Zəfər Günü Strasburqda təntənə ilə qeyd edilib - FOTOLAR

2021/11/16363-1636364064.jpg
Oxunub: 17561     13:26     08 Noyabr 2021    
8 Noyabr – Zəfər Günü münasibətilə Strasburqda Azərbaycanın Avropa Şurası yanında Daimi Nümayəndəliyində tədbir keçirilib.

Ordu.az xəbər verir ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Avropa Şurası yanında Daimi Nümayəndəliyimizin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan xalqının şanlı Zəfəri böyük sevinc və coşqu ilə qeyd edilib.

Azərbaycan və türk icması nümayəndələrinin, habelə yerli ictimaiyyətin təmsilçilərinin qatıldığı tədbirdə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, Vətən müharibəsində canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Çıxış edən Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov 30 ilə yaxın bir dövr ərzində üzləşdiyi haqsızlıq və qatlaşdığı iztirabların Azərbaycan xalqının iradəsini sındıra və onun işğal olunmuş torpaqlarımıza, Qarabağa, Şuşaya dönmək arzusunu və inamını heç zaman əlindən ala bilmədiyini xatırladıb. O, 2020-ci il 27 sentyabrda başlayan 44 günlük Vətən müharibəsinin Azərbaycan xalqı üçün ölüm-dirim mübarizəsi olduğunu vurğulayıb, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin qətiyyətli rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı, xalqımızın sarsılmaz birlik və bərabərliyi sayəsində ötən ilin noyabrında işğala və ədalətsizliyə son qoyulduğunu bildirib. F.İsmayılov əlavə edib ki, Vətən müharibəsində əldə olunan tarixi Zəfər ilə Azərbaycan xalqı qəhrəmanlıq salnaməsi yazdı.

Türkiyə Cümhuriyyətinin Avropa Şurası yanında daimi nümayəndəsi Kaan Esener Azərbaycanı təbrik edərək, artıq dağılmış evlərin yenidən inşası və türklərin birlikdə nələr edə biləcəklərinin dünyaya göstərilməsi zamanın yetişdiyini söyləyib. Səfir Esener Zəfər sayəsində başımızın daha dik, önümüzün daha aydın olduğunu bildirib və Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevin “bir millət, iki dövlət” şüarını damarlarımızda hiss edərək, gələcəyə inamla baxdığımızı diqqətə çatdırıb.

Sonra 44 günlük Vətən müharibəsinə və Zəfər Gününə həsr olunan videoçarxlar nümayiş etdirilib.

Zərər Günü ziyafəti Azərbaycanın milli musiqi nümunələrinin canlı ifası və iştirakçıların rəqsləri ilə davam edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Zəfər-Günü   Strasburq  


Bizi "telegram"da izləyin