“Qırmızı xətləri” keçən İran son addımlarını atır – ANALİZ

2022/10/56-1666762504.jpg
Oxunub: 8111     10:12     26 Oktyabr 2022    
Geosiyasi və geoiqtisadi baxımdan İran 2020-ci il müharibəsindən sonra Cənubi Qafqazda təsirini itirib. Tehran müharibə zamanı region üzərində təsir rıçaqlarını itirdiyinə görə Ermənistanla münasibətlərini möhkəmləndirmək qərarına gəlib. Qafanda konsulluğun açılması, Zəngəzur dəhlizinə qarşı çıxması və digər amillər bunun göstəricisidir.

İndiki şəraitdə İran Türkiyə ilə düşmənçilik edəcəkmi? İranın yeni hesablamaları regionda gələcək geosiyasi dəyişikliklərdən və Rusiyanın onlara necə reaksiya verəcəyindən asılı ola bilər.

30 il əvvəl Sovet İttifaqının dağılmasından bəri İran Cənubi Qafqazda baş verənləri səbirlə və ehtiyatla izləyir. Tehranın əsas strateji hədəfi ABŞ-İsrailin bölgəyə nüfuzunun qarşısını almaq olub və o, Rusiyanın bölgədəki, xüsusən də Ermənistandakı siyasi və hərbi mövcudluğuna Qərbin fəaliyyətlərinə qarşı bufer zona kimi baxıb.

Türkiyə və Rusiya arasında münasibətlərin yaxşılaşması İranı ən çox narahat edən məsələlərdən bidir. İran siyasətçiləri Türkiyənin Rusiya ilə əməkdaşlıq edərək regionda qərb təsirini azaldacağını düşünürdülər. Ancaq İran səhv edib. İki dövlətin yaxınlaşması İranın regionda mövcudluğunu azaldıb.

Müharibə zamanı İran Azərbaycanın suverenliyini qəbul etdi və dəstəklədi. Ancaq bu gün İran guya Ermənistanın “suverenliyini” dəstəkləyir. Qısa müddət ərzində siyasi kursun dəyişməsi Tehrana ağır başa gəlib. Azərbaycan və Türkiyə arasında imzalanan Şuşa Bəyannaməsi Tehranı çəkindirən ən vacib amillərdən biri, bəlkə də birincisidir. İran hər keçən gün Cənubi Qafqazda təsirinin sıfıra endiyini anlayır və buna hərbi təlimlər formasında reaksiya verir.

İranda Azərbaycanla həmsərhəd bölgələrdə 45 milyona yaxın etnik azərbaycanlının yaşadığını nəzərə alsaq, Tehran Zəngəzur dəhlizinin yaradılmasını təkcə Azərbaycan və Türkiyə arasında birbaşa quru əlaqəsi yaratmaq deyil, həm də İranı əhatə edəcək “türk qövsü” kimi görür. Bu arada Zəngəzur dəhlizi İranın Gürcüstan, Qara dəniz və Rusiyaya alternativ çıxışını kəsə, İranı yalnız Azərbaycan və ya Türkiyə ərazisindən keçən marşrutlardan istifadə etməyə məcbur edə bilər.

2021-ci ilin sentyabr ayının əvvəlindən Azərbaycan Ermənistanı İranla birləşdirən və qismən Azərbaycanın nəzarəti altında olan Gorus-Qafan magistral yolu boyunca İran yük maşınlarını yoxlamağa və vergiyə cəlb etməyə başlayıb. İran buna sərt reaksiya versə də, indiyədək bu yoldan pulsuz və qanunsuz istifadə etdiyini xatırlamır, Xankəndiyə daşımaları təkzib edir.

İranın həm ötən il, həm də bu il keçirdiyi təlimlərin əsas səbəbi şantajdır. Diplomatik masada uğursuz olan İran bu yola əl atıb güc nümayişi ilə hansısa üstünlük qazanmağa çalışır. Ancaq bu proses uğursuzluğa məhkumdur.

2020-ci il müharibəsindən sonra İran iki amili önə çıxararaq etiraz etməyə başlayıb: Sərhədlərin dəyişdirilməsi və İsrailin mövcudluğu. Ancaq bu proses indi başlamayıb. Sərhədlər ötən əsrin sonlarında Ermənistan tərəfindən güclə dəyişdirilib və İsrail ötən əsrin sonlarından Azərbaycanla əməkdaşlıq edir. Niyə İran indi etiraz edir? Səbəb budur ki, artıq bölgədə Azərbaycan öz sözünü deyir və İran Azərbaycanın güclənməsini həzm edə bilmir.

İran Cənubi Qafqazda özü üçün qırmızı xətlər çəksə də, bu xətləri özü çoxdan keçib. Həm nüvə, həm də Ukrayna məsələrinə görə küncə sıxışdırılan İran son addımlarını atır. Sərhəddə keçirilən təlimlər də bu addımlardan biridir.

Asif Cəfərov 
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Qafqaz  


Bizi "telegram"da izləyin