Münhen görüşündən sonra Rusiyadan Qarabağa göndərilmiş Ruben Vardanyanın uzaqlaşdırılması və Paşinyana yaxın qrupdan bir nəfərin “irəli” çəkilməsi ilk baxışdan müəyyən razılıqların olduğunu, Azərbaycanın tələblərinin ardıcıl olaraq yerinə yetirildiyini göstərir. Təbii ki, görüş zamanı müəyyən təminatlar verilib və buna Qarabağda məskunlaşmış ermənilərin Azərbaycana reinteqrasiyasını nəzərdə tutan incə danışıqların aparılması daxildir.
Bəs görüş zamanı əldə edilən razılaşmalar İrəvan tərəfindən pozulsa nə baş verəcək? Çünki biz artıq bənzər fəaliyyətlərin həyata keçirildiyini müşahidə edirik. Vardanyanın uzaqlaşdırılmasına baxmayaraq, Ermənistanın Laçın yolu ilə bağlı qeyri-konstruktiv mövqeyi davam edir. Digər sual isə budur ki, Ermənistan razılaşmaları yerinə yetirməyəcəkdisə, o “təminatı” nəyə görə verib? Blinken qəzəblənib, yoxsa İrəvan hansısa təminat müqabilində “təminat” verib?
Üstəlik, başqa bir sual da var: Bakı Qarabağdakı ermənilərlə danışıqları necə aparacaq? Baş verənlər fonunda ötən gün erməni müxalifətçi, Armen Aşotyan qalmaqala səbəb olan sənədlər yayıb. Onun sözlərinə görə, Münhendə ABŞ dövlət katibinin vasitəçiliyi ilə danışıqlar aparılıb və bu, bölgədəki ermənilərlə Bakı arasında əlaqənin arxasında duran məntiqdən bəhs edir. Mətnə görə, bu əlaqə Azərbaycan Konstitusiyasının məntiqi ilə aparılacaq.
Eyni zamanda, Avropa İttifaqı bu təmas üçün sözdə məsləhətçi funksiyasını nəzərdən keçirir. Əlavə təfərrüatlara varmadan qeyd etmək kifayətdir ki, müzakirə olunan məzmun həqiqətən də masanın üzərindədirsə və müzakirə olunursa, əslində Bakının irəli sürdüyü tələbləri, bir sözlə, reinteqrasiya məntiqini ifadə edir. Rəsmi İrəvan həmin sənədə hələ də reaksiya verməyib. Belə bir müzakirə varmı və sızdırılan sənəd həqiqətən müzakirə və ya danışıqlar masasındandır, yoxsa yox? Təbii ki, bu, başqa sualdır.
Digər tərəfdən, təcrübənin də göstərdiyi kimi, İrəvan tərəfindən bu cür sızdırılmalar adətən sonrakı müzakirələrin qarşısını almaq üçün bir vasitəyə çevrilir. Ümumiyyətlə, müzakirə edilən və ya müzakirə olunan kifayət qədər problemli məzmun vaxtından əvvəl ictimaiyyətin predmetinə çevrildikdə, sonrakı danışıqlara praktiki olaraq mane olur. Bu baxımdan, rəsmi Bakının reinteqrasiya təklifinin beynəlxalq səviyyədə sənədləşdirilməsi perspektivinin qarşısını almaq üçün İrəvan özü tərəfindən verilmiş “təminat”ları pozmaqla təxribatlara əl atır.
Asif Cəfərov
Ordu.az