Qərb Rusiyanın nüvə təhlükəsi ilə bağlı yanlış təsəvvürə malikdir – ANALİZ

2022/10/1665469924.jpg
Oxunub: 3617     10:30     11 Oktyabr 2022    
Rusiya Federasiyasının qismən səfərbərlik elanı və Rusiya prezidenti Vladimir Putinin nüvə təhdidi ilə bağlı çıxışı Ukraynadakı münaqişənin necə inkişaf edəcəyi ilə bağlı ciddi narahatlıqlara səbəb olub. Əksər Qərb analitikləri bunun blef olduğunu düşünsələr də, vəziyyət göründüyündən daha təhlükəlidir.

Rusiyanı idarə edən elita alternativ kainatda yaşayır

Qərbin strategiya dairələrində müşahidə etdiyimiz ciddi kəşfiyyat təhlili xətası var və bu səhv Putinin blef etdiyinə dair təsəvvürləri gücləndirir. Lakin Putinin səsləndirdiyi nüvə variantı Rusiya hərbi doktrinasının yanaşmasını ümumiləşdirir və əldə olunan məqam həqiqətən də ciddidir. Daha aydın izah edək:

Rusiya Federasiyası Silahlı Qüvvələrinin geostrateji baxışı hərbi məsələlərə ciddi təsnifatla yanaşır. Buna əsasən, əməliyyat mühiti dörd səviyyəyə bölünür: müharibə həddindən aşağı olan silahlı toqquşmalar, lokal, yəni məhdud təsir zonasına malik müharibələr, regional müharibə vəziyyətləri və qlobal miqyasda yayılma ehtimalı olan müharibə vəziyyətləri. Nüvə variantının gündəmdə olduğu hərbi mövzular çərçivəsində regional müharibə və qlobal müharibə kateqoriyaları var. Regional və qlobal müharibə şəraitində mümkün NATO-Rusiya qarşıdurmasının ön plana çıxacağı proqnozlaşdırılır. Qərb strateji dairələri Ukraynadakı münaqişəni “lokal müharibə vəziyyəti” kimi təsnif edir, daha doğrusu, Rusiyanın da buna belə qiymət verəcəyi ilə razılaşırlar. Ancaq bu, qüsurlu bir yanaşmadır və hadisələrin Moskvadan necə göründüyü barədə heç bir anlayış yoxdur.

Rusiyanın nöqteyi-nəzərindən Ukrayna müharibəsinin regional müharibə kimi qəbul edildiyinə dair güclü əlamətlər var. Üstəlik, Moskva hazırda keçmiş sovet coğrafiyasında NATO ilə vəkalət müharibəsi apardığını düşünür.

Yuxarıdakı qiymətləndirməni başa düşmək üçün Kremlin dəhlizləri ilə analitik gəzintiyə çıxmalıyıq. Bugünkü Rusiyanı sovet təhlükəsizlik və kəşfiyyat elitası idarə edir, sözügedən elita ədəbiyyatda “Siloviki” adlanır. Bu elitanın iki kritik keyfiyyəti var: Birincisi, Rusiya prezidenti Putinin Ukrayna ilə bağlı məşhur məqaləsindən (“Rusların və ukraynalıların tarixi bütövlüyü”) göründüyü kimi, “Siloviki” elitası hələ də intellektual olaraq Soyuq Müharibə günlərində yaşayır. İkincisi və daha maraqlısı odur ki, Rusiyanın hərbi imkanlarını idarə edən siyasi elita, o cümlədən prezident Putin, əsasən Sovet kəşfiyyatının şinelindən çıxıb. Rusiyalı analitik Aleksandr Qabuyevin fikrincə, burada əsas məsələ karyera profilidir. Bu, Moskvanın dünyaya baxışında ciddi istinad nöqtəsini təşkil edir. Sözügedən elita Ukraynaya silah yardımını NATO ilə münaqişə üçün açıq zəmin hesab edir. Xüsusilə, HIMARS kimi Rusiyanın arxa cəbhə hissələrini vura bilən sistemlərə dair hərbi yardımın genişləndirilməsi və Ukraynanın MiQ-29-larına AGM-88 radiasiya əleyhinə raketlərinin inteqrasiyası, NASAMS hava hücumundan müdafiə sistemlərinin ötürülməsini NATO ilə mübarizə kimi təsvir edirlər. Bu, rusların bütün sinir uclarına toxunur. Üstəlik, yaxın zamanda F-16 proqramını və HIMARS sistemlərini fərqli bir səviyyəyə daşıyacaq 300 kilometr mənzilli ATACMS taktiki ballistik raket konfiqurasiyası da gündəmə əlavə oluna bilər.

Bütün bu məqamlar “müharibənin səbəbi NATO paytaxtlarının Ukraynanı dəstəkləyərək Moskvanı təxribata çəkməsidir” kimi başa düşülməməlidir. Əksinə, Rusiyanı idarə edənlər mental olaraq XXI əsrin elitası deyil. Söhbət beyni Şərqi Berlində ilişib qalmış, təkcə Ukraynanın deyil, Estoniya, Latviya və Türkiyə dövlətlərinin də Rusiyadan asılı olmayan siyasi talelərinin ola biləcəyini qəbul edə bilməyən tipik sovet təhlükəsizlik elitasından gedir. Hücumun əsas səbəbi Soyuq Müharibənin bu paradiqmasıdır, lakin məhz qeyd olunan səbəbdən taktiki nüvə silahı variantı Kremldə Qərbin hərbi yardımını dayandıracaq ciddi tədbir kimi qiymətləndirilə bilər.

Rusiyanın hərbi doktrinası və nüvə çəkindirməsi

Rusiyanın hərbi doktrinası başqa bir narahatlıq doğurur. Qeyd edək ki, Rusiya Federasiyasının Silahlı Qüvvələrinin doktrinasında məhdud hədəfli döyüş və çəkindirmə missiyaları, o cümlədən nüvə potensialı xüsusilə vurğulanır. Daha aydın desək, hərbi hissələrin şərti vəzifələri (məsələn, döyüş meydanında atəşə dəstək missiyaları) ilə strateji missiyalar (məsələn, düşmənin mühüm milli infrastrukturuna və ya nüvə missiyalarına zərbə vurmaq) arasında ciddi fərqlər var. Bu fərqlər həm də mövcud vəziyyəti dəqiq təhlil etmək üçün açıq mənbəli kəşfiyyat məlumatları təklif edir. Ukraynada davam edən qarşıdurmalarda ruslar mobil buraxılış qurğularından atılan SS-26 “İsgəndər” ballistik raketlərini, TOS-1A termobarik raket sistemlərini, Qara Dəniz Donanması tərəfindən atılan “Kalibr” qanadlı raketlərini və hətta Belarus ərazisi də daxil olmaqla geniş ərazidən atılan “Kinjal” hipersəs raketlərini istifadə ediblər. Moskvanın müharibəyə şərti olaraq dözə biləcəyi başqa səviyyə yoxdur. O, bir addım da irəli getmək istəsə, onun hədəfi taktiki nüvə silahı olacaq.

Üstəlik, 2020-ci ilin iyununda dərc edilmiş Rusiyanın Nüvə Çəkinrimə Siyasəti sənədində deyilir ki, nüvə silahı gücü “dövlətin sağ qalmasını təhdid edən adi təhdidlərə qarşı” da istifadə edilə bilər. Sözügedən bəyanat ona görə vacibdir ki, Moskva Krımdan nümunə götürərək Ukraynanın müxtəlif bölgələrində qeyri-qanuni ilhaq referendumları keçirilməyə başlayıb. Məsələn, Xersonun beynəlxalq hüququ pozaraq Rusiyaya qoşulması, Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunu dayandıra bilməz.

Digər tərəfdən, Rusiya Federasiyasının Silahlı Qüvvələri geniş miqyaslı və çox cəbhəli müharibədə son dərəcə problemli təchizat sifarişi ilə tədricən sıradan çıxır. Belə olan halda, Rusiya elitası NATO paytaxtlarından silah yardımının qarşısını almaq və ya Ukrayna qoşunlarını dayandırmaq üçün taktiki nüvə silahına əl atacaqmı? Bu suala təsəlliverici cavab vermək mümkün deyil.

Təhlükəli ssenarilər

Eskalasiya meylləri üzrə peşəkar ssenari tədqiqatları təhlükənin ölçülərini göstərir. Amerika Birləşmiş Ştatlarının (ABŞ) kəşfiyyat xidməti MKİ-nin illərdir ssenari və proyeksiya işlərinə rəhbərlik edən Atlantik Şurada çalışan Metyu Burrousun yazdığı 4 ssenaridən birinin adı “nüvə apokalipsisi”dir. Burrousun ssenarisi Rusiyanın Polşa-Ukrayna sərhədində taktiki nüvə hücumu ilə başlayır. Nəticələri 2022-ci ilin mayında ABŞ-ın başqa bir beyin mərkəzi olan CSIS tərəfindən dərc edilən müharibə oyunu, mümkün NATO ilə toqquşmanı alovlandıracaq ssenarilər arasında Polşada hərbi yardım təchizat mərkəzinin Rusiyanın qanadlı raketləri ilə vurulmasını göstərir.

Təbii ki, büllur kürəyə baxmaqla gələcəyi görmək mümkün deyil. Digər tərəfdən, dünyanın demək olar ki, hər bir kəşfiyyat xidməti və analitik mərkəzi belə ssenari təlimləri həyata keçirir. Beyin mərkəzləri öz işlərinin bir hissəsini dərc etməyə və əksəriyyətini qapalı saxlamağa üstünlük verirlər. Gələcəyi görmək mümkün olmasa da, bir çox hallarda qanunauyğunluqları yaxşı müəyyənləşdirmək və tendensiya təhlilini düzgün aparmaq, mümkün ssenariləri bir metodoloji xətt üzrə ortaya qoymaq kifayətdir. Tədqiqatlarımız onu da göstərir ki, Putinin nüvə ritorikası sadəcə blef deyil. Nüvə müharibəsi olacaqmı? Biz proqnozlaşdıra bilmərik, lakin Rusiyanın nüvə variantını istisna etməyəcəyi dəqiqdir.

Dəyanət Ağalarlı  
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Rusiya   Polşa  


Bizi "telegram"da izləyin