Ordu.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, Ermənistanın işğalı altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsində 2020-ci il martın 31-də keçirilməsi nəzərdə tutulan "Prezident və Parlament seçkiləri", Dağlıq Qarabağdakı mövcud qeyri-qanuni vəziyyətin qanuniləşdirilməsi üçün göstərilən birtərəfli cəhdlərin təzahürüdür.
“Bu addım beynəlxalq hüququn, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin və ATƏT prinsiplərinin açıq-aşkar pozulmasıdır”, - deyə açıqlamada qeyd olunub.
Açıqlamada daha sonra qeyd olunub ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini tapmaq üçün, ATƏT-in Minsk Qrupu çərçivəsində mərhələli danışıqlarının davam etdiyi bir vaxtda işğal olunmuş ərazilərdə qondarma seçkilərin təşkili, sülh yolunu və eləcə də davamlı sabitliyi sarsıdan bir təşəbbüsdür.
“Dünya ictimaiyyətini, beynəlxalq qurumları, o cümlədən ATƏT-in Minsk Qrupunu bu seçkini tanımamağa dəvət edirik.
Türkiyə, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün yeni şəkildə pozulmasını təşkil edəcək bu qeyri-qanuni seçkiləri rədd edir. Türkiyə, ATƏT-in Minsk Qrupunun bir üzvü olaraq, Dağlıq Qarabağ münaqişəsinə ədalətli həll yolunun tapılması istiqamətindəki cəhdləri dəstəkləməyə davam edəcək”, - deyə açıqlamada qeyd olunur.
Ordu.az