ABŞ tərəfi bəyan edir ki, Rusiya hərbi təyyarəsi “təsadüfən” PUA-nı vurub və bu, qəsdən edilmiş hücum deyil. Məsələ ondadır ki, əvvəlcədən düşünülmüş zərbə fərziyyəsi irəli sürülsəydi, Vaşinqton bundan irəli gələn müvafiq tədbirlər görməli olacaqdı. Bu isə münaqişə vəziyyətinin daha da gərginləşməsi deməkdir. Eyni zamanda, bu hadisəni də bir neçə gün əvvəl “Şimal axını” qaz kəmərinin partladılmasının ABŞ-ın xüsusi əməliyyatı olması ilə bağlı ortaya çıxan məlumat fonunda nəzərdən keçirmək lazımdır. Məlumatı məşhur amerikalı publisistlərdən biri, “Pulitzer” mükafatı laureatı, araşdırmaçı jurnalist Seymur Herş yayıb.
Herş məsələ ilə bağlı israr etsə də, Vaşinqton iddiaları təkzib edib. Bundan bir neçə gün sonra ABŞ mətbuatında qaz kəmərinin partlamasını ukraynalıların törətdiyi barədə məlumat yayılıb. Rusiya, ABŞ-ın məsuliyyətdən yayınmaq üçün bənzər məlumatlar yaydığını, lakin beynəlxalq araşdırma aparacaqlarını bəyan edib. Məhz bu fonda Moskva Birləşmiş Ştatları öz əmlakına qarşı təxribatçı təcavüzdə ittiham edərkən, Qara dənizdə məlum hadisə baş verir, Rusiya təyyarəsinin müdaxiləsi nəticəsində ABŞ PUA-sı dənizə düşür. Bu, öz miqyasına görə böyük hadisə olmasa da, siyasi məzmununa görə kifayət qədər güclü hadisədir ki, bu da ABŞ-Rusiya “cəbhəsi”ndə eskalasiyanın nəzərəçarpacaq dərəcədə artmasının əhəmiyyətli risklərindən xəbər verir.
Baş verənlər fonunda Qafqazda eskalasiya riskinin yüksək olmasından danışılır. Bu çərçivədə, iki vəziyyətə diqqət yetirmək lazımdır. Bu barədə Paşinyan-Putin telefon danışığından, eləcə də Tbilisinin dövlət çevrilişinə cəhd kimi qiymətləndirdiyi Gürcüstanda baş verən məlum hadisələrdən sonra danışılır. Gürcüstanda baş verən proseslər hələlik baş tutmasa da, Ermənistan-Azərbaycan münaqişəsi ilə eskalasiya riskinin baş verəcəyi istisna edilmir.
Asif Cəfərov
Ordu.az