“Kargı” Türkiyənin “Harop”una çevrilə biləcəkmi? – ANALİZ

2022/12/12122-1670518204.jpg
Oxunub: 3542     20:27     08 Dekabr 2022    
“Vestel” elektron məişət texnikası ilə tanınan Türkiyənin ən böyük markalarından biridir. 2003-cü ildə şirkət “Vestel Savunma” adlı kompaniya yaradılması ilə müdafiə sənayesinə daxil olub. 20 ildən sonra, 2022-ci ildə törəmə şirkətin adını “Lentatek” olaraq dəyişdirib.

“Vestel Savunma” şirkətinin Türkiyədə Müdafiə Sənayesi Komitəsindən (SSB) aldığı qeyri-kafi dəstək də “Vestel”in qərarında mühüm rol oynadı. “Vestel” tərəfindən hazırlanan “Karayel” zərbə PUA-ları “Baykar” şirkətinin “Bayraktar TB-2” PUA-sı ilə oxşar xüsusiyyətlərə malik olsa da, Türkiyə Silahlı Qüvvələrinin (TSK) inventarına daxil edilməyib. Türkiyə Hərbi Hava Qüvvələrinin PUA ehtiyaclarının bir çoxu “Baykar” tərəfindən qarşılanıb və “Vestel” Türkiyə ordusundan müqavilə ala bilməyib. Bununla belə, “Lentatek” yeni məhsulu olan “Kargı” ilə oyuna qayıtmış kimi görünür. Bəs, “Kargı” nə edəcək, hansı funksiyaları yerinə yetirəcək və TSQ-yə hansı imkanlar gətirəcək?


“Kargı” “gəzən sursat”dır. Görüş məsafəsindən kənarda quru hədəfləri, radar qurğuları və partlayıcı döyüş başlığı olan mobil raket buraxılış sistemlərini məhv etmək üçün nəzərdə tutulub. “Gəzən sursatlar” çox vaxt portativ olur, bir çoxu piyadalar tərəfindən əldə daşınır. Sürətli qoşunları dəqiq döyüş sursatları ilə təmin etmək üçün nəzərdə tutulub. Onlar yüksək keyfiyyətə malik elektro-optik və infraqırmızı kameralarla təchiz olunub, bu kameralar texnikanın yerini müəyyənləşdirməyə, izləməyə və hədəfə doğru istiqamətləndirməyə imkan verir. “Gəzən sursat”ların əsas xüsusiyyəti, zərbə endirməzdən əvvəl uzun müddət havada “gəzmək” qabiliyyətidir və bu qabiliyyət nəzarətçiyə nə vaxt və nə vuracağına qərar vermək üçün vaxt verir.

“Kargı” “gəzən sursat” layihəsi olaraq 2015-ci ildə Türkiyə ordusunun ehtiyaclarını qarşılamaq üçün başladılıb. “Kargı”nın prototipi ilk dəfə “Efes-2022” təlimi çərçivəsində 2022-ci ilin iyununda İzmirin Seferi-Hisar şəhərində keçirilən Müdafiə Sənayesi Sərgisində nümayiş etdirildi.


“Kargı” ASELSAN, TÜBİTAK SAGE (Müdafiə Sənayesi Tədqiqat və İnkişaf İnstitutu) və TEI (mühərrik istehsalı üzrə TUSAŞ-ın tərəfdaş şirkəti) ilə birlikdə baş podratçı qismində “Lentatek”in iştirak etdiyi çox böyük bir layihədir. “Kargı”da istifadə edilən PG-50 adlı mühərrik TEI, RF (radio tezliyi) axtarış sistemləri ASELSAN və döyüş başlığı TÜBİTAK SAGE tərəfindən istehsal olunur. Yerüstü idarə sistemləri, naviqasiya və avtomatik uçuş idarəetmə sistemi və sistem proqram təminatının hazırlanması “Lentatek” tərəfindən həyata keçirilib.

Test uçuşları uğurla başa çatdıqdan sonra “Kargı”nın TSQ-nin tələblərinə cavab verə biləcəyini müəyyən etmək üçün sistemin sınaqdan keçirilməsindən ibarət olan dövlət qəbul testinə daxil olmağa hazırdır. Bu qəbulla “Kargı” kvalifikasiya edilmiş sursat sayılacaq. Prototip sistem təhvil verildikdən sonra ayrıca müqavilənin imzalanması gözlənilir. “Kargı” ilkin olaraq 2002-ci ildə istifadəyə verilən və indi istismar müddətini başa vurmaq üzrə olan “Harpy” PUA sistemlərini əvəz edəcək.


Türkiyə 2002-ci ildə İsrailin IAE şirkətindən SEAD (düşmənin hava hücumundan müdafiəsinin susdurulması) və DEAD (düşmənin hava hücumundan müdafiəsinin məhv edilməsi) missiyaları üçün istifadə edilmək üçün 108 milyon dollara 80 “Harpy” adlı “gəzən sursat”lar alıb. “Harpy” passiv RF siqnal aşkarlama sensoru və qanadlarında antenaları olan radar ovlayan PUA-dır. Müəyyən bir radar işə salındıqda, “Harpy” radar stansiyasının antenasına enir və partlayıcı bomba ilə radarı məhv edir.

Ancaq TSQ “Harpy”nin səmərəliliyindən məmnun olmadı. Buna görə də, 2007-ci ildə TSQ əməliyyat ehtiyaclarını ödəmək üçün “Harpy”nin təkmilləşdirilmiş versiyası olan 48 ədəd “Harop”u 75 milyon dollara almaq üçün IAI ilə razılaşdı. “Harpy” və “Harop” arasındakı əsas fərq, “Haro”pun burnunda elektro-optik gündüz/gecə kamera sistemi ilə təchiz edilmiş və məlumat bağlantısı sistemi vasitəsilə canlı görüntüləri ötürə bilməsidir. Lakin Türkiyə ilə İsrail arasında münasibətlərin pisləşməsi səbəbindən satınalma ləğv edildi.


“Lentatek” “Kargı”nın texniki xüsusiyyətləri ilə bağlı heç bir məlumat dərc etməyib, lakin biz “Kargı”nın texniki xüsusiyyətlərini onun prototipini və müxtəlif vaxtlarda bu barədə verilən açıqlamaları diqqətlə təhlil edərək müəyyən edə bilərik.

Burnunda yerləşən passiv RF qəbuledicisi sayəsində “Kargı” ətrafdakı radarlardan gələn emissiyaları təsbit edə bilir. O, yaddaşına yüklənmiş missiya məlumat faylında düşmən radarı kimi təyin olunan RF emissiya mənbələrini kamikadze hücumla məhv edə bilir. “Kargı” təxminən altı saat havada qala bilir. O, 30 kiloqramlıq döyüş başlığına malikdir. “Kargı”da “Harop” kimi optik axtarış sistemi (FLIR) yükü yoxdur. Bununla belə, FLIR faydalı yükü bu mərhələlər üçün əlavə xüsusiyyətdir.

Nəticə

Ukrayna-Rusiya müharibəsində Rusiyanın Ukraynanın hava hücumundan müdafiə sistemlərini və şəhər infrastrukturunu zərərsizləşdirmək üçün İran istehsalı olan “gəzən sursat”lardan səmərəli istifadə etməsi onu deməyə əsas verir ki, bu sursatlar tezliklə əməliyyat sahəsinin əvəzedilməz elementləri sırasında olacaq. “Lentatek” şirkəti bu kritik qabiliyyəti TSQ-yə “Kargı” ilə təmin edəcək. Üstəlik, Rusiya prezidenti Vladimir Putinin oktyabrda Valday forumunda etdiyi çıxışında bildirdiyi kimi, dünya kritik 10 illik qeyri-müəyyənlik dövrünə qədəm qoyur. Bu səbəbdən TSQ-nin müasir silah və sistemlərə sahib olması artıq Türkiyə üçün lüks deyil, zərurətdir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kargı   Türkiyə   Harop  


Bizi "telegram"da izləyin