Rusiyanın Ukraynadakı hərbi əməliyyatları Polşanı narahat edir. Varşava hökuməti müharibənin onun ərazisinə keçməsi ehtimalını nəzərdən qaçıra bilməz. Ötən ilin noyabrında ölkənin Ukrayna ilə sərhədində yerləşən Przevodov kəndinə düşən raket də Varşavanın təhlükəsizlik məsələlərində haqlı olduğunu göstərdi.
Polşa 1999-cu il martın 12-də NATO-ya üzv olub. Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) üzv olmayan bir dövlət tərəfindən hücuma məruz qaldıqda, üzvlər birlikdə müdafiə tədbirləri görməyə məcburdurlar. Lakin Polşanın dünya tarixinin ən güclü alyansı olan NATO-nun üzvü olması Varşava hökumətinin narahatlığını aradan qaldırmır.
Polşa hökumətinin bu narahatlığı Varşavanı ABŞ və Britaniya ilə əməkdaşlığa sövq edir. Aİ ilə Rusiya arasında təbii qaz və enerji əməkdaşlığından narahat olan ABŞ və Böyük Britaniya Polşa vasitəsilə Rusiyanı zərərsizləşdirməyi nəzərdən keçirir. Eyni zamanda, Rusiya-Ukrayna müharibəsi ilə Moskvanın Şərqi Avropada güclənəcəyini düşünən Britaniya və ABŞ Polşaya qarşı siyasi, hərbi və iqtisadi dəstəyini artırır.
Rusiyadan asılı olan Almaniya və Fransa Moskva hökumətinə qarşı sərt sanksiyalar tətbiq etməkdə tərəddüd edir. Bu səbəbdən Ukrayna müharibəsi başlayandan bəri ABŞ və Britaniya ilə birlikdə Rusiyaya qarşı qəti addımlar atan Polşa Almaniya və Fransanı Moskvaya qarşı mülayim davranmaqda ittiham edir.
2022-ci ilin dekabrında Polşanın Baş naziri Mateuş Moravietski Aİ ölkələrini Rusiyaya qarşı “künclərdə gizlənməməyə” çağırdı. Moravietski Avropa İttifaqı (Aİ) tərəfdaşlarını daha cəsarətli olmağa çağırıb. O, həmçinin Aİ ölkələrini “künclərdə gizlənmək” əvəzinə iqtisadi güclərini Rusiyaya qarşı istifadə etməyə çağırıb.
Varşava hökuməti Rusiyaya qarşı sanksiyaları yumşaltmağa çalışan ölkələrə çağırış edib: “Polşa buna qarşıdır. Biz sanksiyaların gücləndirilməsinə və sərtləşdirilməsinə çağırırıq. Biz Rusiya mallarının müsadirə olunmasının tərəfdarıyıq”.
“Rusiya oliqarxlarının pul kisələri tapılmalıdır. Onlar öz güclərini və sərvətlərini Ukrayna qanı üzərində qurublar. Onlar üçün yalnız öz rifahı və maraqları ən böyük dəyərlərdir”, - deyən Baş nazir Moravietski ələ keçirilən pulların Ukraynanın yenidən qurulmasına sərf edilməli olduğunu bildirib.
Polşa Rusiya ilə Ukrayna arasında müharibənin öz ərazisinə keçəcəyini düşünür. Varşavanın fikrincə, Moskva Ukraynanı işğal etdikdən sonra Şərqi Avropaya doğru genişlənəcək. Bu səbəbdən Polşa Rusiyaya qarşı Ukraynaya siyasi və hərbi dəstək verir. Polşanın verdiyi bu dəstəyi Rusiya da yaxından izləyir. Moskva hökuməti Polşanın təşəbbüslərini təhlükə kimi görür. Rusiya NATO qüvvələrinin Polşa-Ukrayna sərhədində fəaliyyətini gücləndirməsindən də narahatdır.
RUSİYANIN KƏNARDA QALMIŞ TORPAĞI “KALİLİNQRAD”
Kalininqradın yerləşdiyi məkan Moskva ilə Varşava arasında yeni böhrana səbəb olur. Kalininqrad Rusiyanın əsas ərazi ilə əlaqəsi olmayan “kənarda qalmış” ərazisi kimi təsvir edilir. Kalininqradın coğrafi mövqeyi Rusiyaya həm strateji, həm də hərbi üstünlük verir. Rusiya Kalininqrad sayəsində nüvə raketlərini Avropanın ortasında saxlaya bilir.
Lakin Rusiyanın Kalininqrad ərazisi həm NATO, həm də Avropa İttifaqının üzvü olan Litva və Polşa ilə həmsərhəddir. NATO və Aİ isə Rusiyanın Baltik dənizindəki təsirini tamamilə dayandırmaq istəyir. Şərqi Avropa ölkələrindən biri olan Polşa Rusiyanın Kalininqrad vilayəti arasındakı sərhədi elektron maneə ilə ayırmaq üçün işə başlayacağını bəyan edir.
Polşa Sərhəd Təhlükəsizliyi Xidmətinin sözçüsü Anna Mixalskaya bildirib ki, Kalininqrad vilayəti ilə sərhəddə elektron maneənin tikintisinə mart ayında başlanılması planlaşdırılır. “Kalininqrad vilayəti ilə sərhəddə elektron sistem təxminən 200 kilometrlik quru sərhədi boyunca aktiv olacaq”, - deyə o qeyd edib.
Varşava hökuməti bundan əvvəl Rusiya sərhədinə müvəqqəti tikanlı məftilli hasar çəkdiyini və bütün 200 kilometrlik şərq sərhədini qoruduğunu bəyan etmişdi. Sərhəd seysmik sensorlar, gecəgörmə kameraları və detektor sistemi kimi müxtəlif elektron təhlükəsizlik tədbirləri ilə təchiz edilib. Polşa Kalininqrad sərhədində həyata keçirilən bütün bu tədbirləri Moskvaya “aydın mesaj” kimi xarakterizə edir.
Bu yaxınlarda Niderland Müdafiə Nazirliyi Polşa sərhədi yaxınlığında uçan üç Rusiya təyyarəsinin bu ölkədə patrul aparan təyyarələri tərəfindən qarşısının alındığını açıqlamışdı. Niderland Müdafiə Nazirliyindən verilən açıqlamaya görə, Baltik dənizinin Rusiya aid olan hissəsində yerləşən Kalininqraddan uçan 3 təyyarə NATO missiya zonasında Polşaya yaxınlaşarkən Niderlandın F-35 təyyarələri tərəfindən dayandırılıb.
Bütün bu hadisələr Kalininqradın yeni döyüş meydanına çevrilməsi ehtimalını gücləndirir.
Dəyanət Ağalarlı
Ordu.az