“Bir daha bildiririk ki, Ermənistan tərəfindən törədilə biləcək təxribatlara və bunun nəticəsində baş verəcək insan təlafatına görə bütün məsuliyyət rəsmi İrəvanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”, - deyə Azərbaycan MN-in açıqlamasında qeyd olunub.
Baş verənlər fonunda ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Münhen görüşündən sonra İlham Əliyev-Mişel-Paşinyan arasında yaxın günlərdə Brüsseldə görüş gözlədiklərini açıqlayıb. Mümkündür ki, Aİ-nin xüsusi nümayəndəsi Toivo Klaarın bir neçə gün əvvəl İrəvana, sonra isə Bakıya gəlməsi həmin görüşü təşkil etmək məqsədi daşıyıb. Üstəlik, Klaar Bakıya martın 5-də, ermənilərin təxribat həyata keçirdiyi gün gəlmişdi. Bu isə o deməkdir ki, Paşinyan və seperatçılar təxribatı planlaşdırarkən Aİ-nin xüsusi nümayəndəsinin səfərlərini sabotaj etmək niyyəti daşıyıb və bunun problemlər yaradacağından heç bir narahatçılıq keçirməyiblər. Üstəlik, bu zaman bölgəyə ilk regional səfərini edən ABŞ-ın Qafqaz danışıqları üzrə baş məsləhətçisi Luis Bono da Azərbaycanda idi. Əslində bu iki diplomatın səfərinə paralel təxribat törətməklə Paşinyan bunun problemlərə gətirib çıxaracağına şübhə etmirdi. Bununla bağlı əlavə açıqlamaların olması da Paşinyanın təxribatının uğursuzluğa dücar olduğunu göstərir.
Məsələn, Aİ-nin xüsusi nümayəndəsi Toivo Klaar baş verən erməni təxribatından sonra Çarlz Mişelin Paşinyanla İlham Əliyev arasında Brüssel görüşündən necə məmnun olacağından danışanda, bu, praktiki olaraq ermənilərə sillə effekti yaşadıb. Əks arqument isə belədir ki, sülh çağırışlarına adekvat qiymət verməyən erməni tərəfi təxribata əl atırsa, hər hansı görüş və ya təmas nəyə lazımdır? Lakin hər bir halda münasibətlərin nizamlanması üçün danışıqlardan imtina etmək doğru olmazdı. Bu, baş verənlər fonunda vaxt qazanmaq istəyən Ermənistanın istəklərinə uyğun olardı. Danışıqlara Makronu daxil edərək təxribatçı fəaliyyət nəticəsində onu dağıdan və vaxt qazanan Ermənistan bu dəfə dalana dirənib. Çünki Brüssel görüşü, əgər baş tutarsa, Fransanın iştirakı olmadan həyata keçiriləcək. Bu baxımdan, sırf səfərlər zamanı erməni təxribatlarının niyə baş verməsi qismən də olsa aydınlaşır.
Maraqlıdır ki, Luis Bono Bakıda İlham Əliyevlə görüşərkən, Paşinyan İrəvanda Fransa xarici işlər nazirinin xüsusi nümayəndəsini qəbul edirdi. Bütün bunların fonunda, yeri gəlmişkən, Bayden-Makron telefon danışığının “paralel” baş tutması da diqqəti cəlb edir. Lakin burada Qafqaz, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsinin müzakirə mövzusu olması qeyd olunmayıb. Həmçinin qeyd edək ki, bir neçə həftə əvvəl Blinken və Kolomina arasında telefon danışığı olub və bundan sonra Paris Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində səyləri birləşdirməyə razılaşdıqlarını bəyan edib.
Aqil Məmmədov
Ordu.az