Masallıda Qəhrəmanlar Parkı istifadəyə verilib - FOTOLAR

2021/11/16364-1636463970.jpg
Oxunub: 22129     17:05     09 Noyabr 2021    
Zəfər Günü münasibətilə Masallı şəhərində Qəhrəmanlar Parkının açılışı olub.

Bu münasibətlə keçirilən mərasimdə Masallı Rayon İcra Hakimiyyəti başçısı Şahin Məmmədov, Milli Məclisin deputatları Məşhur Məmmədov və Anar İsgəndərov, rayonun hüquq-mühafizə orqanlarının, müəssisə və təşkilat rəhbərləri, SHXÇDX Masallı rayon şöbəsinin əməkdaşları, YAP Masallı Rayon Təşkilatının fəalları, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Ordu.az xəbər verir ki, tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsinin, Qəhrəmanlar Parkında şəkli mərmər lövhələrə həkk olunmuş 247 şəhidin, Azərbaycanın Milli qəhrəmanlarının və Vətən Müharibəsi qəhrəmanlarının büstləri önünə əklillər və gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Mərasimdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov rayon sakinlərini Zəfər Günü münasibətilə təbrik edib, onlara ən xoş arzularını çatdırıb.

Bildirilib ki, 2020-ci il sentyabrın 27-dən başlanan və işğal altındakı ərazilərimizin azad edilməsi ilə nəticələnən Vətən müharibəsi tariximizin yeni səhifəsinə çevrilib. Qalib Azərbaycan xalqı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək dünyaya gücünü göstərdi.

Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin Sərəncamı ilə noyabrın 8-nin Azərbaycanda Zəfər Günü kimi təsis edilməsi ölkəmizin həyatında yeni tarixi mərhələnin, gözəl günlərə aparan böyük yolun, yeni dövrün başlanğıcıdır.

Digər çıxış edənlər Vətən müharibəsində Azərbaycan Ordusunun əsgər və zabitlərinin, o cümlədən Masallıdan olan döyüşçülərin qəhrəmanlıqlarından danışıblar.

Ölkəmizdə müharibə iştirakçılarına, şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq ifadə olunub.

Mərasimdə hərbi-vətənpərvərlik mövzusunda ədəbi-bədii kompozisiya nümayiş etdirilib, şəhidlərin ruhuna dualar oxunub.

Bayram tədbiri axşam saatlarında atəşfəşanlıqla başa çatıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Masallı   Qəhrəmanlar-Parkı  


Bizi "telegram"da izləyin