Ermənistanda ərzaq təhlükəsizliyi böhranı dərinləşir – ANALİZ

2021/03/timth-1615876216.jpg
Oxunub: 2942     16:52     21 Aprel 2022    
Ermənistanda bəzi məhsullar üzrə özünü ərzaqla təmin etmə səviyyəsi aşağı düşməkdə davam edir. Xüsusilə, rəsmi statistikaya görə, 2020-ci ilə Ermənistanda buğda ilə özünü təmin etmək 24,4% (2016-cı ilə nisbətən təxminən 2 dəfə azalıb), qarğıdalı ilə 8%, mərcimək ilə 5,9%, noxudla 26,7%, bitki yağı ilə 0,9%, şəkər ilə 38%, donuz əti ilə 45%, quş əti ilə 23,9% və s.

Ərzaq təhlükəsizliyinin təmin edilməsi hər bir dövlətin iqtisadi, siyasi və sosial həyatının əsas məsələlərindən biridir. Ölkənin ərzaq təhlükəsizliyi birbaşa olaraq aqrar sahədə qeydə alınan göstəricilərdən asılıdır. Təbii ki, kənd təsərrüfatı sahəsi Ermənistan iqtisadiyyatı üçün strateji əhəmiyyət kəsb edir, Ermənistanın ümumi daxili məhsulunun təxminən 11,1%-ni təşkil edir, işçilərin 1/3-i bu sahədə çalışır.

Ermənistan hökumətinin milyardlarla dram dəstəyinə baxmayaraq, 2021-ci ildə kənd təsərrüfatı sektorunda 1,1% azalma qeydə alınıb ki, bu da bitkiçilik sektorunda 3,1% azalma ilə bağlıdır. Ermənilər üçün xüsusilə narahatedici haldır ki, ötən il dənli və paxlalı bitkilərin istehsalı 37,4 faiz, buğda istehsalı 26,4 faiz, kartof istehsalı 16,6 faiz, tərəvəz istehsalı 10,6 faiz, üzüm istehsalı 16,3 faiz və s. azalıb. Eyni zamanda, 2021-ci ildə heyvandarlıq sektoru 0,8%, o cümlədən quşların sayı 4,4%, donuzların sayı 10,3% azalıb, inəklərin sayı 5,6%, qoyunların sayı 8,4%, keçilərin sayı 8,4% artıb.

Ermənistanda 2021-ci ildə özünü ərzaqla təmin etmə səviyyəsi hələ rəsmi olaraq açıqlanmayıb. Bununla belə, aqrar sektorun göstəricilərinin aşağı düşməsi nəzərə alınmaqla, bir sıra ilkin tələbat malları, xüsusilə, buğda, mərcimək, qarğıdalı, noxud, donuz əti və quşçuluq və s. üzrə özünütəminat probleminin daha da güclənəcəyini proqnozlaşdırmaq olar. O zaman idxaldan asılılıq daha da artacaq.

Adətən müharibədən ilk əziyyət çəkənlərdən biri də kənd təsərrüfatı olur, çünki əsasən kənd təsərrüfatı torpaqları döyüş meydanına çevrilir, çoxlu kəndlilər orduya çağırılır ki, bu da işçi qüvvəsinin azalmasına gətirib çıxarır və kənd təsərrüfatı istehsalına mənfi təsir göstərir. Təsadüfi deyil ki, 2022-ci ilin yanvar-mart aylarında ərzaq məhsullarının qiymətləri 12,3 faiz, martda fevral ayı ilə müqayisədə isə inflyasiya 2,3 faiz təşkil edib.

Yekun olaraq, proqnozlaşdırmaq olar ki, Rusiya-Ukrayna münaqişəsi səbəbindən dünya ərzaq qiymətləri daha da artacaq, çünki Rusiya və Ukrayna ən böyük ərzaq ixracatçıları sırasındadır, xüsusən də buğda, qarğıdalı, bitki yağı, mərcimək və s. Ərzaq qiymətlərinə təkcə iqtisadi sanksiyalar deyil (məsələn, Rusiya 2022-ci il martın 15-dən avqustun 31-dək buğda, qarğıdalı və digər məhsulların ixracına qadağa qoyub), həm də gübrələrin enerji qiymətlərində kəskin artımları təsir edəcək ki, bu da birbaşa ərzaq qiymətlərinə təsir göstərir. Nəticədə dünya bazar qiymətlərini və panik əhval-ruhiyyəni nəzərə alaraq, 2022-ci ildə erməni istehlakçı ərzaq üçün daha çox pul ödəməli olacaq. Ərzaq qiymətlərinə son həftələrdə kəskin dalğalanan dram məzənnəsi birbaşa təsir edəcək.

Aqil Məmmədov  
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Böhran  


Bizi "telegram"da izləyin