Yunanıstan Türkiyə üçün təhlükə yarada bilər? – ANALİZ

2022/12/33-1671712336.jpg
Oxunub: 3060     20:02     22 Dekabr 2022    
Ermənilər və yəhudilər kimi yunanlar da lobbiçilik fəaliyyətlərində ön plana çıxırlar. Cənubi Kiprin 100-dən çox lobbisi ilə Amerikadakı yunanlara verdiyi dəstəyə əlavə olaraq, 1974-cü ildən sonra Erməni Lobbisi ilə ittifaq bağlayan Yunanıstanın ABŞ-da lobbiçilik fəaliyyətində aktiv mövqedə olduğunu söyləmək olar.

Yunanıstan Türkiyə ilə hər böhran dövründə dəstək axtarmaq üçün lobbiçilik fəaliyyəti ilə məşğul olmağa meyllidir. Afinanın bu fəaliyyətlərinə dəstək Sevr müqaviləsini dəstəkləyən ölkələrdən gəlir. Yunanıstan Amerika Birləşmiş Ştatlarında mövcud olan “American Helenic Educationoanl Progressive Association” (AHEPA) və “American Helenic Institute” (AHI) lobbiləri vasitəsilə Türkiyəyə Kipr, Patriarxlıq, Seminariya, Qərbi Trakya, Ege dənizindəki məsələlərlə bağlı problemlər yaradır, Türkiyənin silah alışına qarşı olan siyasətçilərə dəstək verir. ABŞ prezidenti Co Baydenin prezidentliyindən sonra Yunanıstan-ABŞ münasibətlərində böyük irəliləyiş oldu və Yunan Lobbisinin Türkiyə əleyhinə fəaliyyətlərində nəzərəçarpacaq dərəcədə artım baş verdi. Yunanıstan təkcə ixtiyarında olan lobbilərlə özünü dəstəkləmir, həm də Türkiyənin ABŞ-la münasibətlərinə xələl gətirməyə çalışır. Bu gün Yunanıstanın Türkiyəyə qarşı ən böyük dəstəkçiləri ABŞ-dakı lobbiləridir.

Yunanıstanın iqtisadi potensialı

Digər qərb ölkələri kimi Yunanıstan da əhalisinin sürətlə qocaldığı bir ölkə kimi diqqət çəkir. Lakin onun da digər Avropa dövlətləri kimi əhalisini artırmaq siyasəti yoxdur. Yunanıstan mühafizəkar idarəetmə formasını siyasi ənənə kimi qəbul edərək varlığını qoruyub saxlamağa çalışır. Mümkün bir sənayeləşmə fəaliyyəti göstərmək gücünə malik olmayan Yunanıstanın artan əhalisini təmin edəcək texniki təhsili və istehsalı yoxdur - üstəlik, beyin axını çox sürətlənib. Bəzi yunan liderlərinin beyin axınının qarşısını almaq vədlərinə baxmayaraq, bu istiqamətdə heç bir irəliləyiş əldə olunmayıb və Yunanıstanın itirilmiş ixtisaslı əhalini əvəz edəcək texniki-iqtisadi səriştəsi yoxdur.

Yeraltı sərvətləri baxımından çox müsbət bir mənzərə təqdim etməyən Yunanıstanın coğrafiyası da sənaye gedişləri edəcək infrastruktura malik deyil. Ölkədə əkin sahələri əsas qidalanma üçün kifayət deyil. İstehsal üçün lazım olan xammalın daşınması bütünlüklə sahil boyu gəmilər və limanlar vasitəsilə təmin edilir. Bu gün dəniz nəqliyyatı olmasa, Yunanıstan nəqliyyatda çətinlik çəkə bilər. Əslində Yunanıstanda daşınma üçün lazım olan yersütü daşıma Avropa standartlarından çox aşağıdır. Bu vəziyyət sənaye gedişi edə biləcək bir ölkə üçün çox mənfi bir mənzərə təqdim edir.

Ancaq Yunanıstan ölkənin coğrafi mövqeyi, xüsusilə adaların yerləşməsi səbəbindən şirin su böhranı yaşayır. Qlobal istiləşmənin təsiri ilə böyük problemlərin ortaya çıxacağı proqnozlaşdırılsa da, Yunanıstanın dövlət idarəçiləri həm məsələyə münasibət bildirmirlər, həm də bu vəziyyətə diqqət yetirməməkdə israrlıdırlar. Bu vəziyyətin Yunanıstan iqtisadiyyatı üçün həyati əhəmiyyət kəsb edən balıqçılıq, tərəvəz və meyvə istehsalına, habelə ən əhəmiyyətli gəlir mənbəyi olan turizmə mənfi təsir göstərəcəyini əminliklə görmək olar.

Ümumilikdə Aİ-nin, xüsusən də Almaniyanın bütün təşviq və dəstəyinə baxmayaraq, Yunanıstanın sənaye layihələri və fəaliyyətləri bəzi yerlərdə yarımçıq qalıb, bəzilərində isə heç başlamayıb. Dövlət adamlarının rüşvət verməsi, layihələrin yanlış planlaşdırılması, siyasi münaqişələr kimi daxili səbəblərdən sənaye zonası layihələrindən imtina edilib. Bununla belə, ölkənin texniki tələbələrini hazırlamaq üçün mövcud olan təhsil müəssisələri son zamanlar inkişaf edən texnologiyalarla inteqrasiyadan uzaqdır.

Yunanıstanda korrupsiya və rüşvətxorluq

Siyasi baxışa gəlincə, Yunanıstandakı siyasi münaqişədən doğan səriştəsizliyin ifrat səviyyədə olduğunu söyləmək olar. Dövlət qulluğu vəzifələrinə şəxslərin siyasi mənsubiyyətinə görə təyin edilməsi, hətta hava qüvvələrinə pilotların seçilməsi üçün korrupsiyaya yol verilməsi faktları mediada yayılan xəbərlər arasındadır. Yenə ötən illərdə polisin rüşvət alması, cinayətkarlarla əməkdaşlıq edilməsi faktları üzə çıxıb. Ölkənin xarici mənbələrdən silah almasına gəlincə, yüksək vəzifəli şəxslərin və siyasətçilərin Almaniya və Fransa şirkətlərindən silah almaq üçün rüşvət aldıqları üzə çıxıb. Yunanıstandakı bu rüşvət hadisələri ilə bağlı 2 yanvar 2014-cü il tarixli qəzetlərdə Yunanıstanın məhkəmə sistemi yüksək rütbəli hərbçilərin 1990-2000-ci illər arasında Müdafiə Nazirliyində 10-dan çox silahlanma proqramında rüşvət qarşılığında biznes yaratdıqlarını müəyyən edib.

“Transparency International”ın məlumatına görə, Yunanıstanda korrupsiya və rüşvətxorluq əsas problem olaraq qalır. Yenə bu qurumun məlumatına görə, rüşvət 2007-2008-ci illərdəki böhranla pik həddə çatıb və bu gün Yunanıstan son 10 ildə rüşvətin ən çox artdığı ölkələr arasında 49-cu yerdədir.

Bütün bunlarla yanaşı, Yunanıstanın baş naziri Kiryakos Mitsotakisin qeyri-qanuni yollarla müxalifət liderlərini dinləməyə və izləməyə vadar etməsi də məlum faktdır. Ancaq Türkiyə ilə davam edən böhran səbəbindən müxalifət o qədər də ciddi addım atmır, iqtidaryönlü media isə bu xəbərlərə məhəl qoymur.

Yunanıstanın Türkiyəyə qarşı siyasəti

Türkiyə ilə Yunanıstan arasındakı rəqabət Yunanıstanın orta və uzunmüddətli perspektivdə uğur qazanması üçün mümkün görünmür. Ölkə idarəçiləri tərəfindən saxta gündəmlər yaradaraq, başqa ölkələrdən silah tədarük etməklə “Türkiyə üzərində üstünlük əldə edilib” hissini ictimaiyyətə ötürmək sırf daxili siyasi diskursdan o yana keçməyəcək. Yunanıstanın demoqrafik, iqtisadi və hərbi güc və çatışmazlıqlarının fərqində olmadan Qərb dövlətlərinin dəstəyi ilə Türkiyəyə qarşı mübarizəyə daxil olması tarixin təkrarlanacağına işarə kimi yozulmalıdır. Çünki mövcud məlumatlar Yunanıstanın bu mübarizədə qalib gəlmək şansının olmadığını göstərir.

Qərbin Yunanıstana qarşı yanaşması ondan ibarətdir ki, əgər onlar Afina ilə yaxşı davranmasalar, sonuncu başqa güclərlə əməkdaşlıq edə bilər. Çünki Çin-Rusiya əməkdaşlığının yaxın illərdə reallaşacağı ehtimal edilən Aralıq dənizində birgə fəaliyyətləri Türkiyənin ABŞ və Aİ ölkələri qarşısında əhəmiyyətini və mövqeyini daha da artıracaq və Yunanıstana edilən bu güzəştlər o vaxt edilməməlidir. Türkiyənin Rusiya-Çin ittifaqında iştirakı və bu bloka üstünlük verməsi Aİ-ABŞ-ın öhdəsindən gələ biləcəyi seçim olmayacaq.

Digər tərəfdən, Yunanıstan dövləti ölkənin Aİ və ABŞ ilə tam uyğunlaşmasını istəyir. Lakin ABŞ-ın bunu qəbul etməsi üçün Yunanıstanın enerji tənliyinə daxil edilməsi lazımdır ki, bu da hələlik mümkünsüzdür. Yunanıstan enerji daşıyıcısı sahəsində heç bir rol ala bilməsə, ABŞ Yunanıstanla tam inteqrasiyaya üstünlük verməyəcək.

Yunanıstan üçün yeganə həll yolu Şərqi Aralıq dənizində neft və təbii qaz nəqlində “Avropanın qapısı” rolunu öz üzərinə götürmək olacaq. Yunanıstan bunun üçün Misir və İsrail kimi ölkələrlə danışıqlar aparsa da, Türkiyə bu ölkələr üçün daha strateji mövqedədir. Yunanıstanın ABŞ və Aİ üçün əvəzedilməz mövqedə olmasının yeganə yolu yuxarıda qeyd etdiyimiz “enerji qapısı” olmaqdır. Bütün bu səbəblərə görə Yunan dövləti Türkiyə üçün təhlükə olmayacaq. Çünki Yunanıstan həm strateji, həm də yerüstü ərazi və əhali baxımından bu şərtlərə cavab vermir.

Dəyanət Ağalarlı  
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yunanıstan   Türkiyə  


Bizi "telegram"da izləyin