Düşmən müdafiəsinin quruluşunun xüsusiyyətlərinə baxış - HƏRBİ EKSPERT (I YAZI)
Oxunub: 28334
10:37
08 Aprel 2020
Son günlər sosial mediada Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişə zonasının cənub hissəsində Ermənistan silahlı qüvvələrinə aid mövqelərin quruluşu və ümumiyyətlə müdafiənin təşkili üzrə yayılan videolar və məlumatlar geniş müzakirə mövzusuna çevrilib. Müxtəlif şəxslər tərəfindən bu müdafiənin xüsusiyyətləri, “alınmaz qala” obrazı, düşmənin ağıllı müdafiə qurması, düşmənin hiyləgər olması, səngərlərin çoxunun boş olması, hərbi sirrləri yaymamaq tövsiyyəsi, düşmən ön xəttindən arxadakı yüksək təpədə uzaq məsafəni dəqiq çəkən kameranın quraşdırılması, məlumatın dezinformasiya olması, bizim qoşunların hansı qaydada hücum etməli olduğu, düşməni aldatma tədbirləri, bizim qoşun növləri arasında koordinasiya tədbirləri, hərbiçilərdən hücum variantlarının istənilməsi və başqa fikirlər yazılır.
Bu müzakirələr bizi düşmənin cənub istiqamətində döyüş mövqelərini və müdafiənin eşelonlaşdırılmasını təhlil etməyə vadar etdi.
Təqdim olunan məlumatlardakı görüntülər, adətən yeni olmur. Çünki, bu şəkil “online” izləmə mənbələrindən alınmayıb, “Google Earth”dən götürülüb. Odur ki, bu məlumatlar ən azı bir neçə gün, bəzən isə həftələr, aylar, hətta illər öncəsinin vəziyyətini göstərir.
Əvvəla müdafiə haqqında bəzi əsas müddəalara baxaq:
Müdafiə – briqadanın (alayın) taktiki fəaliyyətlərinin əsas növlərindən biridir.
Müdafiə:
- üstün qüvvələrin hücumunu dəf etmək;
- ona maksimal zərər vurmaq;
- ərazinin mühüm rayonlarını əldə saxlamaq və bununla da
- sonrakı fəaliyyətlər üçün əlverişli şərait yaratmaq məqsədilə aparılır.
Düşmən də öz müdafiəsini qurarkən bu məqsədləri əsas götürüb. Bu məqsədlərə nail olmaq üçün döyüş nizamnamələrində, təlimnamələrdə bir sıra tapşırıqlar müəyyən edilib.
Müdafiənin məqsədlərinə nail olmaq üçün bir çox taktiki tapşırıqların yerinə yetirilməsi planlaşdırılır ki, onlardan da əsasları bunlardır:
- Hücum edən qüvvələrin irəliləməsi, açılması və həmləyə keçməsinin qarşısını almaq;
- Hücum edən qüvvələrin həmləsini dəf etmək;
- Müdafiə olunan rayon və hədləri əldə möhkəm saxlamaq, onların yarılması və ələ keçirilməsinə yol verməmək;
- Müdafiəyə soxulmuş hücum edən qüvvələri darmadağın etmək və vacib istiqamətlərdə müdafiəni bərpa etmək;
- Hücum edən qüvvələrin ehtiyatlarına zərər vurmaq;
- Hücum edən qüvvələrin yandan keçən, reyd və ön dəstələrini darmadağın etmək;
- Hücum edən qüvvələrin hava desantını, aeromobil və diversiya-kəşfiyyat qruplarını, qanunsuz silahlı birləşmələrini məhv etmək;
- Hücum edən qüvvələrin qoşunları və silahlarının idarə edilməsini pozmaq;
- Hücum edən qüvvələrin hava hücum vasitələrinin zərbələrini dəf etmək;
- Sonrakı fəaliyyətlər üçün əlverişli rayon və hədləri əldə saxlamaq.
Videodakı sxemdən də göründüyü kimi düşmən, əsasən bu taktiki tapşırıqların yerinə yetirilməsini nəzərə alıb. Bundan başqa, müdafiəyə bəzi tələblər qoyulur.
Müdafiə dayanıqlı və fəal olmalıdır. Müdafiə - hücum edən qüvvələrin böyük dərinliklərə apardığı kütləvi atəş zərbələrinə müqavimət göstərməyə, onun cəbhədən və cinahlardan hücumunu dəf etməyə, arxasına hava desantı, aeromobil qruplarının enməsinə imkan verməyən, endirildiyi halda onu məhv etmək qabiliyyətində olmalıdır.
Müdafiə tank, desant və hava zərbələri əleyhinə olmalı, hücum edən qüvvələrin yüksək dəqiqlikli silahları tətbiq etdiyi hallarda və radioelektron mübarizə vasitələri istifadə etdiyi şəraitlərdə uzun müddət döyüş aparmaq imkanı verməlidir, dərin eşelonlaşdırılmış quruluşa malik olmalıdır.
Müdafiə olunan qoşunlar, o cümlədən bütün qoşun növləri, xüsusi və arxa cəbhə qoşunlarının hissə və bölmələri tutduğu mövqeləri (rayonları, hüdudları) inadla müdafiə etməli və böyük komandirin (rəisin) əmri olmadan onları tərk etməməlidir. Onlar qonşularla taktiki əlaqədə olmadıqda və mühasirədə döyüş aparmağa hazır olmalıdırlar.
Bəs müdafiənin dayanıqlığına və fəallığına nə ilə nail olunur?
- Hücum edən qüvvələrin daim kəşfiyyatının aparılması, onun hücuma hazırlaşmasını və fəaliyyətinin niyyətinin vaxtında aşkar edilməsi ilə;
- Hücum edən qüvvələrin kütləvi qırğın silahları və kimyavi basqın vasitələrini, yüksək dəqiqlikli silah sistemlərinin aşkar edildiyi hallarda dərhal məhv edilməsi ilə;
- Hücum edən qüvvələrin ilk öncə böyük sayda tank və digər zirehli maşınlarının həmləsini dəf etmək üçün ərazinin əlverişli xüsusiyyətlərindən və onun mühəndis təchizatından tam istifadə etməklə dairəvi müdafiənin dərin eşelonlaşdırılması və bacarıqla qurulması ilə;
- Bütün növ vasitələrin atəş sisteminin yaradılması və onun mühəndis maneələri sistemi ilə birgə, ilk növbədə tank əleyhinə, müdafiənin yaxın və uzaq girişlərində, cinahlarda və aralıqlarda effektiv istifadə edilməsi ilə;
- Həmlə edilməmiş sahələrdəki qüvvə və vasitələrlə vaxtında manevr etmək, mövqe və rayonların inadla əldə saxlanması, əks həmlələrin keçirilməsi, hücum edən qüvvələr üçün əlverişsiz şəraitin yaradılması ilə;
- Hücum edən qüvvələrin hava zərbələrindən qoşunların fasiləsiz himayə edilməsi, onun hava desantının, aeromobil və diversiya-kəşfiyyat qruplarının dərhal məhv edilməsi ilə;
- Müdafiənin mükəmməl maskalanması və müdafiənin aparılma qaydasına görə hücum edən qüvvələrdə yanlış fikrin yaradılması ilə;
- Hissə və bölmələrin uzun müddətli döyüş aparmağa hazırlanması ilə;
- Qoşunların hərtərəfli təminatı, dayanıqlı idarə edilməsi və döyüş qabiliyyətinin tez bərpa olunması ilə.
Verilmiş tapşırıqdan asılı olaraq briqada (alay) “mövqe müdafiəsi”, “manevr müdafiəsi” və ya onların hər ikisini özündə birləşdirən “aktiv müdafiə” apara bilər. Cənub istiqamətində düşmən daha çox aktiv müdafiə növündən istifadə edib.
Aktiv müdafiə – mövqe və manevr müdafiəsini özündə birləşdirərək əvvəlcədən hazırlanmış və dərinliyə eşelonlaşdırılmış hədlərdə ardıcıl müdafiə döyüşləri və sarsıdıcı əks-həmlənin keçirməsi ilə aparılır. Onun mahiyyəti – əsas müdafiə zolağında ardıcıl döyüşlər aparmaq və manevr keçirməklə ərazinin müəyyən hissəsinin müvəqqəti itirilməsi hesabına hücum edən qüvvələri taktiki torbaya cəlb etmək və güclü ehtiyatların sarsıdıcı zərbəsi ilə onu məhv etməkdir. Aktiv müdafiədə hücum edən qüvvələrin taktiki torbaya cəlb edilməsi və əvvəlcədən hazırlanmış mövqe qarşısında dayandırılması üçün mümkün qədər az qüvvə ayrılmalı, əsas qüvvələr isə ehtiyatın tərkibində sarsıdıcı əks-həmlənin keçirilməsinə cəlb edilməlidir.
Müdafiənin qurulması aşağıdakıların yaradılmasından ibarədir:
- döyüş düzülüşü;
- müdafiə mövqeləri və rayonları sistemi;
- atəşlə zərərvurma sistemi;
- hava hücumundan müdafiə sistemi;
- mühəndis maneələri sistemi;
- hava desantına, aeromobil və diversiya-kəşfiyyat qruplarına, qanunsuz silahlı birləşmələrə qarşı mübarizə sistemləri.
Müdafiədə briqadanın (alayın) döyüş düzülüşünə daxildir:
- birinci və ikinci eşelonlar,
- bilavasitə tabelikdə olan artilleriya,
- hava hücumundan müdafiə bölmələri,
- ehtiyatlar (ümumqoşun, desant əleyhinə və tank əleyhinə),
- səyyar maneəqurma dəstəsi.
Qəbul edilmiş qərardan asılı olaraq briqadanın (alayın) döyüş düzülüşünə gücləndirilmiş tabor və ya bölük tərkibində ön, yandan keçən və reyd dəstələri, taktiki hava desantı daxil ola bilər. Döyüş düzülüşü elementlərinin tərkibi müdafiənin gedişində dəyişə bilər.
Müdafiənin aparılması üçün taborların cavabdehlik rayonu çərçivəsində bölmələrin daha müstəqil və qətiyyətli fəaliyyətlərini təmin etmək məqsədilə tabor və bölük taktiki qrupları yaradılır.
Müdafiədə döyüş düzülüşü elementlərinin hər birinin öz tapşırıqları var. Videodakı sxemdə yanlış anlaşılan bəzi elementlərin təyinatına baxaq.
Ön dəstə – ön mövqedə manevr müdafiəsi aparmaqla birinci eşelon bölmələrinin yerləşməsi barədə hücum edən qüvvələrdə yanlış təsəvvür yaradılması, onun ön bölmələrinə atəşlə zərər vurulması və əsas qüvvələrinin vaxtından əvvəl açılmasına məcbur edilməsi, hücumunun ləngidilməsi və onun özü üçün əlverişsiz istiqamətə yönəldilməsi üçün nəzərdə tutulub. Briqadada (alayda) bir qayda olaraq, gücləndirilmiş motoatıcı və ya tank taboru (tabor taktiki qrupu), ya da birinci eşelon taborlarından ayrılmış gücləndirilmiş motoatıcı bölüklər tərkibində bir ön dəstə yaradılır.
Düşmən müdafiəsində mina sahələrinin qarşısında, göründüyü kimi ön mövqe (döyüş mühafizəsi) yaradılıb.
Vəziyyətdən asılı olaraq müdafiədə briqadanın (alayın) döyüş düzülüşü bir və ya iki eşelonda yaradıla bilər. Hər bir halda briqadanın döyüş düzülüşü təmin etməlidir:
- müdafiənin geniş cəbhədə və böyük dərinlikdə aparılmasını;
- bölmələrin yüksək manevrli və avtonom fəaliyyətini;
- müdafiə rayonları və dayaq məntəqələrinin müdafiəsində həm mövqe, həm də manevr müdafiəsi elementlərinin birgə uzlaşmış tətbiqini;
- iki eşelonlu müdafiədə birinci və ikinci müdafiə mövqelərinin eyni zamanda tutulmasını.
Cənub istiqamətində düşmənin müdafiəsi döyüş mühafizəsi təşkil edilməklə, iki eşelon və güclü ehtiyatın yaradılması ilə qurulub.
Briqadada (alayda) müdafiə mövqeləri və rayonları sisteminə daxildir:
- ön mövqe və ya döyüş mühafizəsi;
- birinci və ikinci (bəzən - həm də üçüncü) müdafiə mövqeləri;
- kəsici mövqelər,
- ayrı-ayrı müdafiə rayonları (qovşaqları).
Ön mövqe – müdafiənin quruluşu və onun ön xətti barədə hücum edən qüvvələrdə yanlış təsəvvür yaratmaq, birinci eşelon bölmələrinə onun qəfil həmləsinin qarşısını almaq və hücum edən bölmələri vaxtından əvvəl açılmağa məcbur etmək məqsədilə, bir qayda olaraq təminat zolağı olmadıqda yaradılır. Onun dərinliyi bu məqsədlərə nail olunmasını, manevr müdafiəsinin effektiv aparılmasını, mövqeləri dəyişərkən bölmələrin təhlükəsiz manevrini təmin etməlidir. Ön mövqenin qarşısında və dərinliyində mühəndis maneələri sistemi yaradılır, ayrı-ayrı taqım dayaq məntəqələri, atəş pusquları qurulur. Hücum edən qüvvələri aldatmaq məqsədi ilə ön mövqeyin mühəndis cəhətdən qurulması zahirən müdafiə mövqeyinin qurulmasından fərqlənməməlidir.
Ön mövqe ilə müdafiənin ön xətti arasında taqım dayaq məntəqələri, atəş pusquları, mühəndis maneələri qurulur, dağıntı, yanğın və subasma rayonları hazırlanır.
Döyüş mühafizəsi mövqeyi – hücum edən qüvvələrin qəfil həmləsinin və yerüstü kəşfiyyat aparmasının qarşısını almaq məqsədi ilə ön mövqeyin olmadığı istiqamətlərdə, müdafiənin ön xəttindən irəlidə yaradılır.
Briqadanın (alayın) döyüş imkanları müdafiənin qurulmasında mütləq nəzərə alınır. Döyüş imkanları briqadanın (alayın) döyüş tərkibindən, şəxsi heyətin, silahlanmanın və döyüş texnikasının sayından və keyfiyyətindən, hücum edən qüvvələrin texniki təchizatından, müdafiənin hazırlıq səviyyəsindən, komandir və qərargahların qoşunları idarəetmə məharətindən, ərazinin xüsusiyyətlərindən, hava şəraitindən və hərtərəfli təminatın vəziyyətindən asılıdır.
Briqadanın döyüş imkanlarını müəyyən etmək üçün bu məlumatlar lazımdır:
- hücum edən qruplaşmanın tərkibi və vəziyyəti, qarşı tərəfin obyektlərinin xüsusiyyətləri və tələb olunan zərərvurma səviyyəsi;
- öz bölmələrinin tərkibi və komplektləşdirilməsi, silah və döyüş texnikasının əsas taktiki-texniki xüsusiyyətləri;
- artilleriya və aviasiyanın hücum edən qüvvələrin xüsusi obyektlərinə zərər vurmasına ayrılan norması;
- tapşırığın yerinə yetirilməsi üçün ayrılan silahların ümumi sayı;
- tanklarla və canlı qüvvə ilə mübarizə vasitələrinin effektiv əmsalı;
- bölmələrin müxtəlif döyüş növlərində döyüş potensialı;
- bölmələrin manevr göstəriciləri və başqa məlumatlar.
Müdafiə üzrə döyüş tapşırığı almış briqadada (alayda) müdafiənin təşkili:
- müdafiənin planlaşdırılması (qərarın qəbul edilməsi (niyyətin, döyüş tapşırıqlarının, qarışılıqlı əlaqə, hərtərəfli təminat və idarəetmə əsaslarının müəyyən edilməsi); planlaşdırmanın başa çatdırılması);
- bölmələrə döyüş tapşırıqlarının verilməsi;
- ərazi kəşfinin keçirilməsi;
- qarşılıqlı əlaqənin, atəşlə zərərvurmanın, hərtərəfli təminatın və idarəetmənin təşkilindən ibarətdir.
Manevr müdafiəsinin xüsusiyyətləri onu aparacaq bölmələrə və onların döyüş üsullarına bir sıra tələblər irəli sürür:
- manevr müdafiəsi aparan bölmələrin manevr qabiliyyəti hücum edən bölmələrdən daha üstün olmalıdır;
- bölmələrin döyüş düzülüşü onlara mövqe müdafiəsinə nisbətən daha geniş cəbhədə və dərinlikdə müstəqil olaraq döyüş fəaliyyətləri aparmağa imkan verməlidir;
- ərazinin qoruyucu və maskalayıcı xüsusiyyətlərindən bacarıqla istifadə edilməli, mühəndis maneələri və aldatma tədbirləri geniş tətbiq olunmalıdır;
- qarşılıqlı əlaqənin ən yüksək səviyyədə saxlanılması (xüsusilə də hücum edən qüvvələrə atəşlə zərərvurma gedişində);
- idarəetmənin operativliyi təmin edilməlidir.
Ordu korpusu (ordu) tərəfindən təminat zolağı yaradılmadıqda, korpusun birinci eşelon briqadaları tərəfindən ön mövqe hazırlana bilər. Onun müdafiəsi üçün ön dəstə ayrılır və ona cavabdehlik rayonu təyin edilir. Ön mövqe yaradılmadıqda isə taborlar döyüş mühafizəsi çıxara bilər. Ön mövqeni (döyüş mühafizəsi mövqelərini) müdafiə edən bölmələr hücum edən qüvvələrin döyüşlə kəşfiyyatının və ya örtmə qüvvələrinin (ön dəstələrinin, avanqardın) həmlələrini dəf edir, tankların, döyüş maşınlarının və tankəleyhinə vasitələrin atəşi ilə onları məhv edir və əsas qüvvələri vaxtından əvvəl döyüşə yeritməyə məcbur edirlər.
Aktiv döyüş fəaliyyətləri aparılmadığı dövrdə, yəni uzunmüddətli müdafiədə briqada (alay) müdafiəsinin təşkili variantı sxemdə göstərilib.
Uzunmüddətli müdafiənin aparılması və bölmələrin daima hücum edən qüvvələrin hücumunu dəf etməyə hazır olmasını təmin etmək məqsədi ilə, komandirlər əlavə olaraq müəyyən edir (dəqiqləşdirir):
- bölmələrdə, xüsusilə də müşahidə məntəqələrində növbətçiliyin aparılması qaydasını;
- hücum edən qüvvələrin aşkar olunmuş ayrı-ayrı qruplarının və atəş vasitələrinin məhv edilməsi qaydasını;
- kəşfiyyat orqanlarının ön xətdən irəliyə və geriyə buraxılması, hücum edən qüvvələr tərəfdən fərarilik edənlərin qəbulu qaydalarını;
- böyük rəislərdən və qonşulardan gəlmiş şəxslərin bölmələrə, xüsusilə də ön xəttə buraxılması və müşayiəti qaydasını;
- müdafiə rayonunda (dayaq məntəqəsində) yolları və hərəkət qaydasını;
- gündüzdən gecəyə və gecədən gündüzə keçid üzrə fəaliyyət qaydasını;
- hər bir silah növünün yanında olan sursatın sayını və bölmələrdə onların ehtiyatını;
- qidanın qəbulu vaxtını və qaydasını;
- sanitar-gigiyenik tədbirlərin keçirilməsi qaydasını;
- şəxsi heyətlə döyüş hazırlığı məşğələlərinin və hərtərəfli təminat üzrə tədbirlərin keçirilməsi qaydasını və müddətini.
(Ardı var...)
Hərbi ekspert Səməndər Məmmədov Ordu.az