Diasporla İş üzrə Dövlət Komitəsindən
Ordu.az-a bildiriblər ki, Komitənin dəstəyi və İsveçrə Azərbaycanlıları Mədəniyyət Mərkəzinin rəhbəri Qasım Nəsirovun təşkilatçılığı ilə Bern, Sürix, Lozanna, Cenevrə, Lusern, Bazel, Lugano, St.Gallen şəhərlərinin izdihamlı yerlərində quraşdırılmış lövhələrdə alman və fransız dillərində “Açar” adlı məlumat, Ağdam şəhərinin Qarabağ münaqişəsinə qədər (1988) və sonrakı görüntüləri (2011), “Xarıbülbül” rəmzi, “Qarabağ Azərbaycandır!” şüarı əks olunub.
“Açar” adlı məlumatda 71 yaşlı Fitat Qəhrəmanovanın 1993-cü ilin avqustuna qədər Cəbrayıl rayonunun Balyand kəndində yaşamasından, Ermənistanın torpaqlarımızı işğal etməsi nəticəsində məcburi köçkünə çevrilməsindən və 27 il ərzində didərgin düşdüyü evinin açarını qoruyub saxlamasından bəhs edilib. “Amma indi o, açmaq üçün qapını tapır...”, - deyə Azərbaycanın öz torpaqlarını Ermənistanın işğalından azad etdiyinə diqqət cəlb edilib.
Aksiya bir həftə ərzində davam edəcək.
Ordu.az