Ordu.az xəbər verir ki, Dnepropetrovsk Vilayəti Azərbaycanlıları Konqresinin təşəbbüsü və təşkilatçılığı ilə Dnepr şəhərində Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə diaspor üzvləri, soydaşlarımız, şəhərin fəalları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Dnepropetrovsk Vilayəti Azərbaycanlıları Konqresinin rəhbəri Nəcəf Əhmədov bildirib ki, 44 günlük Vətən Müharibəsi dövlətimizin, xalqımızın birliyini, gücünü göstərdi. Bu dönəmdə dünya azərbaycanlıları da birləşərək Ali Baş Komandan İlham Əliyev başda olmaqla, Ordumuzun yanında oldu.
Dnepropetrovsk Vilayəti Şurasının deputatı soydaşımız Qoşqar Muxtarov isə çıxışında Zəfərə gedən yolda Azərbaycanın illərdir əldə etdiyi iqtisadi, siyasi və hərbi gücündən danışıb. Qeyd edib ki, ötən illər ərzində Azərbaycan bütün sahələrdə güclənməsəydi, müharibədə qalib gələ bilməzdi.
Tədbirdə çıxış edən Dnepr şəhər Müsəlman Dini İcmasının rəhbəri Ramazan Qurbanov, konqresin fəxri sədri Qüdrət Hacıyev, “Ukrayna-Türkiyə-Azərbaycan” Alyansın sədri Zöhrab Cəfərov, Ukrayna Azərbaycanlıları Gənclər Birliyinin Dnepropetrovsk Vilayətinin sədri Emin Axundov və digər soydaşlarım 44 günlük Vətən müharibəsinin əhəmiyyətindən danışıblar. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə, eləcə də bütün zabitlərə, veteranlara minnətdarlıqlarını çatdırıblar.
Sonda tədbir bədii hissə ilə davam edib. Ukraynada Müslüm Maqomayev adına Mədəniyyət Mərkəzinin rəhbəri, Ukraynanın Xalq artisti Qurban Abbasov və müğənni Natalya Kudyaşovanın ifası, “SİLUET” məktəblərinin “Xoreoqrafik xalq səhnəsi və müasir”, Dnepr şəhər Həftəsonu Azərbaycan dili məktəbinin rəqs ansambllarının musiqi nömrələri iştirakçıların marağına səbəb olub.
Ordu.az