İranın Qarabağla bağlı təbliğatı necə və niyə iflasa uğradı? – ANALİZ

2022/11/1667477668.jpg
Oxunub: 1842     16:32     03 Noyabr 2022    
İki il əvvəl Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarını azad etmək üçün başladığı əməliyyat regionda əsas gündəm məsələsi kimi önə çıxır. Azərbaycanın torpaqlarını işğaldan azad edərək əldə etdiyi tərəqqi region ölkələri tərəfindən də diqqətlə izlənilir. Xüsusilə İranın bu prosesə marağı və münasibəti ən çox diqqət çəkən məqamlardan biridir. İran geosiyasi şəraitə və daxili dinamikaya görə bu prosesi əvvəldən həssaslıqla izləyir.

İranın təbliğat fəaliyyətində ən böyük strateji səhvi Türkiyə haqqında mənfi rəy yaratmaq cəhdləri olub. Təbliğat fəaliyyətini istiqamətləndirən amillərin yanlış qiymətləndirilməsi səbəbindən bu cəhd uğursuzluğa məhkum oldu.

İranın Qarabağa marağı və münasibəti münaqişənin başlaması ilə eyni vaxtda inkişaf etdi. Azərbaycanın qələbəsi ilə mövcud status-kvonun sarsıldığını yaxından müşahidə edən İran bu vəziyyətdən narahatdır. Qeyd olunan narahatlığın mənbəyi kimi Azərbaycanın regionda artan effektivliyi və gücünü, Türkiyənin qlobal və regional səviyyədə genişlənən təsir dairəsinə yenisinin əlavə olunmasını və İrandakı türklərin siyasi həssaslığını qeyd etmək olar. Bu amillər İranın bu prosesi təbliğat fəaliyyəti ilə manipulyasiya edə biləcəyi bir proses kimi görməsinə səbəb olub.

Təbliğat fəaliyyətində hədəf auditoriya

İranın təbliğat konsepsiyası analitik olaraq qiymətləndirildikdə bir neçə fərqli element ön plana çıxır. Birincisi, İranın müharibə zamanı Qarabağla bağlı təbliğat konsepsiyasında hədəf auditoriya Azərbaycan xalqı, İran türkləri və beynəlxalq ictimaiyyətdir. Digər tərəfdən, bu hədəf qruplar üçün “Qarabağ İslam torpağıdır”, “Fələstini müdafiə etdiyimiz kimi Qarabağı da müdafiə edirik”, “Qarabağ Azərbaycanın suverenlik ərazisidir”, “Təkfirçi qruplar Qarabağa doğru hərəkət edir” və “Türkiyə regionda qeyri-sabitlik doğurur” mesajlarından istifadə olunurdu. İranın təbliğat fəaliyyətinin aktorları rəsmi məmurlar, ruhanilər və media qurumlarıdır. İranın təbliğat fəaliyyəti ilə Azərbaycan xalqının rəğbətini qazanmaq, İran türklərinin siyasi həssaslıqlarını nəzarətdə saxlamaq və beynəlxalq ictimaiyyətə müsbət imici təqdim etmək məqsədi daşıyırdı. Digər tərəfdən Türkiyənin bölgədəki nüfuzunu tarazlaşdırmaq üçün “təkfirçi qruplar-Türkiyə əlaqəsi” anlayışını ortaya qoymağa çalışırdı.

Ancaq bu hədəf auditoriya, mesaj və aktorlardan ibarət təbliğat anlayışı və fəaliyyətləri qısa müddətdə sıx reaksiyalar və tənqidlərlə üzləşdi. Bu prosesdə İranın müsbət imic və təsir yaratmaq layihəsi əks nəticə verdi və hədəf auditoriya qarşısında mənfi imicini daha da dərinləşdirdi. Bəs, İranın təbliğat fəaliyyətinin qısa müddətdə iflasa uğramasına səbəb olan əsas amillər hansılardır? Təbliğat fenomeninin prinsipial tələbləri ilə İranın praktikada nümayiş etdirdiyi təcrübələri müqayisəli şəkildə dəyərləndirərək bu sualın cavabını verə bilərik.

Mesajlar etibarsızdır, hərəkətlər uyğunsuzdur

Bu kontekstdə birinci amil olan mənbə/aktor etibarlılığı məsələyə aydınlıq gətirir. Təbliğat fəaliyyəti çərçivəsində mənbə və ya aktorun hədəf auditoriya tərəfindən “etibarlı” kimi qəbul edilməsi uğurun ilkin şərtidir. Bu baxımdan İranın Qarabağ məsələsində Azərbaycanın haqlılığını müdafiə edən mövqe ortaya qoymaq cəhdi etimad ilkin şərtinə cavab vermədiyi üçün uğursuzluğa düçar oldu. 1992-1994-cü illərdən etibarən İranın Azərbaycanı və İran türklərini geosiyasi və təhlükəsizliyə təhdid kimi qəbul etməsi İran və Ermənistan arasında yaxınlaşma yaratdı. Uzun illər iqtisadiyyat, enerji və hərbi sahədə inkişaf edən İran-Ermənistan əlaqələri Azərbaycan xalqının və İran türklərinin düşüncəsində reaksiya yaratdı.

İkincisi, “diskurs-fəaliyyət uyğunluğu” təbliğat fəaliyyətində digər vacib şərtdir. Təbliğat prosesində istifadə edilən danışıq və mesajlar ilə praktiki vəziyyət arasındakı uyğunluq və ya uyğunsuzluq təbliğatın uğur və ya uğursuzluğunu müəyyən etmək gücünə malikdir. İranın Qarabağ məsələsində ritorikasına və Azərbaycanın suverenlik hüquqlarını müdafiə etməsinə baxmayaraq, İran üzərindən Ermənistana göndərilən silah yardımı və PKK terror təşkilatının İran üzərindən Qarabağ bölgəsinə keçməsi bu məqamda danışıq-hərəkət uyğunsuzluğunu ortaya qoyurdu. Lakin İran Ermənistanı Qarabağ ərazisində işğalçı dövlət kimi qələmə versə də, Ermənistanla münasibətlərində heç bir iqtisadi və siyasi-diplomatik təzyiq elementindən istifadə etmir. Sərhəd xəttindəki bir çox rayonların işğaldan azad edildikdən sonra İranın bu bölgələrdə hərbi güclənməsi də bu uyğunsuzluğu gücləndirdi. Çünki Qarabağda münaqişə prosesi başlayandan İran rəsmən bəyan etmişdi ki, Qarabağ Azərbaycanın işğal olunmuş ərazisidir və Azərbaycanın bu bölgədə suverenlik hüququ var. Lakin Azərbaycanın işğal olunmuş ərazilərini azad etməkdə əldə etdiyi irəliləyişdən sonra İran sərhəd bölgəsinə intensiv hərbi yük göndərib, geniş miqyaslı təlimlər keçirib. Bu vəziyyət İranın danışıq-fəaliyyət uyğunsuzluğunu kəskin şəkildə ortaya qoyur.

Nəhayət, təbliğat fəaliyyəti üçün münasib zəminlərin olması bu fəaliyyətlərin uğuruna təsir edən digər amildir. Uyğun ictimai-siyasi və ya sosial-psixoloji şəraitdə üzə çıxan mesajların hədəf auditoriyaya təsiri daha güclü olur. Bu kontekstdə İranın bu şərtə çox ciddi etinasız yanaşdığı görünür. Azərbaycan xalqının və İran türklərinin məzhəb kimliyindən kənarda milli siyasi şüur və həssaslığa malik olması İranın dini və məzhəb kimliyini vurğulayan mesajlarının bu hədəf qruplar tərəfindən gözdən salınmasına səbəb olur. Üstəlik, sözügedən məzhəb və dini vurğuların yalnız “hədəf auditoriyaya təsir etmək” məqsədi daşıdığının qəbul edilməsi hədəf auditoriyanın bu mesajlara olan marağını daha öncədən azaldıb.

Azərbaycan-Türkiyə əleyhinə təbliğat İranı gözdən saldı

İranın təbliğat fəaliyyətində ən böyük strateji səhvi Türkiyəyə qarşı mənfi imic yaratmaq cəhdləri oldu. Təbliğat fəaliyyətinə istiqamət verən amillərin yanlış qiymətləndirilməsi səbəbindən Türkiyəyə qarşı bu cəhd yenə uğursuzluğa məhkum oldu. Bunun səbəbi İranın təşəbbüsünün mənbə/aktor etibarı və müvafiq təbliğat bazası tələblərinə böyük ölçüdə məhəl qoymamasıdır. İranda Türkiyəyə qarşı mənfi münasibət bəsləyən aktorların Türkiyə ilə bağlı təqdim etdikləri “Təkfirçi qruplarla əməkdaşlıq”, “İsraillə əməkdaşlıq”, “Regionda qeyri-sabitlik yaratmaq cəhdləri” kimi imic klasterləri hədəf auditoriyaya təsir edə bilməyib. Bu fəaliyyətlərlə Azərbaycan xalqı və İran türkləri arasında Türkiyəyə rəğbət itkisi yaratmaq, lakin sonda həqiqətə uyğun olmayan iddiaları ilə etibarını itirən İranın özü oldu. Çünki İranın hədəf auditoriyası kimi müəyyən etdiyi Azərbaycan xalqının və İran türklərinin Türkiyəyə olan rəğbəti və müsbət baxışı da bu auditoriyanın neqativ təbliğat üçün yararsız olduğunu ortaya qoydu. Digər tərəfdən, 2014-cü ildən bu yana “təkfirçi qruplarla mübarizə” diskursunu əsas təhlükəsizlik arqumentləri sırasına daxil edən İranda xalqın böyük bir hissəsi ölkənin resurslarının xaricdəki milis qruplarına ötürülməsinin səbəbi kimi bu diskursu görür.

Ortaya çıxan mənzərə İranın Qarabağ məsələsi ilə bağlı təşəbbüsü nəticəsində təbliğat fəaliyyəti baxımından böyük uğursuzluğa düçar olduğunu açıq şəkildə göstərirdi. Uzun illər təbliğat fəaliyyətini uğurla həyata keçirdiyi qəbul edilən İranın yaşadığı bu uğursuzluq bu sahədə qəbul edilən qabiliyyətini şübhə altına qoyub.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Qarabağ   Ermənistan  


Bizi "telegram"da izləyin