Ordu.az xəbər verir ki, əvvəlcə aksiya üzvləri Sabirabad rayonunda ulu öndər Heydər Əliyevin abidəsini və Şəhidlər xiyabanını ziyarət ediblər.
Sabirabad Rayon Mərkəzi Xəstəxanasında təşkil edilən aksiyada şəhid ailələri və qazilər professor Tofiq Cahangirovun konsultasiyasından yararlanmaqla yanaşı, rəngli dopler və exokardioqrafiya, EKQ və laborator müayinələrdən keçiblər. Həmçinin müraciət edən vətəndaşlar müayinələrlə yanaşı, Fransanın Azərbaycandakı nümayəndəliyi olan “Servye Azərbaycan” əczaçı şirkətinin dəstəyi ilə pulsuz dərman preparatları ilə təmin edilib. Bundan başqa müraciət edən vətəndaşlardan zəruri ehtiyac yaranan şəxslər üçün Bakı şəhərində növbəti müayinə və müalicə üçün şərait yaradılıb.
Noyabrın 8-nin Azərbaycanın müasir tarixinə ən parlaq gün kimi daxil olduğunu söyləyən professor Tofiq Cahangirov bildirib ki, şanlı Ordumuzun işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etmək uğrunda başlatdığı Vətən müharibəsi Azərbaycanın Qələbəsi ilə sona çatdı. Bu müharibədə əldə etdiyimiz Zəfərlə düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdik. Bununla da xalqımızın 30 illik torpaq həsrətinə son qoyuldu. Azərbaycanın ərazi bütövlüyü, suverenliyi bərpa edildi, ədalət yerini tapdı. Hazırda doğma Qarabağımızda geniş miqyasda bərpa-quruculuq işləri aparılır. İnsanların öz doğma yurd, yuvalarına qayıtması üçün nəhəng layihələr həyata keçirilir və 30 ilə yaxın qaçqın və məcburi köçkün həyatı yaşayan insanlarımız tarixi torpaqlarımıza qayıdacaqlar və orada həyat yenidən canlanacaq. Bütün bunlar bizim Qarabağ savaşında əldə etdiyimiz böyük Qələbənin nəticəsidir. Bu gün Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, eləcə də Vətən uğrunda döyüşən, canından keçən şəhid və qazilərimiz sayəsində hər birimiz müasir Azərbaycan tarixinin ən qürurlu, fəxarətli günlərini yaşayırıq. Sözsüz ki, Vətən müharibəsində qazandığımız Qələbə tibb işçiləri üçün də böyük qürurdur, fəxrdir. Bu əlamətdar günlərdə eynilə müharibə günlərində olduğu kimi, tibb işçiləri də xalqımızın yanındadır, onun qələbə sevincinə şərikdir: “Biz bu böyük Zəfərə görə, şəhid və qazilərimizə borcluyuq. Həyata keçirdiyimiz bu aksiya da məhz bundan irəli gəlir. Səhhətində problem olan, müayinəyə ehtiyac duyan qazilərimizə dəstək olmaq qərarına gəldik və belə bir aksiyaya başladıq. Sabirabad və ətraf rayonlardan olan Vətən müharibəsi şəhidlərinin ailələri, eləcə də qazilərimizi iki gün ərzində kardioloji müayinədən keçirib, lazımi məsləhətlər verəcək və müalicə təyin edəcəyik. Fürsətdən istifadə edib bu aksiyanın təşkilinə dəstək verən təşkilat və şəxslərə təşəkkür edir, Vətən müharibəsində parlaq Zəfərimiz münasibətilə xalqımızı təbrik edirəm”.
Aksiyada iştirak edən şəhid ailələri və qazilər də müayinələr üçün yaradılan şəraitdən məmnun olduqlarını bildiriblər. Hər zaman dövlətin dəstəyini və qayğısını hiss etdiklərini ifadə edən şəhid ailələri, bu kimi aksiyaların məhz onlara göstərilən diqqətin bariz nümunəsi olduğunu söyləyiblər.
Qeyd edək ki, şəhid ailələri və qazilər üçün təşkil edilən kardioloji müayinə Sabirabad rayonunda 2 gün davam edəcək. Aksiyanın digər rayonlarda da həyata keçirilməsi nəzərdə tutulur.
Ordu.az