F-16 “Blok 70” Türkiyə Hərbi Hava Qüvvələrinə hansı gücü təmin edəcək? – ANALİZ

2023/01/1674022347.jpg
Oxunub: 663     12:23     18 Yanvar 2023    
Türkiyə F-16 “Fighting Falcon” döyüş təyyarələrinin ən müasir konfiqurasiyası olan “Blok 70”i almağı planlaşdırır. 2021-ci ilin sentyabrında Türkiyə Milli Müdafiə Nazirliyi vasitəsilə ABŞ-dan F-16 “Blok 70” almaq üçün müraciət edib. Türkiyənin tələbi 40 ədəd F-16 “Block 70” döyüş təyyarəsi və Türkiyə Hərbi Hava Qüvvələrinin inventarında olan F-16-ların modernləşdirilməsi üçün 70 ədəd modernləşdirmə dəstidir.

Bir neçə ABŞ konqresmeninin bloklama cəhdləri nəticəsində F-16 “Blok 70”in Türkiyəyə satışının qarşısını almaq üçün bəzi qanun layihələri hazırlanıb. Lakin bu planlar baş tutmayıb. Bayden administrasiyası tərəfindən təsdiqlənən F-16 “Blok 70”in satışı artıq son mərhələdədir və ABŞ Konqresinin təsdiqi gözlənilir.

Bu təyyarələr Türkiyə Hərbi Hava Qüvvələrinə niyə lazımdır?

F-16-lar hazırda Türkiyə Hərbi Hava Qüvvələrinin əsas zərbə qüvvəsidir. Türkiyə Hərbi Hava Qüvvələrinin inventarına 235-dən çox F-16 qırıcısı var və bunların demək olar ki, hamısı Türkiyədə lisenziya əsasında istehsal edilib. Bunlar “Blok 30”, “Blok 40”, “Blok 50” və “Blok 50+” konfiqurasiyasındadırlar. Ölkənin ən müasir F-16-ları təxminən 10 ildir istifadə edilən “Blok 50+”, ən qədimi isə ortalama 30 yaşında olan “Blok 30”lardır.


F-16 “Blok 30” təyyarələri hazırda Türkiyənin TUSAŞ şirkəti tərəfindən struktur modernləşdirmədən keçir. Bu modernləşdirmə ilə onların uçuş müddəti 8000 saatdan 12000 saata qədər artırılıb. Bu modernləşdirmə nəticəsində təyyarələr 2030-cu illərə qədər fəaliyyət göstərə biləcək.

F-16-nın “Blok 60” konfiqurasiyası istehsalçı “Lockheed Martin” şirkəti tərəfindən Birləşmiş Ərəb Əmirlikləri üçün hazırlanıb və yalnız bu ölkənin inventarında mövcuddur. “Blok 70” və ya F-16V son zamanlarda ön plana çıxan ən yeni F-16 konfiqurasiyasıdır. Digər F-16 konfiqurasiyasındakı təyyarələr 4-cü, F-16V isə 4,5-ci nəsil hesab edilir. 2015-ci ildə ilk uçuşunu həyata keçirən “Lockheed Martin” istehsalı F-16V hazırda bir çox ölkə tərəfindən istifadə edilir.

F-16 “Blok 70”in əsas xüsusiyyətləri


F-16 qırıcılarının ən son versiyası olan “Blok-70”lərin əsas xüsusiyyətləri aşağıdakılardır:

Təyyarədə həm aparat, həm də proqram təminatı baxımından F-35 və F-22 radarlarına bənzəyən APG-83 AESA Radarı quraşdırılıb;
“Legion Pod” sistemi sayəsində təyyarə infraqırımızı axtarış və izləmə (IRST) qabiliyyətinə malikdir;
AN/ALQ-254(V)1 “VIPERSHIELD” radioelektron mübarizə vasitələri ilə təchiz edilib;
Təyyarədə yeni kokpit quraşdırılıb.


APG-83 AESA radarı

AESA radarları digər modellərdə istifadə edilən “Pulse-Doppler” tipli radarlarla müqayisədə:

Öz baxış sahələrini daha sürətli skan edə və bir çox hədəfi daha yaxşı təqib edə bilirlər;
Radioelektron mübarizə vasitələrinə daha yaxşı müqavimət göstərirlər;
“Interleaved Mode” qabiliyyəti ilə eyni anda həm hava, həm də quru/dəniz hədəflərini izləyə bilirlər;
Daha uzun diapazon və daha aşağı görünmə qabiliyyətinə sahibdirlər.


Mənzilinə görə 1 kvadrat metr radara görünmə sahəsinə malik hədəfləri aşkar etmək üçün radarlar aşağıdakı məsafələrə malikdir:


Şəkildə gördüyünüz radarları nəzərdən keçirək:

APG-68(V)9: Türkiyə Hərbi Hava Qüvvələrində CCIP modernizasiyasından keçmiş “Blok 40”, “Blok 50” və “Blok 50+” təyyarələrində istifadə edilən “Pulse-Doppler” tipli radardır.

APG-83: AESA radarı hazırda F-16 “Blok 70/72”lərdə istifadə olunur.

APG-80: Bu, hazırda yalnız Birləşmiş Ərəb Əmirliklərinə məxsus olan F-16E/F “Blok 60”ların istifadə etdiyi AESA radarıdır.


AESA tipli APG-80 və APG-83 radarları APG-68(V)9 ilə müqayisədə bir sıra üstünlüyə malikdir. Lakin APG-80-in APG-83 ilə müqayisədə daha uzun məsafə üstünlüyünə malik olmasına əsas səbəb soyutma sistemindəki fərqdir. APG-80-də maye soyutma sistemindən istifadə olunur.

Radioelektron mübarizə (REM) vasitələrinə müqavimət məsələsini sadə şəkildə izah edək. REM sistemləri adətən onları izləməyə çalışan radarın tezliyində işləyir, bu da onların radarın istiqamətlərini görsələr də, uzaq məsafədən məlumat almalarına mane olur.


Radar REM vasitəsinə kifayət qədər yaxınlaşarsa və “burn-through” adlandırılan məsafəyə daxil olarsa, REM səmərəsiz ola bilər. Ancaq bunun üçün hədəfə yaxınlaşmaq lazımdır.

AESA radarları isə geniş diapazonda tezliklərini dəyişmək qabiliyyətinə malikdir. Onlar ötürdükləri hər dəfə fərqli təsadüfi tezlikləri dəyişə bilərlər. Bu üsula həm də “chirping” deyilir. Bu formada Radar Xəbərdarlıq Sistemləri (RWR) ilə radarı aşkar etmək çətinləşir.

“Legion Pod” ilə IRST qabiliyyəti

“Legion Pod” radardan istifadə etmədən istilik üzərindən ərazidəki hədəfləri passiv şəkildə aşkar etməyə və izləməyə əsaslanan IRST (infraqırımızı axtarış və izləmə) sistemidir. Hədəfləri passiv izlədiyi və heç bir radar radiasiyası yaymadığı üçün hədəf təyyarədə RWR (radar xəbərdarlıq sistemi) olsa belə onların izlənildiyini başa düşmək çox çətindir.


Bundan əlavə, “Legion Pod” sistemi birbaşa podlararası məlumat ötürmə qabiliyyətinə malikdir. Bu, eyni bölgədəki müttəfiq təyyarələrə təyyarənin yerləşdiyi yerə uyğun olaraq IRST podlarının hədəflərini müxtəlif nöqtələrdən və bucaqlardan izləməyə və bir-birləri arasında davamlı məlumat mübadiləsi aparmağa imkan verir. Bu qabiliyyətlə pilotların situasiya məlumatlılığı növbəti səviyyəyə qaldırılır.

AN/ALQ-254(V)1 “VIPERSHIELD” REM sistemləri

“L3Harris” tərəfindən istehsal olunan AN/ALQ-254(V)1 REM paketi F-16 “Blok 70”i cari təhlükələrdən qoruyur. Bundan əlavə, pilota daha yüksək situasiya şüurunu təmin edir.

Yeni Kokpit


Podların və avionikaların sayının artması səbəbindən F-16 “Block 70”lər kokpitlərində köhnə modellərlə müqayisədə ortada əlavə böyük ekran daşıyır. Daha çox ekrana sahib olmaq bir çox sistemin pilot tərəfindən daha qısa müddətdə daha asan istifadə edilməsinə imkan verə bilər.

Müqayisə üçün “Blok 70”dən əvvəlki F-16 kokpitlərinin nümunəsinə baxaq:


F-16 “Blok 70”lər, düşmənin tətbiq edə biləcəyi bəzi REM tətbiqlərindən təsirlənmədən əməliyyatları yerinə yetirə bilən bir təyyarədir və yeni və inkişaf etmiş sensorları ilə pilotlarına çox üstün vəziyyət fərqindəlik təmin edir. Türkiyə Hərbi Hava Qüvvələrinin 40-ı yeni satınalma, 80-i isə modernləşdirmə şəklində olan 120 yeni F-16 “Blok 70”ə sahib olması Türkiyənin bölgədəki hava gücünü artıracaq və güc multiplikatoru kimi çəkindirmənin gücləndirilməsində böyük rol oynayacaq.

Bu yolla Türkiyə Hərbi Hava Qüvvələrinin F-35 “Lightning II”dəki qədər olmasa da, əhəmiyyətli bir qabiliyyət artımına şahid olacağı gözlənilir. Milli Döyüş Təyyarəsinin 2029-cu ildə istifadəyə veriləcəyini nəzərə alsaq, F-16 “Blok 70”in mümkün alınması Türkiyə Hərbi Hava Qüvvələri üçün kritik əhəmiyyət kəsb edir.

Firuz Bağırov  
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   ABŞ   F-16   Blok-70  


Bizi "telegram"da izləyin