Türkiyə müdafiə sənayesinin geosiyasi təsirləri və gözləntilər – ANALİZ

2023/01/1673356947.jpg
Oxunub: 2598     12:20     12 Yanvar 2023    
2022-ci ildə Türkiyənin müdafiə sənayesində bir çox vacib tendensiya var.

1. 2022-ci ildə hansı yeniliklər edilib?

“Akıncı” PUA-sı tərəfindən buraxılan TRLG-230 raketlərinin sertifikatlaşdırma işləri 2022 nailiyyətlərində birinci yerdədir. Bu, Türkiyənin “hava-yer” ballistik raket əldə etmə prosesində önəmli bir mərhələdir. Aerobalistik raketlər əməliyyat dizayn aspektləri ilə diqqətəlayiq silah sistemləridir. Ədəbiyyatda aparılan araşdırmalar “hava-yer” ballistik raketlərin bir sıra mühüm üstünlüklərə malik olduğunu göstərir. Qurğudan atılan raketi dərhal aşkar etmək mümkündür (məsələn, infraqırmızı peyk məlumatlarından istifadə etməklə), lakin təyyarənin daşıdığı ballistik raketi aşkarlamaq çox çətindir. Təkcə radar məlumatlarına əsaslanaraq, “Akıncı”nın MAM-L və ya MAM-T sursatını, habelə azı 100 kilometr mənzilli TRLG-230-u daşıdığını söyləmək mümkün deyil.

Eynilə, xüsusi olaraq silosları və mobil buraxılış qurğularını hədəfə almaq mümkündür. Bununla belə, hansı platformaların geniş hücum paketində xüsusi olaraq aerobalistik raketləri daşıdığını ayırd etmək çətindir. Bəzi araşdırmalar aerobalistik raketlərin hava və raketdən müdafiə sistemlərindən daha üstün olduğunu bildirir. Xatırladaq ki, İsrail Suriyadakı hava hücumlarında “Rampage” aeroballistik raketindən, ruslar isə Ukraynada davam edən müharibədə “MiQ-31” platformalarından “Kinjal” aerobalistik raketindən (modifikasiyası dəyişdirilmiş “İsgəndər” raketləri) istifadə ediblər.

Digər kritik inkişaf “KızılElma”nın sınaq uçuşu ilə yaşandı. Əvvəlki nəşrlərdə bildirilmişdi ki, “KızılElma” altıncı nəsil taktiki aviasiyadan sonra (2040-2050-ci illərdən sonra) müdafiə texnologiyaları paradiqması üçün fürsətdir. Məlumdur ki, TUSAŞ şirkəti də “Anka-3” ilə oxşar layihəyə başlayıb. Türk hərbi aviasiyası daxili silah stansiyaları üçün həndəsi xüsusiyyətlərə malik və radarların kəsişmə sahəsini azaldan transonik uçuş rejimlərində işləmək üçün uyğun olan PUA proqramları hazırlayıb.

Hazırda 6 layihənin icra olunduğu insansız dəniz platformaları (İDP) növbəti vacib məhsullardır. İDP seqmentində dövlət-özəl tərəfdaşlığı çox vacibdir. “Marlin” adlı milli İDP-dən biri artıq NATO-nun birgə təlimlərində istifadə olunub və onun sualtı qayıqlara qarşı mübarizə portfeli xüsusilə diqqətəlayiqdir.

“Çakır” və “Atmaca” sahil əsaslı gəmi əleyhinə raketlər və qeyd olunan raketlərlə təchiz olunmuş ROKETSAN istehsalı “Barbaros” sahil müdafiə kompleksi də nəzərdən keçirilməlidir. Xatırladaq ki, Rusiyanın Qara dəniz donanmasının flaqman gəmisi “Moskva” kreyseri Ukrayna sahillərində yerləşən müdafiə sistemləri tərəfindən vurularaq batırılıb. Həmçinin 29 oktyabr 2022-ci ildə Rusiya Qara Dəniz Donanmasına qarşı dünyada ilk dəfə İDP-lərin istifadə edildiyi hücum tarixi bir hadisə idi. Türkiyənin İDP və onun sahildə yerləşən gəmi əleyhinə raket qabiliyyəti cari dəniz müharibəsi meyllərini təmsil edir.

2. 2022-ci ildə Türkiyə müdafiə sənayesinin potensialının artırılmasının geosiyasi nəticələri necə olub?

Türkiyə müdafiə sənayesinin həlləri arasında yüksələn PUA-ların, xüsusən də Ukrayna müharibəsinin ilk dövründə ciddi fərq yaratdığı müşahidə edilib. Faktiki olaraq, Rusiya Silahlı Qüvvələri paytaxt Kiyevə doğru irəliləyərkən “Bayraktar TB-2”lərin uğuru vəziyyətin qarşısını aldı.

Hazırda Qərb ölkələrinin Ukraynaya böyük hərbi yardım paketlərindən danışmaq olar. Bununla belə, yuxarıda qeyd olunan dövrdə bəzi Avropa ölkələrinin “dəbilqə və zirehli gödəkçə” yardımını müzakirə etdiyi və Ukrayna prezidenti Zelenskiyə təxliyə variantları təqdim edildiyi bir vaxtda “Baykar” istehsalı olan TB-2-lərin döyüşlərdə mühüm rol oynaması xüsusi əhəmiyyət kəsb edirdi.

2022-ci ildə başqa bir kritik inkişaf Türk Dünyası ilə həyata keçirilən PUA layihələrinin yüksəlişi oldu. Azərbaycanın “Baykar” və Qazaxıstanın TUSAŞ şirkətinin məhsulları üçün texnologiya transferi və birgə istehsal müqavilələri imzalaması diqqət çəkib. Qırğızıstan isə hər iki şirkətlə müqavilələr imzaladı. Türkmənistanın inventarında Türkiyə istehsalı olan TB-2-lərin olduğu məlumdur. Keçmiş sovet coğrafiyasında təsir imkanları baxımından Türkiyə alternativi olmayan NATO ölkəsidir.

3. Türkiyə müdafiə sənayesini nə gözləyir?

“TCG Anadolu” 2023-cü ildə yaxından izləniləcək layihələrdən biridir, çünki Türkiyənin güc proyeksiya qabiliyyətində bir dönüş nöqtəsi hesab olunur. Həmçinin, sözügedən döyüş gəmisinin TB-3 və “KızılElma” daşıyacağı faktı, əslində amfibiya hücum gəmisi olsa da, robotlaşdırılmış donanma aviasiya imkanlarına malik mini-təyyarə gəmisi kimi istifadə edilməsinə imkan verəcək. Robot dəniz aviasiyasına əsaslanan amfibiya hücum gəmisi dünyanın ilk dəfə şahid olacağı bir konseptdir.

MİLGEM layihəsinin davamı olan İstanbul sinfinə məxsus freqatları və “Reis” sinfinə məxsus sualtı qayıqları da yaxından izləyəcəyik. Digər kritik gündəmlər “İstanbul” sinfinə məxsus freqatlardakı Milli Buraxılış Sistemi və “Reis” sinfinə məxsus sualtı qayıqlardakı “Akya” ağır sinif torpedalarıdır.

2023-cü ildə Türkiyənin müdafiə ixracatının gəlir hədəfinin 4 milyard dollar olması da vacibdir. Xüsusilə Türkiyə ilə Körfəz Ərəb ölkələri arasında münasibətlərin normallaşması ilə indiki PUA ixracı daha da artacaq. Analiz edilən bazarda Türkiyənin əsas rəqibinin Çin olması geosiyasi baxımdan diqqət çəkən başqa bir məsələdir.

2023-cü ildə Türkiyənin ilk Milli Döyüş Təyyarəsinin (MMU) prototipi anqardan çıxacaq və biz hadisələri yaxından izləyəcəyik.

Nəhayət, 2022-ci ilin sonunda “Siper” hava hücumundan müdafiə sistemi 100 kilometr məsafədə sınaq hədəflərini uğurla məhv etdi. “Siper” ailəsinin müdafiə xarakterli strateji silah sistemi qabiliyyətinə çatma macərası gələcək illərdə izləyəcəyimiz digər mühüm müdafiə texnologiyası tendensiyası olacaq.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin