Hər bir halda İrəvan Ermənistanın ətrafında təhlükəsizlik vəziyyətini idarəolunmaz bir vəziyyətə gətirir ki, bununla da sabitlik ehtimalı aşağı düşür. Ermənistan təhlükəli oyunla daxili və xarici imkanlarını artıraraq Rusiyanın bölgədəki mövcudluğuna qarşı təhdid yaradır. O, həmçinin regionda böyük maraqları olan aktorlar, məsələn, Aİ və Rusiya üçün mühüm oyunçu sayılan Azərbaycan ətrafında fikir ayrılığı yaratmağı hədəfləyir.
Aİ-nin müşahidə missiyasının Ermənistan sərhədində yerləşdirilməsi Brüsselin Azərbaycanla həyata keçirdiyi enerji tərəfdaşlığı, milyardlarla dollarlıq investisiya proqramları qarşısında, o cümlədən Rusiya ilə yüksələn əməkdaşlıq mexanizmləri çərçivəsində təsirsiz qalacaq. Bunu həm Aİ, həm də Rusiya yaxşı bilir. Rəsmi Moskva Aİ-nin müşahidə missiyasının Ermənistanda yerləşdirilməsi ilə paralel olaraq, Avrasiya inteqrasiyası layihələrində fəaliyyətini davam etdirən Ermənistana ciddi xəbərdarlıqlar edir və bu xəbərdarlıqların bir gün real təsirlərinin olacağı qaçılmazdır. Ermənistanın atdığı addımlar İranın regional təhlükəsizlik məsələlərinə təhdid yaratsa da, hələlik rəsmi Tehran bu barədə danışmamağa üstünlük verir.
KTMT-nin hərbi təlimlərdən və monitorinqlərdən imtina edən Ermənistan praktiki olaraq təşkilatın təhlükəsizliyində tam rol oynamaqdan imtina edir və bu, şübhəsiz ki, bəlli nəticələrə səbəb olacaq. Belə bir halda, bütün KTMT üzvləri üçün president yarana bilər ki, bu da Kremlin hazırkı müharibə çərçivəsində ümumiyyətlə arzuladığı son şeydir.
Beləliklə, Aİ müşahidəçilərinin yerləşdirilməsi “vəziyyətin sabitliyi”nə görə məsuliyyəti Aİ-nin üzərinə qoymaqla yanaşı, Rusiya və İranı təhdid edir. Bu fakt isə hansısa sabitlikdən danışmağı mənasız edir. Ermənistan atdığı riskli addımlarla regionda sabitlik üçün nəzərdə tutulan “3+3” formatını da məhv edir və növbəti geosiyasi qarşıdurma meydanı açır.
Asif Cəfərov
Ordu.az