Davam edən qarşıdurmanın arxasında müəyyən tarix var. 2022-ci il dekabrın əvvəlində Azərbaycan tərəfi Qarabağda separatçıların olduğu ərazilərdə Bakının nöqteyi-nəzərindən qeyri-qanuni təbii ehtiyatların çıxarılması məsələsini qaldırıb. Bakı uzun müddətdir ki, işğal olunmuş Azərbaycan ərazilərində iqtisadi fəaliyyətə etiraz etsə də, son vaxtlar bu mövzuya diqqət artır. Dekabrın 3-də Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri tələblərini Rusiya sülhməramlı qüvvələrinin komandanına çatdırmaq üçün Laçın yoluna göndərilib.
Ekoloji monitorinq missiyası Azərbaycan hakimiyyəti ilə Rusiya sülhməramlı qüvvələri arasında bağlanmış müqaviləyə əsasən Qarabağda qeyri-qanuni mədən hasilatı ilə bağlı iddiaları araşdırmaq üçün yaradılıb. Lakin dekabrın 10-da seepratçılar tərəfdən bir qrup şəxs yolu bağlayıb və monitorinq missiyasının əraziyə daxil olmasına mane olub. Erməni əsilli rus maqnatı, separatçıların hazırkı “dövlət naziri” Ruben Vardanyan Azərbaycan rəsmilərinə “bu Qarabağ zonasıdır” deyərək monitorinq missiyasının həyata keçirilməsinə mane olub.
Vəziyyət qısa müddət sonra xeyli gərginləşdi. Dekabrın 12-dən başlayaraq bir qrup azərbaycanlı nümayişçi marşrutun erməni tərəfinin bağladığı həmin ərazidə etiraz aksiyaları təşkil edib. Laçın yolunda baş verənləri sırf ekoloji nöqteyi-nəzərdən izah etmək, sadəcə olaraq, çaşdırıcı ola bilər. Həqiqətən də, beynəlxalq hüquq normalarına zidd olaraq Azərbaycan ərazisində yerləşən faydalı qazıntıların istismarı bu gün də davam edir. Lakin bu qarşıdurmanın vaxtı və onun regiona ümumi təsiri daha geniş şəkildə nəzərdən keçirilməlidir. Bu gün Laçın yolunda baş verənlər üç əsas aktordan ibarət olan İkinci Qarabağ müharibəsinin bitməsindən sonra regionda müharibədən sonrakı dinamikanın tərkib hissəsidir: Azərbaycan, Rusiya və Ermənistan (hərçənd Avropa İttifaqı, Fransa, İran və Türkiyə son aylarda daha çox iştirak etməyə çalışıblar).
Əvvəla, Ukraynada ciddi taktiki məğlubiyyətlər almaqda davam edən Rusiyaya təzyiqin keyfiyyəti və kəmiyyəti günü-gündən artır. Moskvanın bu ritorikaya sərt cavab verə bilməməsi Bakının Kremllə münasibətlərdə daha iddialı olmasının əsas motivatorudur. Əslində Moskvanın Bakıya qarşı atacağı istənilən addım Rusiya ilə Türkiyə arasında münasibətlərə xələl gətirəcək. Dünya səhnəsində getdikcə təcrid olunan Rusiya üçün Türkiyə müxtəlif situasiyalarda xilasedici rolunu oynaya bilər. Rusiya prezidenti Vladimir Putin bu yaxınlarda keçirdiyi brifinqlərin birində Ukraynaya qarşı müharibəsinin ciddi şəkildə uzun müddət davam edəcəyini ifadə edib. Belə uzun müharibə ssenarisində Türkiyə ilə münasibətləri zəhərləmək - ən başlıcası, Laçın yolu boyunca yaranan qarşıdurmaya güclə cavab vermək - Kremlin qərar qəbul edən şəxsləri üçün heç bir məna kəsb etmir.
Üstəlik, Azərbaycanın Rusiya üçün geostrateji əhəmiyyəti artıb. Azərbaycan Ukraynanı dəstəkləməkdə davam etsə də, Bakı ona qarşı heç bir konkret addım atmamaqla (yəni, sanksiyalar) Moskvanın açıq-aşkar düşmənçilik etməsinin qarşısını ala bilib. Bundan əlavə, Azərbaycan əlverişli yerləşməsinə görə beynəlxalq nəqliyyat və enerji marşrutları üçün əhəmiyyətli regional oyunçuya çevrilir. Ona görə də Kremlin Laçın dəhlizi boyunca mövcud eskalasiya ilə bağlı Azərbaycanla birbaşa qarşıdurmada olmaqdansa, Bakı ilə mehriban münasibətləri davam etdirməsi xüsusi hal alır.
Avrasiyanın təhlükəsizlik arxitekturasında yaranan güc boşluğunu və Moskvanın hərəkətə keçə bilmədiyini hesablayan Bakı son həftələrdə Rusiyanın regionda “qırmızı xətləri”ni sınamaq üçün Kremlə qarşı bir sıra təzyiq mexanizmləri tətbiq etdi. Bu manevr təkcə Laçın marşrutu boyunca deyil, həm də Qarabağda Rusiya sülhməramlıları ilə söz-söhbətin güclənməsi və bunun əvəzinə Qərbin dəstəklədiyi sülh danışıqları anlayışına üstünlük verilməsi kimi digər ölçülərlə də həyata keçirilir. Bir erməni jurnalistin izah etdiyi kimi, Bakının Laçın dəhlizi boyunca demarşlarının səviyyəsi sadəcə olaraq “Rusiyanın nüfuzunu məhv edir”. Azərbaycan hökuməti özünün iddialı siyasəti ilə Moskvanı Qarabağla bağlı mümkün olan maksimum güzəştləri təklif etməyə məcbur etməyə ümid edir. Qarabağda etiraz aksiyası keçirən azərbaycanlı ekoloji fəalların səsləndirdiyi bu arzu olunan güzəştlərdən biri də Laçın yolunun girişində Azərbaycan nəzarət-buraxılış məntəqəsinin quraşdırılmasıdır. Əgər bu mümkün olsa, Bakı strateji əhəmiyyətli yolun ərazidənkənar istifadəsini aradan qaldıra biləcək.
Hazırda Bakı ilə İrəvan arasında əsas mübahisəli məqamlardan biri də İkinci Qarabağ müharibəsinə son qoyan üçtərəfli sazişin 9-cu maddəsidir. Maddədə bildirilir: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək”.
İrəvan son iki ildə xüsusi olaraq bu yolun açılmasına müqavimət göstərərək, əlavə ərazi dəhlizinin Ermənistan üçün “qırmızı xətt” olduğunu iddia edib. İrəvanın müqaviməti Bakının narahatlığını artırır və hakimiyyət İrəvanın üçtərəfli sazişin icrasından imtina edəcəyi təqdirdə Laçın dəhlizinin ərazidənkənar statusunu dəyişdirəcəklərini açıq şəkildə bəyan edib.
Qarabağda Azərbaycanın nəzarətində olmayan mədənlər üçün mütəmadi monitorinq missiyalarının təşkili azərbaycanlı nümayişçilərin digər tələbidir, lakin bu tələb ilk növbədə separatçılara qarşı yönəlib. Azərbaycan Qarabağa bu yaxınlarda təyin olunmuş “dövlət naziri” Ruben Vardanyanı “Moskvanın agenti” adlandırır və onunla hər hansı əlaqəni rədd edir. Vardanyan isə maksimalist mövqedən çıxış edərək heç bir güzəştə getməyəcəyini və Azərbaycanın qondarma qurumu tanımalı olduğunu iddia edir.
Əgər Bakının tələblərindən biri olan faydalı qazıntılara nəzarət tam təmin olunarsa, o zaman separatçıların iqtisadi cəhətdən özünü təmin etməsinin ən böyük vasitələrindən biri aradan qalxar. Bu, Qarabağa gəldikdən sonra yerli ermənilər tərəfindən tanınmamış qurumun problemlərini həll etməyə və Azərbaycanın reinteqrasiya siyasətinə müqavimət göstərmək üçün yerli (və Rusiya) qüvvələri birləşdirməyə qadir olan hər şeyə qadir “hökmdar” kimi qəbul edilən Vardanyanın mövqeyini ciddi şəkildə poza bilər.
Bütövlükdə blokada və onun bəzi elementləri (yəni qaz təchizatının müvəqqəti dayandırılması) nəinki Vardanyanı nüfuzdan saldı, həm də Azərbaycanın hazırda meydanda oyun qaydalarını diktə etdiyini nümayiş etdirdi. Azərbaycanın “Qarabağdakı erməni icmasının humanitar ehtiyaclarını qarşılamağa” hazır olduğunu bəyan etməsi regionun erməni əhalisi üzərində hakimiyyəti separatçılardan qismən almaq cəhdi kimi də qəbul edilə bilər.
Aqil Məmmədov
Ordu.az