Yaponiyanın yeni müdafiə və təhlükəsizlik strategiyası hansı mesajı verir? – ANALİZ

2023/02/1676876881.jpg
Oxunub: 3675     16:39     20 Fevral 2023    
Yaponiya 16 dekabr 2022-ci ildə dərc etdiyi tarixi 3 strateji sənədlə milli təhlükəsizlik yanaşmasına yeni bir yanaşma sərgiləyəcəyini bütün dünyaya açıqladı. Müvafiq olaraq, Yaponiya yeni milli təhlükəsizlik baxışını 3 sütun üzərində qurur: Yüksək müdafiə xərcləri, əks-hücum üçün raket imkanları əldə etmək və müdafiə sənayesini çətin vəziyyətə salan mülki-hərbi ayrılığa son qoymaq.

Milli Təhlükəsizlik Strategiyası, Milli Müdafiə Strategiyası və Müdafiə İnkişaf Proqramı adlı sənədləri Yaponiyanın Baş naziri Kişida Fumio açıqlayıb. Bu sənədlər 2013-cü ildən bəri Yaponiyanın Milli Təhlükəsizlik Strategiyasına edilən ən əhəmiyyətli düzəliş kimi qeydə alınıb. Bu 3 sənəd Yaponiyanın təhlükəsizlik problemlərini açıq şəkildə əks etdirməklə yanaşı, Tokionun növbəti 10 il ərzində bu problemlərə cavab vermə yollarının planıdır. Yaponiyanın baş naziri Kişidanın sözlərinə görə, bu sənədlər ölkənin müharibədən sonrakı milli təhlükəsizlik siyasətinə yanaşmasını kəskin şəkildə dəyişdirmək məqsədi daşıyır.

Çindən strateji çağırış

Yaponiyanın elan etdiyi yeni təhlükəsizlik və müdafiə baxışı bir çox cəhətdən tarixidir. Bu baxış Yapon diplomatiyasını dəstəkləyən və düşmən təcavüzünün qarşısını almaq üçün hərbi imkanların rolunu tanıyan strategiyanı ortaya qoyur. Milli Təhlükəsizlik Strategiyasında qeyd edilir ki, Yaponiya və beynəlxalq ictimaiyyət üçün ən böyük strateji problem Çindən, ondan sonra Şimali Koreya və Rusiyadan gəlir. Lakin 2013-cü il Yaponiya Milli Təhlükəsizlik Strategiyası sənədində Çin narahatlıq mənbəyi kimi təsvir edilib. Bu kontekstdə yeni baxışın 3 sənədi Yaponiyanın iqtisadi aspektləri, texnoloji və kəşfiyyat imkanları da daxil olmaqla, milli təhlükəsizlik məqsədlərinə nail olmaq üçün dövlət hakimiyyətinin bütün ölçülərinin istifadəsini əlaqələndirməyə çalışır.

Müharibədən sonrakı ilk Milli Müdafiə Strategiyası

Milli Müdafiə Strategiyası sənədi Yaponiyanın üzləşdiyi hərbi təhdidlərə cavab vermək üçün aydın alətləri təqdim edir, sənəd isə 5-10 illik proqnozu olan Müdafiə İnkişaf Proqramını müəyyən edir. Beləliklə, sənəd ilk dəfə 1976-cı ildə Sovet-ABŞ soyuq müharibəsinin yumşaldılması zamanı elan edilmiş və 2018-ci ildə yenilənmiş Milli Müdafiə Proqramından sonra ən vacib sənəddir. Çünki 1976 və 2018-ci illərin Milli Müdafiə Proqramları Yaponiya konstitusiyasının 9-cu maddəsində təsvir edilən tələb olunan minimum qabiliyyət standartına cavab vermək üçün satınalma və hərbi texnika planlarını müəyyənləşdirməklə yanaşı, Yaponiya müdafiə qüvvələrinin sayı və tərkibini də müəyyən edirdi. Konstitusiyanın bu maddəsi ölkənin quru, dəniz və hava qüvvələrinə malik olmasını qadağan edir, eyni zamanda müharibəni suveren hüquq kimi qəbul etmirdi.

Yaponiyanın yeni Milli Müdafiə Strategiyası sənədində düşmənin/rəqibin imkanlarına və müasir müharibə üsullarına əsaslanan müdafiə strategiyası yaratmaq cəhdi, əsasən, son 10 ildə Rusiya və Çinin beynəlxalq status-kvoya birtərəfli meydan oxumasından qaynaqlanıb.

Milli Müdafiə Strategiyası sənədi Yaponiyanı ölkəyə istənilən işğalı məğlub etmək üçün əsas məsuliyyəti öz üzərinə götürməyə çağırır, yəni işğal halında ABŞ-ın təhlükəsizlik zəmanətlərinə etibar etmək Yaponiya üçün prioritet deyil. Buna uyğun olaraq Yaponiya 5 il ərzində öz müdafiəsini sürətlə və əsaslı şəkildə gücləndirmək üçün təxminən 324 milyard dollar ayıracaq. Hökumətin müdafiə ilə bağlı xərcləriylə birlikdə bu xərclər Yaponiyanın müdafiə xərclərini ÜDM-in təxminən 1%-dən NATO-nun müdafiə investisiya hədəfi olan 2%-ə qədər artıracaq.

Yaponiyanın əks-hücum qabiliyyəti əldə etməyi planlaşdırdığı barədə bəyanatı strategiya sənədlərində açıqlanan ən mühüm siyasət dəyişikliyidir. Bu imkanlar Yaponiya Müdafiə Qüvvələrinin ölkəyə raket hücumu qarşısında əks-hücuma keçirməsinə imkan verməklə çəkindirmə qabiliyyətini artıracaq. Çin və Şimali Koreya orta və uzun mənzilli ballistik və qanadlı raket inventarlarını qurur və mövcud Yapon ballistik raket əleyhinə müdafiə sistemlərinə meydan oxuyan hipersəs silah sistemlərini inkişaf etdirir.

ABŞ Müdafiə Nazirliyinin qiymətləndirməsinə görə, Çinin Yaponiya torpaqlarını vura bilən 2000-ə yaxın ballistik və qanadlı raketləri var. Bildirilir ki, Yaponiya Çinin artan regional raket üstünlüyünü sarsıtmaq məqsədilə 2026-cı ildə yerləşdirilmək üçün “Tomahawk” qanadlı raketləri və yerli olaraq inkişaf etdirilmiş raket imkanları da daxil olmaqla 1500 raket əldə edib.

Mülki-Hərbi fərqinə son qoymaq cəhdi

Milli Təhlükəsizlik Strategiyası Sənədi sülh və müharibə vəziyyətlərində Yaponiya Müdafiə Qüvvələrinin mülki və kommersiya elementləri ilə əməkdaşlığının artırılması üçün yeni mexanizmlərin yaradılmasının zəruriliyini vurğulayır. İkinci Dünya Müharibəsindən sonra ortaya çıxan antimilitarist yanaşmaya görə Yaponiya mülki əhali ilə əsgərlər arasında güclü fərq qoymalı oldu. Bu, xüsusilə elmi araşdırma aparanlar və hökumət arasında müşahidə olunurdu. Bu vəziyyət müdafiə sektorunun ölkənin qabaqcıl texnologiyasından tam şəkildə yararlanmasına mane olmaqla yanaşı, fövqəladə halların planlaşdırılması zamanı mülki sektorların və yerli özünüidarəetmə orqanlarının səmərəli əməkdaşlığına mane oldu. Milli Təhlükəsizlik Strategiyası və Milli Müdafiə Strategiyası bu sahədə yeni təşəbbüslər və çərçivələr təqdim edir. Bunlara fövqəladə hallar zamanı təlim və yerləşdirmə üçün mövcud hava limanlarından və dəniz limanlarından əməliyyat bazası kimi istifadə, hökumətlərarası mexanizmlərin yaradılması və Yaponiya vətəndaşlarının müdafiəsi daxildir. Bu, Çin və Tayvana nisbətən yaxın olan Yaponiyanın cənub-qərb bölgəsində xüsusilə faydalı ola bilər.

Milli Təhlükəsizlik Strategiyası həmçinin peyklər və rabitə sistemləri kimi kritik infrastrukturların təhlükəsizliyini yaxşılaşdırmaq üçün kosmosda və kiberməkanda daha geniş mülki-hərbi əməkdaşlığa çağırır.

Milli Təhlükəsizlik Strategiyasında və Milli Müdafiə Strategiyasında qeyd olunan vizyonun həyata keçirilməsi Yaponiya hökumətində və mülki-hərbi münasibətlər modellərində böyük təşkilati, mədəni və struktur transformasiyası tələb edəcək. Bu, yalnız Baş nazir Kişida və gələcək administrasiyaların siyasi dəstəyi ilə mümkün olacaq. 2022-ci ilin noyabrında keçirilən ictimai sorğu, respondentlərin 68%-nin Yaponiya müdafiəsinin gücləndirilməsini dəstəklədiyini ortaya qoydu. Digər tərəfdən, Çinin ən azı növbəti onillikdə davam edəcəyi gözlənilən kütləvi və sürətli hərbi quruculuğu Tokioya yeni strategiyasını həyata keçirmək və yerli maneələri aradan qaldırmaq üçün daimi təzyiq göstərəcək.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaponiya   Çin  


Bizi "telegram"da izləyin