Dağ şəraitində hücum əməliyyatı necə aparılmalıdır? – ANALİZ (HƏRBİ EKSPERT) - III YAZI

2020/05/13-20681969165.jpg
Oxunub: 3993     15:57     31 May 2020    
(III yazı. II yazını BURADAN oxuya bilərsiniz)

Xatırlayaq ki, Azərbaycan Silahlı Qüvvələri qarşısında duran birinci tapşırıq işğal altında olan ərazilərin azad edilməsidir. İşğal altında olan ərazilər isə əsasən dağlıq ərazilərdir. Dağlıq ərazinin xüsusiyyətləri və onların qoşunların fəaliyyətlərinə təsiri diqqət yetirilməli olan ən vacib məsələlərdən biridir.

Əvvəlki məqalədə dağlıq ərazidə hər qoşun növü və qoşun qisiminin fəaliyyətində diqqət yetirilməli olan məsələləri araşdırdıq. Bu məqalədə isə dağlıq ərazidə hücum döyüşünün təşkili və hücum hazırlığının xüsusiyyətləri barədə araşdırma aparacağıq.

Döyüşün təşkilinin xüsusiyyətləri

Hücum tapşırıqlarının uğurla yerinə yetirilməsi ilk növbədə hücumun təşkilindən asılıdır. Adi şəraitlərdə hücumun təşkili üzrə yerinə yetirilən fəaliyyətlər dağlarda hücumun təşkili zamanı da öz qüvvəsini saxlayacaq. Amma ərazinin relyefindən və düşmən müdafiəsinin təşkilinin xüsusiyyətlərindən asılı olraq bir çox əlavə vacib məsələlər nəzərə alınmalıdır.

Dağlarda relyefin yaratdığı hərəkət məhdudiyyətləri səbəbindən qoşunlar hücumu əsasən yollar, vadilər, dağ silsilələrinin yamacları boyu aparacaq. Dərələr manevrləri öz ölçülərinə uyğun sıxacaq və qoşunların irəliləməsini çətinləşdirəcək. Ona görə qüvvələrin bölmə tərkibində deyil, xüsusi təyinatlı qruplara və altqruplara bölünməsi, hər birinin avtonom fəaliyyət göstərməsi daha effektiv olacaq.

Hücum edən qoşunlar əsas qüvvələri ən mühüm obyektlərin – hakim yüksəkliklərin, aşırımların, keçidlərin və s. tutulmasına cəmləşdirməlidir. Bunlar, o obyektlərdir ki, düşmən müdafiəsinin dayanıqlığını təmin edir və düşmən onları itirdikdən sonra müdafiəsinin bütün sistemləri pozulmağa başlayacaq.

Düşmənin müdafiə mövqelərinə öndən hücum ən son variant olmalıdır. Öndən hücum o vaxt məsləhət görülür ki, müdafiə olunan düşmənin cinahlarına çıxmaq mümkün deyil. Öndən hücum gecə və ya digər məhdudgörmə şəraitlərində keçirilməlidir, bu zaman qəfilliyi təmin etmək və düşmən müdafiəsinin tam həcmdə fəaliyyətə başlamasına imkan verməmək üçün həmlənin atəş hazırlığını keçirməmək lazımdır. Bununla düşmən müdafiəsinin sistemləri pozulacaq, xaos və qərarsızlıq yaranacaq.

Yandan ötüb keçmə üçün marşrutlar olmadıqda qoşunlar öndən hücum etməli olacaq, öndən hücum zamanı isə böyük itkilər gözlənilir. Hücumun uğurlu alınması üçün düşmənlə təmasda olma yerlərində tez bir müddətdə sərfəli qüvvə və vasitələr nisbəti yaratmaq, hər sahədə üstünlük qazanmaq lazımdır. Bunun üçün digər istiqamətlərdən qüvvələrin gizli olaraq lazım olan vaxt lazım olan istiqamətə cəlb olunması və döyüş tapşırığına tam hazır olması mükəmməl planlaşdırılmalı və həyata keçirilməlidir. Düşməni darmadağın etmək və mövqelərini ələ keçirmək məqsədi ilə qoşunlar helikopterlərlə müdafiə xətti üzərində olan və ya düşmən arxasında yerləşən hakim yüksəkliklərə atıla bilərlər. Vəziyyət qiymətləndirilməsi zamanı bu imkanlar çox diqqətlə öyrənilməlidir.

Qoşunların hücuma keçmə həddini hücum üçün çıxış vəziyyətinin bilavasitə yaxınlığında, düşmənin ön xəttinə mümkün qədər yaxın təyin etmək, bununla da bir sıçrayışla düşmənin ön xəttini ələ keçirmək məsləhət görülür. Bunun üçün birinci eşelonda tapşırıq yerinə yetirən bölmələr bütün maskalanma qaydalarına əməl edərək düşmən müdafiəsinin ön xəttinə mümkün qədər yaxın yerləşdirilməlidir. Hücum niyyətinin düşmən tərəfindən aşkar olunmasının və əks tədbirlər görməsinin qarşısını almaq üçün düşmən təchizatında olan, istənilən şəraitdə müşahidə imkanları yaradan texniki vasitələrin və PUA-ların fəaliyyətləri və onlara qarşı tədbirlər də nəzərdən qaçmamalıdır.

Gözlənilməzliyə nail olmaq üçün hücum üçün çıxış vəziyyətini gizli tutmaq lazımdır. Bunun üçün gecə, dumanda və ya tüstü pərdəsi altında, eləcə də düşmən tərəfindən çətin müşahidə olunan ərazi sahələrini istifadə edərək irəliləmək məqsədəuyğundur.

Hücumu keçirmək üçün, adi şəraitlərdən fərqli olaraq əsas və köməkçi zərbə qruplaşmaları yaratmaq lazımdır, habelə hücumdakı müvəffəqiyyəti inkişaf etdirmək məqsədi ilə uğur qazanılmış istiqamətlərdə fəaliyyət üçün ehtiyat zərbə qruplaşmalarının yaradılması məqsədəuyğundur.

Əsas zərbəni elə istiqamətlərdə endirmək lazımdır ki, düşmənin ön xəttini ələ keçirdikdən sonra cinahlara doğru manevrlər etməyə əlverişli şərait yaransın, atəş vasitələrini ən yaxşı istifadə etmək imkanları olsun və orada yerləşən obyektlərin ələ keçirilməsi döyüş tapşırıqlarının həllində əhəmiyyətli məna kəsb etsin. Əsas zərbənin endirilməsi istiqamətinin düzgün seçilməsi əməliyyatın taleyini həll edəcək.

Bölmələrin döyüş düzülüşləri ərazinin xüsusiyyətlərindən, şəraitdən və verilmiş döyüş tapşırıqlarından asılı olacaq. Bu şərtlər, hücuma keçən qoşunlara verilən tapşırıqların dərinliyinə də bilavasitə təsir edir. Odur ki, döyüş tapşırıqları təyin ediləndə qərargahlar ərazinin və şəraitin xüsusiyyətlərini mütləq nəzərə almalı, yerinə yetirilməsi real olan tapşırıqlar müəyyən etməlidir. Hücumun təşkili zamanı qərargahlar tərəfindən düşmən müdafiəsinin qiymətləndirilməsinə, öz qüvvə və vasitələrimizin mövcudluğuna və hücum istiqamətindəki ərazinin xüsusiyyətlərinə əsas diqqət yetirmək lazımdır.

Məlumdur ki, korpusun yaxın tapşırığı ‒ düşmənin birinci eşelon hissələrinin darmadağın edilməsi, sonrakı fəaliyyətlər üçün əlverişli şərtlər yaradacaq aşırımların və digər vacib obyektlərin ələ keçirilməsi, briqadanın yaxın tapşırığı isə ‒ düşmən taborunun müdafiəsinin dərinliyindəki canlı qüvvə, atəş vasitələri və hərbi texnikasının məhv edilməsindən ibarətdir. Bu tapşırıqlar ərazinin xüsusiyyətlərindən, düşmən müdafiəsinin quruluşundan, qüvvə və vasitələrin nisbətindən, hər iki tərəfin döyüş imkanlarından asılı olaraq dəyişə də bilər. Vəziyyət qiymətləndirilməsi zamanı qərargah tərəfindən bunun dəqiq hesabı aparılmalı, komandirlər hücuma qərar qəbul edərkən nəzərə alınmalıdır. Dağlarda hücum əməliyyatlarında ərazinin quruluşu və verilmiş tapşırıqlardan asılı olaraq, bölmələrin döyüş imkanlarına uyğun hücum zolağının enini təyin etmək lazımdır. Adi şəraitlərdən fərqli olaraq hücum zolağının enini, bölmə və hissələr üçün normadan az, birləşmə və birliklər üçün isə daha geniş təyin etmək olar.

Dağlarda düşmən müdafiəsi nə qədər dairəvi yaradılsa da, bir mövqedə eyni zamanda bir neçə istiqamətdən olan hücuma qarşı müdafiə olunmaq çox çətindir, müdafiənin vacib elementlərinin sıradan çıxarılması və ya təcrid edilməsi halında isə əksər hallarda müdafiəni davam etdirmək mümkün deyil. Odur ki, bizim hücum edən qoşunların döyüş fəaliyyətlərini təmin etməkdən ötrü taktiki hava desantları və taktiki ötüb keçmə qrupları tətbiq etmək məsləhət görülür. Bu qruplar hücum istiqamətindəki ərazinin vacib sahələrini, düşmənin idarəetmə məntəqələrini, rabitə qovşaqlarını, artilleriyanı, təminat anbarlarını ələ keçirəcək, onun ehtiyat qüvvələrinin cəbhə istiqamətinə yaxınlaşmalarını və qoşunlarının arxaya çəkilmələrini əngəlləyəcək. Bununla da hücum edən qoşunlarımızın əsas qüvvələrinə düşmənin müdafiə olunan canlı qüvvə və texnikasını məhv etməyə imkan yaradacaq.

Onlar əsas qüvvələrin vacib istiqamətlərdə müvəffəqiyyətlə hücum etmələrini təmin etmək üçün müdafıə olunan düşmən qoşunlarına cinahlardan və arxadan zərbə endirəcəklər.

Əsas qüvvələr tərəfindən ərazinin əlverişli sahələri ələ keçirildikdən sonra, uğuru inkişaf etdirmək məqsədilə ehtiyatları (ikinci eşelonları) döyüşə yeritmək məqsədəuyğundur. Hücum elə planlaşdırılmalıdır ki, birinci eşelon bu tapşırıqları yerinə yetirməyə qadir olsun.

Adi şəraitlərdən fərqli olaraq atəş vasitələrinin istifadə edilməsinin də xüsusiyyətləri var və bu xüsusiyyətlər hücumun təşkilində mütləq nəzərə alınmalıdır. Bir neçə istiqamətdə hücum təşkil olunarsa, hücumdan əvvəl artilleriya hazırlığı hər istiqamətdə müxtəlif vaxtlarda başlaya bilər. Artilleriya hazırlığının hər istiqamətdə başlama vaxtı müxtəlif məqsədlər daşıya bilər və qərargahın hesablamaları nəticəsində ortaya çıxmalıdır.

Hücumun gedişində qoşunların atəşlə himayəsində atəşin ardıcıl cəmləşməsi üsulu ilə yerinə yetirilməsinə üstünlük vermək lazımdır. Artilleriya və minaatanlar bölmələrə verilir, tapşırıqları isə onların hücum istiqamətlərində olan hədəf və obyektlərin məhv edilməsi olmalıdır. Düşmənin müdafiəsi, Qarabağın dağlıq hissələrində əsasən çoxyarusludur, bütün yaruslarında müdafiə döyüşündə canlı qüvvə və atəş vasitələri döyüş tapşırıqları yerinə yetirəcək. Onun atəş vasitələri bütün müdafiə yaruslarında eyni vaxtda susdurulmalıdır. Aşağı yaruslarda olan hədəflərə daha sıx atəşin cəmləşdirilməsi məqsədəuyğundur.

Qoşunların idarə edilməsi ümumi prinsiplərlə təşkil ediləcək. Amma adi şəraitlərdən fərqli olaraq, qoşunlarla daha dayanıqlı rabitə əlaqəsinə malik olmaqdan ötrü, bütün komandanlıq səviyyələrində idarəetmə məntəqələrini qoşunlara daha yaxın yerləşdirmək lazımdır.

Adi şəraitlərdə olduğu kimi, korpusun dağlarda hücum əməliyyatları müxtəlif şəraitdə başlaya bilər. Qoşunlarımız əməliyyatın birinci günü, eləcə də əməliyyat və strateji ehtiyatların məhv edilməsi mərhələlərində qabaqcadan hazırlanmış müdafiəyə keçmiş düşmənlə qarşılaşacaq, hazırlıqlı müdafiə üzərinə hücuma keçəcək. Düşmən müdafiəsinin dərinliklərində müəyyən sahələrdə isə tələsik müdafiəyə keçmiş qüvvələr üzərinə hücum edəcək. Vəziyyət qiymətləndirilməsində, ərazi kəşfi zamanı, eləcə də əməliyyatın gedişində düşmənin hansı həddə hansı üsulla müdafiə olunacağı dəqiq aydınlaşdırılmalı, əməliyyat da buna müvafiq planlaşdırılmalıdır.

Dağ rayonunda korpusun hücum əməliyyatının məqsədi qarşıda duran düşmən qruplaşmasını onun bütün müdafiə dərinliyində darmadağın etmək, dağlıq rayonun müəyyən hissəsini və orada yerləşən vacib aşırımları, yol qovşaqlarını və digər obyektləri ələ keçirmək olmalıdır.

Korpusun yaxın tapşırığı qarşıda duran düşmən ordu korpusunun qruplaşmalarının əsas qüvvələrinin dərinliyinə qədər darmadağın edilməsi, əməliyyat dərinliyinə hücumun sonrakı inkişafı üçün əlverişli şərait yaradacaq dağ massivinin vacib hissələrinin tutulması olmalıdır. Korpus bu tapşırığı ən azı birinci əməliyyat günü yerinə yetirməlidir.

Korpusun sonrakı tapşırığı isə düşmənin ikinci eşelonlarının və əməliyyat ehtiyatlarının darmadağın edilməsi və dağlıq rayonun korpus əməliyyatının məqsədinə çatmasını təmin edən hissələrini ələ keçirməkdən ibarət olmalıdır.
Bütün bunlar o demək deyil ki, istənilən halda ordu korpusuna bu tapşırıqlar verilə bilər. Bu o dəməkdir ki, ordu korpusu bu döyüş imkanlarına sahib olmalı və ya gücləndirilməli, planlaşdırılmada isə bunun dəqiq hesabı aparılmalıdır.

Dağlıq rayonda korpusun hücum əməliyyatının dərinliyi adi şəraitdə olduğuna nisbətən daha az olacaq.

Dağlıq Qarabağda düşmən müdafiə zolaqlarının yerləşdiyi ərazilərdə relyefinin xüsusiyyətlərini nəzərə alsaq korpusun hücumda vəzifəsi əməliyyatların birinci sutkası ərzində düşmənin hazırlıqlı müdafiəsinin birinci eşelon alaylarının (briqadalarının) dərinliyinə qədər yarılması, orta hesabla 10-15 km dərinlikdə aşırımların və dağlıq ərazinin digər vacib oyektlərinin tutulmasından ibarət ola bilər. Hücum zolağının eni 10-20 km, əməliyyatın davamı 3-5 sutka, orta hücum tempi sutkada 4-5 km ola bilər. Bunlar orta rəqəmlərdir, daha dəqiq göstəricilər qərargah tərəfindən əməliyyatın təşkili zamanı real hesablar əsasında müəyyən olunacaq.

Korpusun dağlarda əməliyyat düzülüşü elə qurulmalıdır ki, hər bir hücum istiqaməti üzrə müstəqil hücum qruplaşması yaradılsın. Hər bir qruplaşma bir-birindən asılı olmayaraq, sərbəst döyüş aparmaq üçün uyğun tərkibdə, yetərli döyüş imkanlarına sahib olmalı, təchiz və təmin edilməlidir.

Qoşunların əsas hücum qruplaşması elə istiqamətdə olmalıdır ki, fəaliyyətlər üçün ən asan və ən əlverişli olsun, düşmənin əsas qüvvələrini qısa müddətdə darmadağın etməyə imkan versin. Korpus öz tərkibinə, döyüş imkanlarına və ərazinin xüsusiyyətlərinə görə iki, bəzən isə üç istiqamətdə hücum edə bilər. Hücum zamanı reyd dəstəsinin, yandan keçmə dəstələrinin əsas qüvvələrlə razılaşdırılmış fəaliyyəti nəzərdə tutulmalıdır. Düşmən bizim qüvvələrimizin dövrələmə və yandan keçmələrinə yol verməməyə, aşırımları və yol qovşaqlarını mühafizə edərək əldə saxlamağa çalışacaq. Düşmənin bu fəaliyyətlərinin qarşısını almaq, desantı ilə mübarizə aparmaq və digər tapşırıqların həlli üçün güclü və mobil, sürətli manevr qabiliyyətli ümumqoşun ehtiyatı yaratmaq lazımdır.

Korpusun əməliyyat düzülüşünün birinci eşelonunda dağ-atıcı briqadalarından istifadə etmək məqsədəuyğundur. Hücuma cəlb oluacaq birliklərdə dağ-atıcı birləşmələrin sayının və hazırlığının yetərincə olmaması, dağlıq ərazinin “sürpriz”ləri hücum əməliyyatlərını məğlubiyyətə apara bilər. Odur ki, ştat-struktur dəyişiklikləri etmək, döyüş hazırlığının təşkilinə yenidən baxmaq mütləq vacibdir.
Tank bölmələri isə tank keçə biləcək istiqamətlərdə və daha çox hücumun inkişafı gözlənilən istiqamətlərdə düşmənin dərinlikdə olan vacib rayon və obyektlərinin ələ keçirilməsi məqsədilə tətbiq olunmalıdır.

Qoşunların hərəkəti əsasən yolara bağlı olduğuna görə cəbhə boyu manevr demək olar ki, mümkün olmayacaq. Odur ki, hər istiqamətə əməliyyatın bütün dərinliyi boyu tapşırıqların yerinə yetirilməsini və təyin edilmiş rayonlara çıxmasını təmin etməsi üçün lazımi miqdarda qoşun, döyüş sursatı, yanacaq və digər maddi vəsait ehtiyatları ayrılmalıdır.

Reyd dəstələrinə qoşunların idarəetmə sistemlərinin məhv edilməsi, aerodromların, anbarların və yol qovşaqlarının tutulması tapşırıqları qoyula bilər. Dağlıq Qarabağ ərazisində əməliyyat və strateji ehtiyatların yerləşmə rayonları və ehtimal olunan hərəkət matşrutları düzgün qiymətləndirilməli, əsasən bu marşrutların bağlanması nəzərə alınmalıdır.

Texnologiyanın inkişafını və yeni imkanlarını öyrənmək, döyüş tapşırıqlarının yerinə yetirilməsində tətbiq etmək yeni araşdırma mövzularından biri olmalıdır. Məsələn, kəşfiyyat və döyüş PUA-ları, dronlar reyd dəstələrinin tapşırıqlarını çox uğurla yerinə yetirə bilər. Bu yeniliklər, ideya sferasından çıxmalı, öyrənilməli, tədris edilməli, təlimlərdə sınaqdan keçirilməli və əməliyyatlarda tətbiq edilməlidir.

Yandan keçmə dəstələri müdafiə olunan düşmənə cinah və arxadan zərbə endirməklə, hücuma keçən qoşunlara dağ aşırımlarını, keçidləri və yol qovşaqlarını ələ keçirməkdə köməklik göstərməlidir.

Korpusun yandan keçmə dəstəsinə gücləndirilmiş motoatıcı tabora qədər qüvvə təyin etmək lazımdır, başqa sözlə desək bu, qarışıq tabor taktiki qrupu olmalıdır. Bu qüvvə sayca az olsa da, zərbə və atəş gücü yüksək olmalıdır ki, özündən daha böyük düşmən qüvvəsinə qarşı döyüş tapşırığı yerinə yetirə bilsin.

Korpusun artilleriya qrupu elə hesabla yaradılmalıdır ki, hücumun hər istiqamətində düşmənə etibarlı atəş zərbəsi təmin edilsin. Bunun üçün ştatda olan və verilmiş artilleriyanın böyük hissəsi birinci eşelon briqadaları arasında paylanmalıdır. Qərargahlar tərəfindən hər hücum istiqamətində olan və cəlb edilməsi ehtimal olunan düşmən qüvvələri, ərazinin və şəraitin xüsusiyyətləri dəqiq təhlil edilməli, əməliyyat niyyəti təmin edilməlidir.

HHM qoşunlarının qruplaşması, habelə tank əleyhinə ehtiyatlar, hərəkətli maneə dəstələri hücumun hər istiqmətində fəaliyyət göstərən qoşunların müstəqilliyini təmin etmək baxımından yaradılmalıdır. Bu təminat növlərinin hər istiqamət üzrə, kəmiyyət və keyfiyyət baxımından, ayrılmış tərkibi yerinə yetirəcəkləri tapşırıqları təmin etməlidir.

Korpusun və briqadaların əsas zərbə istiqamətləri müdafiə olunan düşmənin əsas qüvvələrinin cinahına və arxa tərəfinə çıxmalıdır.

Eyni zamanda hücumun birbaşa istiqaməti olmayan ərazilərdə əsas zərbə istiqamətinin dəyişilməsi variantlarını nəzərdə tutmaq lazımdır. Hücum niyyəti düşmən tərəfindən vaxtından əvvəl aşkar olunarsa və buna qarşı müdafiənin dayanıqlığının artırılması üzrə tədbirlər görülərsə, qüvvələrlə qısa zamanda manevr edərək hücumun əsas istiqamətini dəyişmək əməliyyatın taleyini həll edə bilər.

Dağlıq Qarabağ ərazidə hücum əməliyyatlarının aparılması üsulları elə seçilməlidir ki, bizim qoşunların hücumunun mümkün maksimal tempini, hücum səylərinin düşmən müdafiəsinin dərinliyinə keçirilməsini, düşmənin dövrələnməsini, o cümlədən havadan, öndən, cinahlardan və arxadan zərbələrin endirilməsini, düşmən qüvvələrinin parçalanmasını və hissələrlə məhv edilməsini təmin etsin. Hücum qüvvələrinin tərkibi, döyüş imkanları, təchizatı, hazırlığı, psixoliji vəziyyəti və idarəetməsi buna imkan verməlidir.

Dağlıq Qarabağ ərazinin şəraitlərinə diqqət yetirsək görərik ki, əsas hücum qüvvələri ilə düşmənə öndən zərbələr endirərkən, yandan keçmə və reyd dəstələri ilə düşmən müdafiəsinin dərinliyinə irəliləmək və əsas qüvvələrlə birləşdirmək böyük effekt verəcək. Lakin nəzərə almaq lazımdır ki, hücum istiqamətlərinin təcrid olunması və yolların məhdud sayda olmaları səbəbindən düşmənin mühasirəyə alınması və məhv edilməsi üçün qüvvələrin birləşməsi bəzən mümkün olmayacaq. Belə hallarda düşmənin darmadağın edilməsi ancaq briqada və tabor səviyyəsində tətbiq olunmalıdır.

Düşmən qüvvələrinin mühasirəyə alınması və onların hissələrlə məhv edilməsinə hücum qüvələri ilə əsas istiqamətlərdə hücum etməklə, eyni zamanda düşmən müdafiəsinin dərinliyində yerləşən aşırımların, dağ keçidlərinin və yol qovşaqlarının ələ keçirilməsi üçün hava desantlarının çıxarılması ilə nail olmaq olar.

Dağlarda ikinci eşelon eyni vaxtda və ya ardıcıl olaraq bir istiqmətdə, bəzən isə iki istiqamətdə döyüşə yeridilə bilər. Əksər hallarda ikinci eşelon, birinci eşelonun döyüş düzülüşünün üzərindən aşmaqla tətbiq olunacaq. Odur ki, qüvvələrin üzərindən aşma fəaliyyətləri döyüş hazırlığının gedişində və əməliyyatlara hazırlıq mərhələsində ikinci plana keçirilməməli, qarşılıqlı əlaqə məsələləri dəqiq işlənməlidir.

Taktiki hava desantları elə tətbiq olunmalıdır ki, aşırımları və dağlıq ərazinin digər mühüm oyektlərini ələ keçirmək, düşmənin taktiki və əməliyyat ehtiyatlarının yaxınlaşmasını ləngitmək, düşmənin aralıq müdafiə hədlərindəki sahələrdə yerləşən vacib əraziləri və hakim yüksəklikləri ələ keçirmək mümkün olsun.

Düşmənə atəşlə zərər vurulması, əsasən briqdalarda planlaşdırılacaq. Bu planlaşdırılma zamanı düşmən müdafiəsinin çoxyaruslu olmasını və yüksəkliklərin arxa yamaclarında hədəflərin vurulmasının vacibliyini nəzərə almaq lazımdır.

Qoşunların istiqamətlər üzrə fəaliyyətlərində, həmlənin atəş hazırlığı hər bir istiqamətdə müxtəlif müddətə malik olacaq və müxtəlif vaxtlarda başlaya bilər. Həmlənin artilleriya dəstəyi, əsasən ayrı-ayrı hədəflər üzrə atəşin və cəmləşdirilmiş atəşlərin birləşməsi və ya atəşin ardıcıl cəmləşdirilməsi ilə həyata keçiriləcək. Çoxyaruslu müdafiə düzülüşündə atəş hazırlığı və həmlənin dəstəklənməsi zamanı düşmən eyni vaxtda bütün yaruslarda susdurulmalıdır. Bu susdurulma yollara bitişik dayaq məntəqələrində, həmçinin aşırımlarda və yüksəkliklərin qılınclarında daha çox diqqət mərkəzində olmalıdır.

Düşmənin yüksəkliklərin arxa yamaclarında məhv edilməsinə, hakim yüksəklikərdə fəaliyyət göstərən minaatanlarla və haubitsa artilleriyası ilə, aviasiya, döyüş PUA-ları və dronların zərbələri, eləcə də bölmələrin cinah atəşi ilə nail olunacaq. Bu fəaliyyətlər üçün də döyüş hazırlığının məqsədyönlü təşkili, hücumun düzgün planlaşdırılması və qarşılıqlı əlaqənin yüksək səviyyədə olması vacibdir.

Aviasiyanın, ərazinin artilleriya atəşi üçün əlçatmaz olan rayonlarında, xüsusilə də dərələrdə, darısqal keçidlərdə, yüksəkliklərin arxa yamaclarında və dağ yollarında tətbiq edilməsi vacibdir. Bunun üçün aviasiya tuşlayıcıları hər tabora ayrılmalıdır.

Qoşunların döyüş tapşırığı müəyyən edilərkən briqadanın yaxın tapşırığı hücum zolağında düşmənin müdafiə olunan bölmələrinin darmadağın edilməsi və onun taktiki dərinliyində aşırımların və digər vacib obyektlərin tutulması planlaşdırılmalıdır.
Briqadanın sonrakı tapşırığı isə düşmənin alay (briqada) ehtiyatlarının darmadağın edilməsindən və onun müdafiəsinin dərinliyində aşırımların və digər vacib hüdudların, obyektlərin tutulmasından ibarət olacaq. Dağlıq Qarabağ ərazilərində bu tapşırıqlar bəzi yüksək dağlıq istiqamətlərində daha az ola bilər.

Əgər briqada müstəqil olaraq təcrid edilmiş istiqamətdə, ensiz dağ keçidi boyunca hücum edirsə, ona döyüş tapşırığı 2-3 sutkalıq və hüdud xətləri müəyyənləşdirilmədən də verilə bilər bilər. Yəni belə vəziyyətlərdə tapşırıq verərkən dəqiq hədlərin verilməsi vacib deyil. Briqadaya sutkalıq tapşırıq 7-8 km dərinliyə qədər verilə bilər. Hücum zolağının eni dağ keçidlərinin, yolların, keçilməsi mümkün olan sahələrin mövcudluğundan asılı olacaq. Hücum zolağının eni adi şəraitlərdə olduğundan daha enli və bölmələrin fəaliyyəti üçün mümkün olan 2-3 istiqamətdən ibarət ola bilər. Briqadanın hücum zolağının eni 10 km-ə qədər ola bilər.

Hücumun planlaşdırılması və əsasən də qarşılıqlı əlaqə sualarının işlənməsi zamanı vacib hesablardan biri də hücumun tempi olacaqdır. Dağlarda piyadalaşmış bölmələrin və ümumilikdə briqadaların hücum templəri 1000 metrə qədər yüksəklikdə ‒ sutkada 8-10 km-ə, 2000 metrdən yüksəklikdə isə ‒ 3-5 km-ə qədər ola bilər.

Dağlarda düşmənin hazırlıqlı müdafiəsini yarma 0.3-0,5 km/saat, dağ yaylaları və dağətəyi rayonlarda 0,5-1 km/saat təşkil edə bilər.

Bütün bu rəqəmlər orta hesabla çıxarılıb. Hücumun planlaşdırılması zamanı hər istiqamət üçün bu hesablar ayrı olaraq aparılmalıdır. Bu zaman vəziyyət qiymətləndirilməsinin nəticələri, qoşunların döyüş imkanları və vəziyyətdə ehtimal olunan dəyişikliklər nəzərə alınmalıdır.

Briqadaların döyüş düzülüşünü iki eşelonda, məhdud saylı əlverişli istiqamətləri olan ərazidə isə üç eşelonda qurmaq lazımdır.

Qoşunların dağıntı rayonlarından cəld irəliləmələrini təmin etməkdən ötrü hücumun hər istiqamətində maneə təmizləmə dəstəsi və ya qrupu yaradılmalıdır.

Dağlıq Qarabağ ərazisində hücumun hazırlığı

Dağlıq rayonlarda hücum əməliyyatında müvəffəqiyyət əldə etmək üçün diqqət yetirilməli olan bir çox vacib məsələlər var. Belə məsələlər hər ərazi və istiqamət üçün fərdi olacaq, bunların bütün istiqamətlər üçün səciyyəvi olan əsaslarından bir neçəsini qeyd edək.

Atəşkəs dövründə, hücuma hazırlıq mərhələsində və hücum əməliyyatlarının gedişində düşmən müdafiəsinin və ərazinin əsaslı surətdə kəşfiyyatı aparılmalıdır. Kəşfiyyat, bütün qüvvə və vasitələrlə aparılmalı, bir mərkəzə ötürülməli, ümumiləşdirilməli, təhlil edilməli, nəticələr çıxarılmalı, aidiyyəti üzrə qoşunlar məlumatlandırılmalıdır. Kəşfiyyatın təşkilində peyk canlı izləmə, aviasiya, PUA, radioelektron kəşfiyyat və digər müasir üsul və vasitələrin tətbiqi imkanları araşdırılmalı və istifadə edilməlidir.

Əsas zərbə istiqaməti düzgün seçilməlidir. Düşmənə gözləmədiyi vaxt, gözləmədiyi yerdə, gözləmədiyi qüvvələrlə, gözləmədiyi üsulla sarsıdıcı zərbə endirmək lazımdır. Əsas zərbə istiqaməti qələbəyə aparan elə ən asan və sadə yol olmalıdır ki, heç bir idarəetmə və qarşılıqlı əlaqə olmasa belə hər kəs öz tapşırığını tək başına yerinə yetirə bilsin. Əsas zərbə istiqamətinin seçilməsi elmə, təcrübəyə, cəsarətə, dəqiq qiymətləndirmələrə və hesablara əsaslanmalıdır.

Düzənlik ərazidəki kimi, klassik üsulla hücum ‒ dağlıq ərazidə əvvəldən məğlubiyyətə razılaşmaq deməkdir. Düşmənə, yandan keçmə dəstələrinin cəsur və qətiyyətli fəaliyyətləri ilə əlaqədə yollar və digər asan keçilən ərazilər boyu yekdil cinah zərbələri endirilməlidir. Düşmənin əsas qüvvələri cəbhədən, cinahlardan, arxadan, havadan zərbələr almalı, müdafiə niyyəti pozulmalı, təşəbbüs tam ələ alınmalıdır.

Düşmən müdafiəsinin dərinliyində yol şəbəkələri, aşırımlar, dağ keçidləri və digər əsas obyektlər ələ keçirilməlidir. Əks təqdirdə hücumun başlanğıcında əldə olunmuş kiçik ərazilər belə itiriləcək, hücum edən qoşunlarımızın canlı qüvvəsi, texnikası və atəş vasitələri böyük itkilərə məruz qalacaq. Düşmənin müdafiə qərarının uğurla yerinə yetirilməsini təmin edən yol şəbəkələrini, aşırımları, dağ keçidlərini və digər əsas obyektlərini ələ keçirərək onun müdafiə olunan əsas qüvvələrini bütün növ dəstək və təminatlardan təcrid etməli, onu müdafiə mövqelərindən çıxmağa məcbur etməliyik.

Qoşunları mürəkkəb dağlıq ərazi şəraitlərində fəaliyyətlərə əvvəlcədən və hərtərəfli hazırlamaq lazımdır. Hücum əməliyyatlarını icra edəcəyimiz ərazi –Qarabağın dağlıq hissəsidir, əməliyyat tapşırıqlarımız – sərhədlərin bərpasıdır, məhv edəcəyimiz düşmən qüvvələrinin tərkibi, döyüş imkanları, taktikası, müdafiəsinin quruluşu, regional və beynəlxalq siyasi, hərbi-siyasi və hərbi vəziyyətlər məlumdur. Silahlı Qüvvələrin üzərinə düşən tək məsələ qoşunların ştat quruluşunu, təchizatını, təminatını, əməliyyat və döyüş hazırlığını, mənəvi-psixoloji vəziyyətini məqsədyönlü inkişaf etdirmək və tələb olunan səviyyəyə çatdırmaqdır.

Dağlıq ərazidə hücumun hazırlığının hər bir mərhələsində adi vəziyyətlərdən fərqli olaraq diqqət yetirilməsi vacib olan xüsusi məsələlər var. Hücum hazırlığının əsas mərhələlərinin bəzi xüsusiyyətlərini göstərməyə çalışaq.

Komandanlıq tərəfindən tapşırığın aydınlaşdırılması zamanı böyük rəisin vasitələri ilə düşmənin atəşlə məhv edilməsi xüsusiyyətləri, qonşularla, desantlarla qarşılıqlı əlaqə şərtləri, aşırımların, keçidlərin, yol qovşaqlarının və s. ələ keçirilmə müddətləri müəyyən edilməlidir. Bu zaman nəzərə almaq lazımdır ki, dağlarda qoşunların hərəkətinə və açılmasına adi halda olduğundan çox vaxt tələb olunacaq. Tələb olunan vaxt isə qərargah tərəfindən real vəziyyətə uyğun hesablanmalı və əməliyyatın planlaşdırılması real göstəricilərə əsaslanmalıdır.

Düşmənin qiymətləndirilməsində digər məsələlərlə yanaşı bir çox əlavə vacib məlumatlar da müəyyən edilməlidir.

Düşmən qüvvələrinin tərkibində yeni xüsusi dağ qurumlarının olması, qoşunların dağ hazırlığının səviyyəsi qiymətləndirilməlidir. Bu qiymətləndirilmə daimi aparılmalı, hücuma hazırlıq mərhələsində isə sadəcə dəqiqləşdirilməlidir.
Düşmənin, əsas qüvvələrini hansı hakim yüksəkliklərin, aşırımların, vadilərin, dərələrin, dağ keçidlərinin və yol qovşaqlarının əldə saxlanmasına cəmləşdirməsi və onların müdafiəsinin xüsusiyyətləri qiymətləndirilməli və bu məlumatlar qərarın qəbulu üçün hazırlanmalıdır.

Düşmən tərəfindən tutulmamış və zəif müdafiə olunan sahələr, onların ötüb keçilmə və dövrələmələr üçün istifadə olunma imkanları dəqiqləşdirilməlidir.
Düşmənin REM (radioelektron mübarizə) imkanları və onların bizim qoşunlarımıza təsiri, bu təsirin nəticələri, bunun qarşısının alınması, yaranmış vəziyyətdən çıxış yolları və real fəaliyyətlər imkanları dəyərləndirilməlidir.
Düşmən müdafiə sistemində gücləndirilmiş hüdudların, mövqelərin mövcudluğu və xüsusiyyətləri, onlarda düşmən qoşunlarının tərkibi müəyyən edilməli, belə hüdud və mövqelərin ələ keçirilmə, digər döyüş elementlərindən təcrid edilmə, hərtərəfli təminatının kəsilməsi imkanları qiymətləndirilməlidir.

Öz qoşunlarının qiymətləndirilməsi zamanı atəşin və qoşunların manevrlərinin yerinə yetirilməsi imkanları, şəxsi heyətin dağ hazırlığının, fiziki və psixoloji möhkəmliyinin səviyyəsi hesaba alınmalıdır.

Xüsusi dağ ləvazimatı və geyimlə təmin olunma, texnikanın vəziyyəti, onun dağlarda fəaliyyəti üçün təchiz edilməsi, qoşunların əlçatmaz ərazilərdə təminat vəziyyəti və qaydaları dəqiqləşdirilməlidir.

Qoşunların manevrinin təmin olunması və mühafizəsi üzrə tədbirlər nəzərdə tutulmalıdır. Bu tədbirlər kompleks şəkildə olmalı, idarəetmə, qarşılıqlı əlaqə və hərtərəfli təminatı imkanları qiymətləndirilməlidir.

Taktiki hava desantlarının, yandan keçmə dəstələrinin tətbiq olunma, qoşunların və maddi vəsaitlərin hava yolu ilə daşınma imkanları müəyyən edilməlidir.

Sonrakı döyüş fəaliyyəti rayonunun qiymətləndirilməsi zamanı da qərargahın dəqiqləşdirməli olduğu bir çox xüsusi məsələlər var.

Hücumun istiqamətləri, onların qoşunlar üçün əlverişliliyi, yolların, cığırların, aşırımların, dərələrin xüsusiyyətləri və keçilə bilmə vəziyyətləri qiymətləndirilməli, bu qiymətləndirilmə isə hücum niyyətinin əsas elementlərinin müəyyən edilməsində əsas rol oynamalıdır.

Ərazinin mühafizə və maskalama xüsusiyyətləri müəyyən edilməlidir. Bu xüsusiyyətlərin düşmən tərəf üçün, eyni zamanda bizim qoşunların fəaliyyətlərinə mənfi və müsbət təsirlərinə, bu təsirlərdən qorunma və istifadə imkanlarına baxılmalıdır.

Ərazi qiymətləndirilərkən yandan keçmə dəstələrinin manevr yolları, fəaliyyət istiqamətləri, ərazinin yoldan kənar yerlərdə keçilə bilmə vəziyyəti müəyyən edilməlidir. Bu zaman yalnız xəritələrdəki məlumatlarla kifayətlənmək olmaz. Zaman keçdikcə, ilin fəsillərinə və hava şəraitinə görə ərazinin müəyyən hissələrində çox vacib dəyişikliklər ola bilər, bu dəyişikliklər isə yandan keçmə dəstələrinin fəaliyyətlərinin planlaşdırılmasında mühüm rol oynaya bilər.

Ərazinin qiymətləndirilməsinin gedişində, ələ keçirildiyi halda düşmən müdafiəsinin dayanıqlığını kəskin surətdə aşağı salacaq rayon və obyektlər müəyyən edilməlidir. Bu zaman ərazi, meteoroloji şəraitlər və hava məlumatları nəzərə alınaraq qiymətləndirilməlidir.

Korpus komandiri hücum əməliyyatına qərar verərkən ümumi məsələlərdən başqa, dağlıq əraziyə uyğun bir çox xüsusi məsələləri də müəyyən etməlidir.

Ən vacib məsələlərdən biri odur ki, korpus komandiri birinci eşelon qüvvələri üçün hücum istiqamətlərini təyin etməlidir. Bu istiqamətlər, bir çox hallarda olduğu kimi sadəcə iki nöqtəni birləşdirən xətt deyil, qoşunların real ərazidə, mövcud vəziyyətdə döyüş tapşırıqları yerinə yetirəcəyi bir istiqaməti nəzərdə tutmalıdır.

Aşırımların, keçidlərin, dağlardan çıxışların ələ keçirilməsi üsulları, gücləndirilmiş rayonların və hədlərin tutulması və ya yarılması üsulları qərarda öz əksini tapmalıdır. Bu üsulların təyin olunması əməliyyatın modelləşdirilməsi və qarşılıqlı əlaqə suallarının müəyyən edilməsi baxımından da çox vacibdir.

Adi məsələlərdən əlavə yandan keçmə dəstələrinin sayı, tərkibi və tapşırıqları, onların birinci eşelon qoşunları və desantlarla qarşılıqlı əlaqə qaydaları müəyyən olunmalıdır.

Hücum edən qoşunların su və yanacaqla təchizatı da adi şəraitlərdən fərqli olacaq. Odur ki, korpus komandirinin qərarında bu təminat növlərinin qaydaları təyin olunmalıdır.

Hücum istiqamətlərində çətin keçilən rayonların dəf edilməsi, cinahların və cəbhə arxasının təmin edilməsi, düşmənin radioelektron mübarizəsindən qoşunların müdafiəsi və digər mühüm məsələlər üzrə tədbirlər də korpus komandirinin əmrində mütləq müəyyən edilməlidir.

Əməliyyatın planlaşdırılması zamanı hər istiqamət üzrə qoşunların qruplaşmaları, düşmənin atəşlə vurulması, hücuma keçmə qaydası, həmlənin başlama vaxtı, hücum tempi müfəssəl olaraq müəyyən olunmalıdır. Dərin və geniş təfsilat üçün qərargahın müfəssəl çalışması lazımdır. Qərargahın müfəssəl çalışması üçün isə hər bir qərargah zabitinin yüksək peşəkar hazırlığı lazımdır.

Bununla yanaşı, aşırımların, dağ keçidlərinin ələ keçirilməsi, maneələrin və dağıntıların dəf olunması üsulları işlənib hazırlanmalıdır. Bu üsullar hazırlanarkən tərəflərin vəziyyəti, döyüş imkanları, ərazinin real xüsusiyyətləri nəzərə alınaraq dəqiq hesablar aparılmalıdır.

Qoşunların hücuma keçmə üsullarından asılı olaraq düşmən müdafiəsini yararkən ona kompleks atəşlə zərərvurma ola da bilər, olmaya da bilər. Əgər planlaşdırılıbsa, kompleks atəşlə zərərvurma istiqamətlər üzrə 3 və ya 4 dövrdə yerinə yetirilə bilər.

Bu zaman düşmənin bütün əməliyyat düzülüşü elementləri üzrə, bütün dərinlik boyu və eyni vaxtda müdafiənin bütün yaruslarında güclü atəş təsirinin əldə edilməsinin çox vacib əhəmiyyəti var.

Gücləndirilmiş müdafiənin yarılması zamanı düşmənin atəşlə məhv edilməsinin planlaşdırılmasında, bəzi hallarda həmlənin atəş hazırlığı zamanı uzunmüddətli atəş nöqtələrinin dağıdılmasına əlavə vaxt nəzərdə tutulmalıdır, ona görə də adi şəraitlə müqayisədə ümumi vaxtın müddəti artacaq.

Düşmən kəşfiyyatına qarşı mübarizə tədbirləri görülməli, o cümlədən onun texniki vasitələrindən maskalanma nəzərdə tutulmalıdır. Bu məqsədlə qoşunların aşırımlarda, keçidlərdə yığılmamaları üçün onların dəf edilməsi qaydaları əvvəldən müəyyən olunmalıdır.

Qoşunların Dağlıq Qarabağ ərazisində hücum əməliyyatlarının qarşılıqlı əlaqəsi elə təşkil olunmalıdır ki, ayrı-ayrı müstəqil istiqamətlərdə fəaliyyətlər nəzərə alınsın. Qarşılıqlı əlaqənin təşkili zamanı aşırımların, keçidlərin, yol qovşaqlarının və digər vacib obyektlərin ələ keçirilməsi, müdafiəni yardıqda isə ‒ yarma sahəsində, cinahlarda və yaxın dərinlikdəki fəaliyyətlər tam dəqiqliklə uyğunlaşdırılmalıdır. Bu zaman əsas və digər istiqamətlərdə hücum edən birləşmə və hissələrin fəaliyyəti vaxt, hüdudlar və rayonlar üzrə uyğunlaşdırılmalıdır.

Öndən hücum edən qoşunların ‒ yandan keçmə dəstələri, hava desantları ilə qarşılıqlı əlaqələrini təşkil edərkən, korpus və briqada komandirləri adi şəraitlərdən fərqli olaraq əlavə bir çox məsələləri də dəqiqləşdirməlidir.

Ötüb keçmə dəstələri ilə hava desantlarının aşırımların, keçidlərin, yol qovşaqlarının, dərələrin tutulması üzrə birgə fəaliyyətləri, öndən hücum edən qoşunların fəaliyyət rayonlarına çıxma vaxtları, obyektlər və onların raket qoşunları, uzaqvuran artilleriya, hücum və ordu aviasiyası ilə vurulma qaydaları mütləq dəqiq müəyyən edilməlidir.

Eyni zamanda ələ keçirilmiş aşırımların, dağ keçidlərinin, yol qovşaqlarının, digər vacib obyektlərin müdafiə olunma qaydası, mühasirəyə alınmış düşmən qruplaşmalarının məhv edilməsi, bunun üçün vacib olan qüvvə və vasitələr, düşmənin yandan keçmə dəstələri və təxribat qrupları ilə mübarizənin qayda və üsulları təyin edilməlidir.

Düşmən müxtəlif cür maneələr tətbiq edəcək, dağıntılar, subasma zonaları yaradacaq. Müdafiə olunan düşmənin bu imkanlarını nəzərə alaraq, qarşılıqlı əlaqənin təşkili zamanı həmin yerlərdən keçidlərin açılması, həmçinin onların hücum edən qoşunlar tərəfindən dəf olunma və yandan keçmə qaydaları müəyyən edilməlidir.

Son illər dünyada baş verən silahlı münaqişələrin, eləcə də Qarabağ müharibəsinin ilk mərhələsinin döyüş təcrübəsi göstərir ki, ən effektiv qarşılıqlı əlaqə ‒ ərazinin maketi üzərində və bilavasitə ərazidə, əməliyyat və əsas taktiki epizodların oynanılması metodları ilə təşkil edilməsidir.

Əgər vaxt çatışmazlığı olarsa korpus və briqada komandirləri əsas zərbə istiqamətində qarşılıqlı əlaqəni şəxsən özləri təşkil etməlidirlər. Digər zərbə istiqamətində isə qarşılıqlı əlaqə üzrə işi komandir müavinləri yerinə yetirəcəklər.

Bilavasitə əməliyyatların başlanmasından əvvəl hissə və bölmə komandirləri ilə ərazi maketi üzərində döyüşün oynanılmasını keçirmək məqsədəuyğundur.

Dağlarda döyüş tapşırıqlarının müvəffəqiyyətlə yerinə yetirilməsində qoşunların hücuma praktiki hazırlanması vacib əhəmiyyət daşıyır. Bu hazırlıq məqsədyönlü, bilavasitə komandirlərin rəhbərliyi ilə keçirilməlidir. İmkan daxilində bütün əsas və aralıq tapşırıqların məşqinin təşkil olunması hücumun uğurlu olması üçün zəmin yaradacaq.

Zabitlərin hazırlığında əsas diqqəti, ilk növbədə, dağlarda səmti müəyyən etmə bacarıqlarının yüksək səviyyədə olmasına, naviqasiya cihazlarının köməyi ilə kolonu idarə etmələrinə, silah və döyüş texnikasından effektiv istifadə etmələrinə yönəltmək lazımdır. Hücumda yerinə yetirilən döyüş tapşırıqlarının xüsusiyyətlərinə uyğun olaraq, dağ aşırımlarının ələ keçirilməsini yandan keçmə dəstələri və taktiki hava desantları ilə qarşılıqlı əlaqədə məşq etdirmək, eləcə də mümkün döyüş tapşırıqlarına uyğun olaraq Qarabağın dağlıq ərazilərinə müvafiq digər tapşırıqları taktiki sinifdə komandir hazırlığı məşğələləri və qərargah məşqləri zamanı həll etmək məqsədəuyğun və vacibdir.

Bu məqalədə dağlıq ərazidə hücum döyüşünün təşkili və dağlarda hücum hazırlığının xüsusiyyətlərini araşdırdıq. Növbəti məqaləmizdə dağlarda hücumun aparılması və hücumda ön dəstənin fəaliyyətinin xüsusiyyətləri barədə araşdırma aparacağıq.

Mənbələr:

Xüsusi şəraitlərdə qoşunların döyüş fəaliyyəti, Bakı – 2005.
Dağ şəraitində hücum əməliyyatları təcrübəsi üzrə dərs vəsaiti, Bakı – 2015.
Dağ şəraitində hücum əməliyyatları, Bakı – 2016.
https://mod.gov.az/images/pdf/36ccf2859449eff974dfc5aaecfd1d40.pdf
https://ordu.az/az/news/140091/talisetrafi-yuksekliklerden-doyus-emeliyyatlari-teatrina-baxis--herbi-ekspert-fotolar
https://ordu.az/az/news/149766/aviasiya,-yoxsa-artilleriya...-qarabagda--muharibe-teatri-na-hansi-daha-uygundur-herbi-ekspert-
http://militera.lib.ru/science/0/pdf/klementyev_vg01.pdf
http://nvo.ng.ru/realty/2016-04-08/1_mountains.html
https://studfile.net/preview/855934/page:9/
https://fas.org/irp/doddir/army/fm3-97-6.pdf
https://www.armystudyguide.com/content/army_board_study_guide_topics/desert_operations/operations-in-mountains.shtml
http://www.mwcoe.org/wp-content/uploads/2018/12/ME-Congress-Booklet-2018.pdf

Hərbi ekspert Səməndər Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Dağ-şəraiti   Müharibə  

Dağ şəraitində hücum əməliyyatı necə aparılmalıdır? – ANALİZ (HƏRBİ EKSPERT) - III YAZI

2020/05/13-20681969165.jpg
Oxunub: 3994     15:57     31 May 2020    