Rusiya Ukraynada İrana məxsus PUA-lardan necə istifadə edir? – ANALİZ

2022/10/56-1666592854.jpg
Oxunub: 7771     10:24     24 Oktyabr 2022    
Ukraynanın digər bölgələrində baş verən hərbi uğursuzluqlara cavab olaraq Rusiya oktyabrın 17-də Kiyevin mərkəzinə hücum etmək üçün PUA-lardan istifadə etdi. Bu sistemlər İran tərəfindən təchiz edilib.

1. Rusiyaya hansı PUA-lar verilib?

“Şahed-136” adlandırılan bu “gəzən sursat”ları kamikadze tipli PUA-lar adlandırırlar, çünki onlar öz missiyalarından bütöv çıxmaq üçün nəzərdə tutulmayıblar. Amma onlar PUA-dan daha çox idarə olunan raketlərdir. “Şahed-136”ların delta qanadları və pərlə idarə olunan mühərrikləri var və bunların sayəsində zərbə vurmazdan əvvəl saatlarla obyektlər üzərində hərəkətdə ola bilərlər. Ukraynadakı müharibədə yeni olsa da, “Şahed” 1980-ci illərdən bəri mövcud olan, əsasən “Alibaba” kimi mağazalarda satılan kommersiya tipli GPS sistemlərinin daxil edilməsi ilə təkmilləşdirilmiş yavaş, alçaqdan uçan “gəzən sursat” ailəsindəndir.

2. İran PUA-ları Ukraynada nə vaxtdan istifadə olunur?

ABŞ-ın məlumatına görə, Rusiya avqustun sonunda İrandan 1000 PUA alıb. Növbəti ay ruslar onlardan cənubdakı liman şəhəri Odessaya hücum etmək üçün istifadə etməyə başladılar. Bundan bir neçə ay əvvəl ukraynalılar Rusiya qüvvələrini Virciniya ştatında yerləşən “AeroVironment” şirkəti tərəfindən istehsal edilən daha kiçik “Switchblade 300” kamikadze PUA-ları ilə vururdular.

3. İranın rolu nədir?

İran Rusiyanın Ukraynadakı müharibəsində iştirak etmədiyini deyir və orada istifadə üçün hər hansı silah ixrac etdiyini rədd edir. Ukrayna bu iddialara inanmayıb və İranın səfirini ölkədən qovub. Rusiya tərəfindən “Geran-2” adlandırılan PUA-ların qalıqları vurulduqdan sonra tapılıb və sübut kimi qəbul edilib.

4. “Şahed”lərdən istifadə etməyin üstünlüyü nədir?

Rusiya dəqiq idarə olunan raket ehtiyatını tükəndirdiyi və sanksiyalar altında olduğu üçün yenilərini hazırlamağa çətinlik çəkindiyindən İranın dəqiq, orta mənzilli silahlarına ehtiyacı var. Bir qanadlı raketə bərabər zərbə qüvvəsinə nail olmaq üçün bir neçə PUA lazım ola bilər, lakin ucuz olduqları üçün onlardan daha çox istifadə etmək olar. Nisbətən yavaş hərəkət etsələr də, alçaqdan uçurlar və bəzi hava hücumundan müdafiə sistemləri ilə onların yerini müəyyən etmək və vurmaq çətin ola bilər. Çox vaxt onları vurmaq üçün istifadə edilən hava hücumundan müdafiə raketləri daha baha başa gəlir.

5. Ruslar onlardan necə istifadə edirlər?

Kiyev və Odessa kimi şəhərlərə qarşı tətbiq edilən “Şahed” sakinlərə psixoloji təsir göstərir, qorxu yayır və gündəlik fəaliyyəti pozur. Onlardan cəbhədə də istifadə olunub, bəzi rusiyalı hərbi bloqçular Ukrayna zirehli personal daşıyıcılarının və artilleriya hissələrinin “Şahed”lər tərəfindən məhv edildiyini iddia etdikləri şəkilləri dərc ediblər. Rusiyayönlü onlayn saytlarda PUA-ların Ukrayna zenit batareyalarını məhv etmək üçün sürü şəklində istifadə oluna biləcəyinə dair fərziyyələr var. Bu ümidlər hələ də özünü doğrultmur.

6. PUA-lara qarşı müdafiə necə təşkil olunur?

Onları köhnə tipli zenit silahları, eləcə də daha təkmil raket əleyhinə müdafiə vasitələri ilə vurmaq olar və ukraynalılar onlardan bəzilərini zərərsizləşdiriblər. Ukraynada əsas çətinlik məhdud hava hücumundan müdafiə vasitələrinin harada yerləşdiriləcəyinə qərar verməklə bağlıdır. “Şahed” yüzlərlə kilometr uça bilir. Ukrayna rəsmiləri daha mükəmməl İran PUA-larını vurmaqda təcrübəyə malik olan İsraildən hava hücumundan müdafiə sistemləri almaqda maraqlı olduqlarını bildiriblər. İsrailin bu cür avadanlığı təmin etməsi Rusiya ilə münasibətləri poza bilər. Suriyada hərbi varlığını davam etdirən Rusiya İsrailin oradakı hücumlarına göz yumub. Xüsusilə qeyd edək ki, bu zərbələr İranın “Hizbullah”a silah tədarükünü hədəf alır.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   İran   PUA  


Bizi "telegram"da izləyin