Ordu.az xəbər verir ki, bu barədə ASELSAN-ın idarə heyətinin sədri və baş meneceri Haluk Görgün TEKNOFEST Azərbaycan çərçivəsində “Anadolu” agentliyinə müsahibəsi zamanı məlumat verib.
Görgün PUA-lar üçün hazırlanmış CATS sisteminin yüksək hündürlükdə və sərt hava şəraitində işləyə biləcəyini bildirib.
“Bu, termal görüntüləmə, lazerlə işarələmə və gecə-gündüz hədəfi izləyə bilən kəşfiyyat-müşahidə sistemidir. Bu, bizim hərbi məhsul ailəmizdən biridir. Biz bu avadanlığı həm fırlanan qanad sistemləri, həm də sabit qanadlı PUA üçün inkişaf etdiririk”, - deyə o qeyd edib.
CATS-in uğurunun göz qabağında olduğunu vurğulayan Görgün sistemin ilk dəfə keçən il istifadəyə verildiyini qeyd edib.
“Hazırda 40-dan çox kamera istifadəçiyə çatdırılıb. Serial istehsalımız davam edir. Ayda 6 ədəd istehsal edə biləcəyimiz səviyyəyə çatmışıq, bunu 10-a çatdırmağa çalışırıq. CATS məhsullar ailəsidir. Dostlarımız qabaqcıl versiyalar hazırlayır və biz onları yaxın gələcəkdə istifadəyə verməyi planlaşdırırıq”, - deyə şirkət rəsmisi bildirib.
CATS sisteminin “Anka” və “Bayraktar TB2”yə inteqrasiyası 2021-ci ildə tamamlandı. İndiyədək ASELSAN tərəfindən 40-dan çox CATS sistemi çatdırılıb və bu sistemlərlə 1000-ə yaxın döyüş sursatı uğurla atılıb.
Məlumata görə, CATS sistemi “Akıncı” PUA-larına da inteqrasiya olunacaq. Bundan əlavə, “Bayraktar TB2” ilə birlikdə ən azı 5 müştəriyə CATS ixrac edilib.
Sevinc Əliyeva
Ordu.az