Netanyahu-Sallivan danışıqlarından sonra sonuncudan Ukrayna səfəri və Qafqaz xətti – ANALİZ

2023/01/KBG_G-1674473769.jpg
Oxunub: 375     15:44     23 Yanvar 2023    
ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan Qüdsdə İsrailin baş naziri vəzifəsinə qayıdan Benyamin Netanyahu ilə görüşüb. Məlumata görə, Netanyahu və Sallivan İran məsələsini və Səudiyyə Ərəbistanı ilə İsrail arasında münasibətlərin tənzimlənməsini müzakirə ediblər.

Hər iki məsələ praktikada kifayət qədər bir-biri bağlıdır, çünki Səudiyyə-İsrail münasibətlərinin tənzimlənməsi İrana qarşı təzyiq strategiyası kontekstində nəzərdən keçirilir. Söhbət təkcə bundan deyil, həm də İsrailin digər ərəb ölkələri ilə münasibətlərinin tənzimlənməsindən gedir. Bu proses hələ Trampın prezidentliyi dövründə başlamışdı. Eyni zamanda İran da Səudiyyə Ərəbistanı ilə münasibətlərinin tənzimlənməsinin tərəfdarı olduğunu bildirir, ancaq Ər-Riyadın son vaxtlar kifayət qədər buna iradə nümayiş etdirmədiyini qeyd edir.

Yaxın Şərq-Körfəz regionunda vəziyyət kifayət qədər mürəkkəbdir və bu vəziyyətin əsasında İrana qarşı mümkün hadisələr dayanır. ABŞ bu ölkə ilə nüvə sazişinin bərpası məsələsinin artıq prioritet olmadığını bəyan edib. Eyni zamanda, Netanyahunun İsrailin baş naziri postuna qayıtması ölkənin İranın nüvə silahı əldə etməsinin qarşısının alınması ilə bağlı ən radikal mövqeyə qayıdışı deməkdir.

Onu da qeyd etmək lazımdır ki, ötən ilin yayında İsrailə səfəri zamanı prezident Bayden və bu ölkənin baş naziri Yair Lapid İranın nüvə silahı perspektivinin qarşısını almaq üçün Qüds Bəyannaməsi adlı sənəd imzalayıb.

Sallivanın İsrailə səfəri Ukrayna istiqamətində qeyd olunan proseslər fonunda olduqca diqqətçəkicidir. Müharibənin kifayət qədər geniş miqyaslı mərhələsi yaxınlaşır. Rusiyada Müdafiə Nazirliyinin Moskvadakı yaşayış binalarının damlarında zenit-raket sistemləri yerləşdirdiyi barədə məlumatlar yayılıb. Qərb Ukraynaya zirehli texnikalar və “Patriot” hava hücumundan müdafiə sistemləri veriləcəyi elan edib, artıq tanklarla bağlı müzakirələr gedir. Ukraynada müharibənin həlledici mərhələyə qədəm qoyduğu görünür. Rusiya Baş Qərargah rəisi Gerasimovu Ukrayna müharibəsinin bir nömrəli hərbi komandiri təyin edir. Görünür, tərəflər apokalipsisdən əvvəl həlledici döyüşə hazırlaşırlar. Hər halda Amerikanın nüfuzlu mətbuatının Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Börnsün Kiyevə gizli səfəri və Zelenski ilə görüşü barədə məlumat yayması da maraq doğurur. Rusiya kəşfiyyatının rəhbəri Narışkin Börnslə həftələr əvvəl Ankarada keçirilən görüşün faydalı olması barədə danışıb, həm də yeni görüşün mümkünlüyünü istisna etməyib. Belə çıxır ki, həmin görüş Börnsün Kiyev səfərindən sonra baş tutacaq. Görüşdə İran məsələsinin də müzakirə olunduğu və olunacağı gözlənilir.

Yuxarıda qeyd olunan hər iki hadisə bir-birilə və Qafqaz regionundakı hadisələrlə sıx bağlıdır və hadisələrin inkişafına mühüm təsir göstərəcək.

Asif Cəfərov  
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İsrail  


Bizi "telegram"da izləyin