Gürcüstan regional hadisələrin unikal “episentri”nə çevrilir?

2023/03/1678357476.jpg
Oxunub: 4920     15:40     09 Mart 2023    
Ötən 2 gün ərzində Gürcüstanda çox gərgin etiraz aksiyaları yaşanıb. Rustaveli prospektində “xarici təsir agentləri” barədə qanun layihəsinə etiraz edən vətəndaşlara qarşı polis xüsusi tədbirlər görüb. Gürcüstan parlamenti ötən gün bunu birinci oxunuşda qəbul etsə də, layihəni geri götürməyə məcbur olub.

Layihə xaricdən maliyyələşən təşkilatların fəaliyyətinə aiddir. Gürcüstanda buna etiraz edən vətəndaşlar və qüvvələr bunu Rusiyanın sifarişi hesab edərək hökumətin Gürcüstanı Rusiyanın tabeliyinə apardığını bəyan edirdilər. Ən diqqətçəkən məqam isə martın 7-də ABŞ-da səfərdə olan Gürcüstan prezidenti Salome Zurabşivilinin də bunu praktikada bəyan etməsidir. O, Tbilisidə polislə etirazçılar arasında toqquşma xəbərindən sonra Nyu-Yorkda planlaşdırılan görüşlərini ləğv edərək Gürcüstan vətəndaşlarına müraciət etdi.

Zurabişvili qanuna veto qoyacağını bəyan etmişdi. Prezident hakim çoxluq haqqında belə sərt qiymətlər verirsə, deməli Gürcüstan kəskin daxili siyasi böhran astanasındadır. Şübhəsiz ki, Gürcüstanın daxili vəziyyətindəki gərginlik və böhran region üçün kifayət qədər həssas mövzudur. Problem ondadır ki, Gürcüstanın daxili siyasi vəziyyəti bəlkə də regional əhəmiyyətə malikdir və onun sabitliyinin pozulması regional sabitliyin pozulması riskini xeyli artıra bilər. Bəs Gürcüstanda sabitliyin pozulmasında kim maraqlı ola bilər? Təbii ki, bu zaman Qafqazda sabitliyin pozulmasında maraqlı olan qüvvələr və bundan faydalananlar ilk olaraq ağıla gəlir.

Digər tərəfdən sual yaranır ki, Gürcüstan hökuməti niyə bu məlum qanunun təşəbbüskarı olmaqla bu qüvvələrə fəaliyyət göstərmək imkanı verir? Bəlkə də, Gürcüstan hakimiyyəti sabitliyin pozulması bahasına olsa belə, lakin sonradan daha fundamental proseslərin qarşısını almaq üçün bu gərginliyin baş verəcəyini hesablamışdı. Onlar profilaktikaya getməklə vəziyyətə nəzarət imkanlarını artırmağa çalışıblar, yoxsa həqiqətən xarici təhdidlər qarşısında sabitliyi qorumağa çalışıblar? Hər zaman olduğu kimi, kifayət qədər suallar var.

Gürcüstan hökuməti bir neçə dəfə bəyan edib ki, Rusiyaya qarşı ikinci cəbhənin açılması ilə bağlı birbaşa müraciətlər alsalar da, bundan imtina ediblər. Həmçinin Gürcüstan bir tərəfdən Rusiya ilə onsuz da yaxşı olmayan münasibətləri gərginləşdirməmək üçün Rusiyaya qarşı sanksiyalara qoşulmayıb. Digər tərəfdən isə Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların təsirindən özünü sığortalamayıb. İstənilən halda Gürcüstan regional hadisələrin unikal “episentri”nə çevrilə bilər ki, bu da ölkəmizdən həddindən artıq diqqət tələb edir.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Gürcüstan   Etitaz  


Bizi "telegram"da izləyin