Sahibə Qafarova İraq Nümayəndələr Şurasının sədri ilə görüşüb - FOTOLAR

2024/02/4e597-1708620805.jpg
Oxunub: 321     20:37     22 Fevral 2024    
Fevralın 22-də Milli Məclisin sədri Sahibə Qafarova Asiya Parlament Assambleyasının (APA) 14-cü plenar sessiyasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan İraq Respublikası Nümayəndələr Şurasının sədri Möhsin Əli Əkbər Əl-Mandalavi ilə görüşüb.

Ordu.az xəbər verir ki, qonağı salamlayan Milli Məclisin sədri plenar sessiyada müzakirə olunan mövzuların müasir dövrdə bəşəriyyəti narahat edən məsələlərin həllinə xidmət edəcəyinə inamını ifadə edərək, tədbirin təşkilata üzv ölkələr arasında əməkdaşlığın möhkəmlənməsinə də töhfə verəcəyini bildirib.

Azərbaycan və İraq arasında münasibətlərin xalqlarımızın ortaq dini və mədəni dəyərlərinə söykəndiyini bildirən Sahibə Qafarova deyib ki, Azərbaycan və İraq BMT-də, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında hər zaman qarşılıqlı dəstək nümayiş etdirirlər.

Görüşdə qanunverici orqanlarımız arasında həm ikitərəfli əsasda, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın önəmi diqqətə çatdırılıb. Bu mənada, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin mühüm platforma olduğu qeyd edilib.

İraq Nümayəndələr Şurasının sədri plenar sessiyanın uğurlu təşkilatçılığı və APA-ya sədrliyin Azərbaycana keçməsi münasibətilə təbriklərini çatdıraraq, bu təşkilat çərçivəsində əməkdaşlığın əhəmiyyətini qeyd edib. O, ölkəsinin Azərbaycanla münasibətləri daha da möhkəmləndirməkdə maraqlı olduğunu söyləyərək, əməkdaşlığımızı genişləndirmək üçün yaxşı imkanların mövcudluğunu qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Azərbaycan   İraq  


Bizi "telegram"da izləyin