Azərbaycan və Ermənistan arasında Qarabağ münaqişəsi 2020-ci il sentyabrın 27-də başlayan toqquşmalarla yenidən alovlandı. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki yaşayış məntəqələrini atəşə tutmasından sonra Azərbaycan prezidenti İlham Əliyev “Dəmir Yumruq” əks-hücum əməliyyatına başladı.
Ermənistanın hücum cəhdinə cavab olaraq Azərbaycan ordusunun həyata keçirdiyi bu əməliyyatla bir çox işğal olunmuş ərazilər azad edildi. Azərbaycan strateji əhəmiyyətə malik Şuşa şəhərini, xüsusən də Qarabağın cənub hissəsini və Şərqi Zəngəzuru azad etdikdən sonra İrəvan administrasiyası məğlubiyyətini etiraf etməli oldu.
Sentyabrın 27-də ermənilərin hücumları ilə başlayan və 44 gün davam edən İkinci Qarabağ müharibəsi Azərbaycan ordusunun qələbəsi ilə başa çatdı. Azərbaycan ordusu 44 gün ərzində 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad etdi.
Noyabrın 10-da Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında imzalanan sazişlə Cənubi Qafqazda yeni proses başladı. Türkiyənin həm siyasi, həm də hərbi sahədə Azərbaycanın qələbəsində mühüm rolu olub. Qarabağ müharibəsindən sonra Ankara Bakı ilə siyasi, iqtisadi, ticari və hərbi əməkdaşlığı inkişaf etdirir. Türkiyə atdığı addımlar və yürütdüyü siyasətlə Qafqazın ən önəmli aktorlarından birinə çevrildi. Azərbaycan işğal altında olan torpaqlarını geri almaqla bölgədəki varlığını gücləndirdi. Ermənistan isə ordusunu Ağdam, Kəlbəcər və Laçın vilayətlərindən çıxarmalı oldu.
Ermənistanın baş naziri Nikol Paşinyan məğlubiyyətini etiraf etdikdən sonra qəzəblənən xalq paytaxt İrəvanda parlamentə basqın etdi. Paşinyan daha ağır məğlubiyyətin qarşısını almaq üçün 10 Noyabr Bəyannaməsini qəbul etdiyini açıqladı.
İranın qeyri-adekvat münasibətinə Bakıdan tutarlı cavab
Hazırda İran regionda mövcudluğunu artırmaq üçün sərhəd qonşusu Ermənistanla əlaqələrini inkişaf etdirməyə diqqət yetirir. Ermənistan dar coğrafi mövqeyə və tarixi problemlər yaşadığı Türkiyə və Azərbaycanla quru sərhədini bağladığına görə Tehranla diplomatik əlaqələr qurmuşdu. Nəticədə qarşılıqlı maraqlara uyğun hərəkət edən Tehran və İrəvan əməkdaşlığa üz tutub. İki ölkə arasında hərbi və iqtisadi müqavilələr imzalanıb.
İranın şimal qonşusu Azərbaycanla münasibətləri də önəmli idi. İranda çoxlu Azərbaycan türkləri yaşayır və bu, Tehranın təhlükəsizlik siyasətinə əhəmiyyətli dərəcədə təsir edir. İran həm Ermənistan, həm də Azərbaycanla həmsərhəd olan dövlət idi. Bu səbəbdən də İkinci Qarabağ müharibəsində İranın hansı münasibəti sərgiləyəcəyi maraq doğururdu.
Müharibə dövründə müsəlman Azərbaycanın lehinə mövqe tutacağı gözlənilən İran bütün müharibə boyu açıq mövqe nümayiş etdirməkdən çəkindi. Azərbaycanla tarixən və məzhəb baxımından çox oxşarlıqları olan İran, Bakı hökumətini açıq şəkildə dəstəkləmədi. Nəticədə Azərbaycan-Ermənistan müharibəsində İranın yeritdiyi siyasət Bakının reaksiyasına səbəb oldu.
Həmçinin artıq faktdır ki, İran da Azərbaycan ordusunun irəliləyişinin qarşısını almağa cəhdlər edib. Tehran administrasiyası neytral siyasət yürütməyə çalışsa da, Ermənistanı hərbi və siyasi cəhətdən dəstəkləyib. Lakin Cənubi Qafqazda nüfuzunu artırmağa çalışan İranın planları baş tutmadı və Bakının qələbəsi Tehranın regionda nüfuzunu itirməsinə səbəb oldu.
Azərbaycan və Türkiyəni Türk Dünyasına bağlayan layihə: ZƏNGƏZUR dəhlizi
Ermənistanın cənubunda yerləşən bölgəni İrəvan administrasiyası Sünik, Azərbaycan administrasiyası isə Zəngəzur adlandırır. Bu bölgənin şərqində Azərbaycan, cənubunda İran, qərbində Azərbaycanın Naxçıvan Muxtar Respublikası var.
Azərbaycanla Naxçıvan arasında birbaşa quru əlaqəsi yoxdur. Zəngəzur adlanan layihə isə bu bölgədən açılacaq avtomobil yolu və dəmir yolu ilə Azərbaycanı birbaşa Naxçıvan Muxtar Respublikasına birləşdirmək məqsədi daşıyır. Zəngəzur dəhlizinin açılması, həmçinin Türkiyədən Orta Asiyaya fasiləsiz quru nəqliyyatı deməkdir. Zəngəzur dəhlizi həm də Azərbaycan və Türkiyəni digər Türk Respublikaları ilə birləşdirmək baxımından çox mühüm layihədir.
2020-ci ilin noyabrında Rusiyanın vasitəçiliyi ilə imzalanan atəşkəs sazişinin 9-cu maddəsində Naxçıvan Muxtar Respublikası ilə Azərbaycan arasında nəqliyyat marşrutlarının açılması nəzərdə tutulurdu. Sözügedən maddədə, regionda bütün iqtisadiyyat və nəqliyyat əlaqələri açılması, Ermənistanın insanların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətini təşkil etmək məqsədilə Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrinin təhlükəsizliyinə təminat verdiyi qeyd olunur. Bundan əlavə, mətndə deyilirdi ki, tərəflərin razılığı ilə Naxçıvan Muxtar Respublikasını Azərbaycanın Qərb rayonları ilə birləşdirən yeni nəqliyyat əlaqələrinin inşası həyata keçiriləcək.
Bakı bu maddəyə əsaslanaraq bildirir ki, iki ölkə Zəngəzur dəhlizi ilə bağlı razılığa gəlib. Lakin Ermənistan bildirir ki, sözügedən bəyannamədə Zəngəzur adı işlədilmir.
Ermənistanın baş naziri Nikol Paşinyan 2022-ci ilin sentyabrında verdiyi açıqlamada bildirib: “Azərbaycan dəhlizdən danışır. Ancaq açıq şəkildə demək istəyirəm ki, biz heç kimə erməni torpaqlarından dəhliz verməyəcəyik. Amma biz bir yol təklif edəcəyik, yol çəkəcəyik və bunu hər an etməyə hazırıq. Biz bu təklifləri Azərbaycana təqdim etmişik, Azərbaycan qəbul edən kimi biz bu müqaviləni tez bir zamanda həyata keçirə biləcəyik”.
Lakin Paşinyan nəqliyyat nəzarətinin hansı səbəbdən Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları tərəfindən həyata keçiriləcəyini açıqlamaq istəmir.
Zəngəzur dəhlizinin açılması faktiki olaraq Ermənistanı həm siyasi, həm iqtisadi, həm də kommersiya cəhətdən rahatlaşdıracaq. Lakin Bakı ilə Naxçıvan arasında marşrutun açılması üçün Ermənistanın qarşısında ciddi maneələr var. İranın dəhlizlə bağlı narahatlığı və Rusiyanın bəzi reaksiyaları İrəvanı bu layihədən çəkindirir.
İran Zəngəzur dəhlizinin açılması və fəaliyyət göstərməsinə açıq şəkildə qarşı çıxır. Bundan başqa, Tehran administrasiyası Türkiyənin bölgədə təsirini artırmasını və digər Türk Respublikaları ilə əlaqələrini inkişaf etdirməsini istəmir. Türkiyə isə Azərbaycanın istədiyi Zəngəzur dəhlizi layihəsini dəstəkləyir. Dəhliz açılsa, Ankara-Bakı münasibətləri yeni müstəviyə keçəcək. İki ölkə arasında əlaqələr daha da möhkəmlənəcək. Türkiyə Cənubi Qafqazda varlığını möhkəmləndirəcək və regionda təsirini artıracaq.
Sevinc Əliyeva
Ordu.az