürülən ermənilərin etnik mənsubiyyətinə görə azərbaycanlılara qarşı soyqırım törətdiyini ifadə edərək Xocalıda tapılan kütləvi məzarlar barədə məlumat verib.

Ankara Universitetinin rektoru Nəcdət Ünüvar Xocalı soyqırımının 32 ildir ki, Azərbaycanla yanaşı Türkiyənin də qanayan yarası olduğunu ifadə edib.

Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım çıxışında Xocalı soyqırımının miqyasına toxunub, Qərb dövlətlərinin bu soyqırıma münasibətdə səssiz qalmasını tənqid edib.

Proqramın sonunda Kalaba Türk Dünyası Meydanında yerləşən Xocalı abidəsi önünə çiçəklər qoyulub.

Daha bir tədbir Azərbaycanın Türkiyədəki Səfirliyinin və Ankaranın Kızılcahamam rayon bələdiyyəsinin birgə təşkilatçılığı ilə Xocalı muzeyində baş tutub.

Kızılcahamam bələdiyyəsinin sədri Süleyman Acar açılış çıxışında 32 il keçməsinə baxmayaraq Xocalı soyqırımının unudulmadığını və unudulmayacağını qeyd edib. Bələdiyyə sədri Kızılcahamam ilə Xocalının qardaş şəhərlər olduğunu və aralarındakı bağların daha da möhkəmlənəcəyini vurğulayıb

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov çıxış edərək Xocalı soyqırımının Türkiyədə xatırlanmasının önəmini vurğulayıb, bəşəriyyətə qarşı törədilmiş bu qanlı cinayətin dünya miqyasında tanınmasına çağırış edib.

Anma tədbirinin sonunda Xocalı abidəsi önünə çiçək qoyulub və Xocalı muzeyi ziyarət edilib.

Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupu və Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun birgə təşkilatçılığı ilə Türkiyə Böyük Millət Məclisində (TBMM) keçirilən anma tədbirində Türkiyədən millət vəkilləri, Azərbaycanın Türkiyədəki Səfirliyinin kollektivi, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edənlər Xocalı soyqırımının mahiyyəti barədə danışaraq soyqırım cinayətini törədənlərin ədalət mühakiməsinə çıxarılmasının zəruriliyini vurğulayıblar.

Tədbir çərçivəsində TBMM-də Xocalı soyqırımını əks etdirən fotolar sərgilənib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Xocalı-soyqırımı   Ankara  


Bizi "telegram"da izləyin