Azərbaycan-Pakistan-Çin hərbi əməkdaşlıq vektorunda KLJ-7A radarları - HƏRBİ EKSPERT
Oxunub: 32225
10:45
29 Oktyabr 2019
Azərbaycan HHQ-nin aviasiya parkının yenilənməsi barədə məlumatlar yayılan gündən mümkün namizədlər arasında adı çəkilən JF-17 “Thunder” qırıcıları və onun təchizatı ilə bağlı yazılar ictimaiyyətdə maraqla qarşılanır. Aviasiya sahəsində ABŞ, SSRİ/Rusiya və bir neçə böyük Avropa ölkəsinin dominantlıq etdiyinə alışdığımız bir zamanda Çin/Pakistan birgə təyyarəsinin birbaşa 4+ nəsil qırıcı ilə rahatlıqla bazara girməsi, öz aviasiyasını onlarla yeniləməsi, bir neçə ölkəyə ixrac edilməsi, qapıda gözləyən müştəri potensialı qazanması, üstün sistemlərlə təchiz edilməsi və s. cavabsız qala bilməzdi. Potensial rəqib ölkələrin mətbuatında bu qırıcıların texniki uçuş xüsusiyyətlərinin elan olunan göstəricilərə uyğun gəlmədiyi barədə davamlı yazılar dərc olunarkən Pakistanın PAC kompaniyasında istehsal olunan JF-17 “Block I” qırıcısı Hindistan HHQ-nin Rusiya istehsalı MiQ-21 qırıcısını Kəşmir ərazisində məhv edərək “döyüş hesabını” açıq elan etdi. Təbii ki, bu nailiyyət qırıcının texniki uçuş xüsusiyyətləri barədə əsassız yazılara da son qoydu.
Aviasiyada çox vacib elementlərdən biri düşməni daha erkən aşkarlamaqdan və ilk zərbə endirmək imkanına malik olmaqdan ibarətdir ki, bu funksiyanı da hərbi təyyarələrdə radiolokasiya stansiyaları təmin edir. Bu yazıda sonuncu JF-17 qırıcılarında tətbiq edilən Çinin aktiv fazalı anten çərçivəsinə (AFAR) malik KLJ-7A radarları barədə geniş məlumat verəcəyik.
Layihə müəllifi və istehsalçı şirkət
AFAR-a malik KLJ-7A radiolokasiya stansiyası Çinin Jiangsu Şeng şəhərində yerləşən NRIET (Nanjing Research Institute of Electronics Technology- Nanjinq Elektron Texnologiyaların Tədqiqat İnstitutu) tərəfindən layihələndirilib və bizə yaxşı tanış olan CETC (China Electronics Technology Company - Çin Elektron Texnologiyalar Kompaniyası) tərəfindən istehsal edilir. Bu müəssislərin birgə səyləri nəticəsində Çinin J-10, J-11B, J-15 və J-20 qırıcıları üçün də müxtəlif tipli radarlar hazırlanıb.
KLJ-7A radarını hazırlayan Nanjing Tədqiqat İnstitutunda 5500 nəfər personal çalışır. İnsitutun obyektlərinin inşasına 1960-cı ildən etibarən başlanıb, 1963-cü ilin əvvəlində isə o, 43 akr ərazidə fəaliyyətini elan edib. İnsitutun tipik məhsulları arasında aviasiya vasitələrinin müxtəlif avadanlıqları, ötürücülər, yüksək dəqiqlikli radar sistemləri və yerüstü taktiki raket sistemlərinin komponentləri yer alır.
Hazırda tədqiq edilən mövzulara idarəetmə, nəzarət, axtarış və hədəf təyinetmə stansiyaları, onların radioelektron basdırılması əleyhinə vasitələr, həmçinin aviasiya radarlarının məlumatlarını emal edərək yerüstü və suüstü hədəfləri görüntüləmək üçün aktiv və sintetik fazalı (AFAR və SAR) radarların layihələndirilməsi daxildir. Kvant və foton texnologiyalar üzərində araşdırmalar da davam etdirilir.
2002-ci ildə yaradılan CETC kompaniyası hərbi təyinatlı məhsulların - hava, yer və dəniz vasitələri üçün 2D və 3D formatlı və müxtəlif diapazonlu RLS-lərin, o cümlədən SAR və AFAR-ların, silah sistemlərinin, avtomatik atəşi idarəetmə sistemlərinin (AİS), komanda idarəetmə məntəqələri üçün optik elektron və rabitə avadanlıqlarının tanınan istehsalçılarından biridir. Şirkət avadanlıqlarının element bazasını, proqram təminatını və mikroprosessorlarını özü hazırlayır.
Təyinatı və quruluşu
KLJ-7A radarları beşinci nəsil çoxməqsədli qırıcılarlarda istifadə edilmək üçün nəzərdə tutulub. KLJ-7A əvvəllər bir sıra fərqli konfiqurasiyada təqdim edilən X- diapazonlu Atəşi İdarəetmə Radarının (FCR) inkişaf etmiş bir versiyasıdır. Çində əvvəlcə "Tip 1478" olaraq adlandırılan KLJ-7A radarının Pakistan qırıcılarında istifadəsinə aid ilk məlumat 2010-cu ilin dekabr ayında Pakistan Hərbi Hava Qüvvələrinin Komandanı Baş aviasiya marşalı Rao Qəmər Suleyman tərəfindən səsləndirilib. Bu radarla təchiz edilən JF-17 Pakistan qırıcısı isə ilk dəfə 2016-cı ildə təqdim edilib. Onlar qırıcıların aşkarlama diapazonunu əhəmiyyətli dərəcədə genişləndirərək daha uzaq məsafələri nəzarətdə saxlamağa və daha erkən atəş açmaq şansı verir. Bu isə radarla təchiz edilən qırıcıya düşmən təyyarələri onu aşkar edənə qədər onları izləməyə imkan verir. Bu, aviasiyada çox vacibdir, çünki real hava döyüşündə kim düşməni erkən aşkarlayırsa, o da birinci zərbə endirir və nəticədə hücum edən tərəfə çevrilir.
Bundan əlavə KLJ-7A dünyada qırıcılar üçün ilk hava soyutmalı AFAR hesab edilir. Bu soyutma sistemli radarlar ikinci və üçüncü nəsil mövcud qırıcıların modernləşdirilməsi üçün də nəzərdə tutulur. İstehsalçı şirkətin yayımladığı videoda yeni radar sisteminin JF-17 “Thunder” qırıcılarının son modelində quraşdırılması əks olunur.
KLJ-7A radilokasiya stansiyasının arxa panelində üç modul birləşdirilir:
- enerji təchizatı modulu,
- kompüter modulu;
- soyutma modulu.
KLJ-7A radarları yüksək radioelektron mühafizəni və düşmən radarlarının aşkar edilməsində əsas üstünlükləri təmin edir. AFAR tipli radarların hər biri yüzlərlə fərqli tezliklərdə ötürücü və qəbuledici (TRM) modullardan istifadə edir. TRM-lər radiolokasiya stansiyasına eyni zamanda fərqli tezliklərdə siqnal ötürməyə də imkan verir.
KLJ-7A radarlarında ötürücü cihaz aradan qaldırılıb, ötürücünün idarəetmə sistemi və əksetdirmə modulu qorunmaqla prosessor təkmilləşdirilib. Çin radarı özündə çoxfunksiyalılığı birləşdirməklə, maddi-texniki bazanı sadələşdirməklə və istismar xərclərini azaltmaqla “Raytheon” şirkətinin AN/APG-63 (V2) AESA radarına bənzəyir. AESA ilə AFAR eyni məna daşıyır.
Texniki xüsusiyyətləri
2016-cı ildə Zhuhaidə keçirilən aviaşouda ilk dəfə təqdim edilən KLJ-7A radarı elektron daramalı aktiv matrisanın 2 versiyasına malikdir. Birincisi, idarəolunan mexanizmə malikdir və görünüş sahəsini artırmaq üçün nəzərdə tutulur. İkincisi isə bir ön və iki yan anten çərçivəlidir. Bu radarlar təyyarənin ön hissəsində hava kanalının yaradılması ehtiyacını aradan qaldırır.
600 ədəd müxtəlif sensora malik KLJ-7A radarları müdaxilələrdən etibarlı qorunma ilə yanaşı həm vizual diapazondan kənarda, həm hava, həm yerüstü, həm də suüstü hədəfləri müşahidə rejimlərinə malikdir. AFAR radar sistemi ilə təchiz olunan təyyarə 170 km məsafədə 40-a qədər hədəfi aşkarlayaraq onlardan 15 ədədini eyni zamanda izləyə bilir. 100 km qədər məsafədə isə 4 hədəfə eyni zamanda hücum edə bilir. X-diapazonunda çalışan radarın kütləsi 145 kq-dır. 3 kvadrat metrlik en kəsiyə malik hədəfin aşkarlanma məsafəsi 75 km, müşahidə rejimində isə 35 km-dən çoxdur.
Suüstü dəniz hədəfləri isə 135 km məsafəyə qədər aşkar edilə bilər. KLJ-7A radarlarının Çinin aviasiya raket sistemləri ilə bərabər, NATO sistemləri ilə birgə tətbiqi də mümkündür.
Aşkarlama məsafəsi - 170 km;
Eyni zamanda aşkarlanan hədəf sayı - 40;
Eyni zamanda izlənilən hədəf sayı - 15;
Eyni zamanda zərbə endirilən hədəf sayı - 4;
Etibarlılığı - 220 saat;
Orta təmir müddəti - 0.5 saat;
Kütləsi - 145 kq;
Həcmi - 0.065 m3.
Perspektivləri
Pakistan Hərbi Hava Qüvvələri üçün hazırlanan JF-17 “Thunder” Block III qırıcıları ilin sonuna qədər KLJ-7A radarları ilə təmin edilərək silahlanmaya qəbul prosesinə başlanmalıdır. Paralel olaraq daha əvvəl istehsal edilən Block II versiyalarının Block III səviyyəsində modernləşdirməsi məqsədilə PAC şirkəti qırıcılara yeni radarlar və digər avadanlıqların quraşdırılması üzrə “Super-7” layihəsini həyata keçirməyə başlayıb.
Block I qırıcılarının isə məhdud avadanlıqlarla modernləşməyə məruz qalacağı istisna olunmur. Əgər Block II və III təchizatında ləngimələr qeydə alınmasa, Block I versiyasının modernləşdirilməsi təxirə salına bilər və ya yaxud da bu qırıcıların digər ölkələrə satılması həyata keçirilə bilər.
Son bir neçə ildə Çin araşdırma mərkəzləri stels texnologiyalı müasir aviasiya vasitələrini aşkar etməyə qadir olan kvant radarların yaradılması üzərində fəal iş aparırlar. Hələ keçən ilin iyulunda Ordu.az CETC kompaniyasının yeni kvant radar ərsəyə gətirdiyini xəbər vermişdi. Bu radar sistemi çox yüksəkdən uçan obyektləri izləmək qabiliyyətinə malikdir. Yeni radarın yuxarı atmosferdə və ondan yüksəklikdəki obyektləri izləmək üçün stratosferdə istifadəsinin mümkünlüyü iddia edilir.
Ənənəvi radarlar sadəcə radio dalğaların əks etdirilməsi ilə tədbirlər görürsə, yeni kvant radarı bunun üçün bir-birinə dolaşmış fotonlardan istifadə edir. Mikrodalğa siqnal şüası optik boşluq şüası ilə qarışdırılır.
Mikrodalğalı şüaları bir-birinə dolaşan fotonlar, hədəf obyektindən kvant radarına geri qayıdır. Sistem onu optik boşluq şüası ilə müqayisə edir. Nəticədə təsbit edilən obyektin mövqeyi, məkanı, sürəti, istiqaməti və hətta qırıcının örtük materialının xüsusiyyəti aşkar edilir. Radarların ixrac potensialı da yüksək qiymətləndirilir.
Nəticə
Çinin istənilən sahədə inkişaf templəri, dünyanın yerdə qalan digər hissəsi ilə müqayisə oluna biləcək miqyasa yaxınlaşır. Çin texnologiya transferində müttəfiqlərinin dəstəklənməsində qısqanclıq etməyən, hegomonluğa can atmayan və daim ərazi bütövlüyümüzü dəstəkləyən azsaylı qlobal güclərdəndir. Siyasi və iqtisadi əlaqələrlə bərabər hərbi, hərbi-təhsil və hərbi-texniki sahədə münasibətlərimiz yüksək səviyyədədir. Çinin müdafiə sənayesi müasir silah nümunələrinin nüsxələrini qısa müddətdə orjinal versiyadan daha üstün texniki xüsusiyyətlərlə istehsalını uyğun qiymət diapazonunda təklif etmək imkanına malikdir. Digər tərəfdən Çin heç vaxt kiminsə tətbiq etdiyi sanksiyalara qoşulmur, milli maraqlarına və beynəlxalq təhlükəsizliyə təhdid törətməyən silahların ixracına müsbət yanaşır.
Son günlərdə bu əməkdaşlığın genişləndirilməsi məqsədilə Azərbaycanın müdafiə naziri Çinin aparıcı müdafiə sənayesi şirkətləri ilə, o cümlədən KLJ-7A radarının və onun digər modifikasiyalarının istehsalçısı CETC-də görüşlər keçirdi. Şirkətin informasiya texnologiyaları, onların emalı və təhlükəsiz ötürülməsi, 3D radiolokasiya stansiyaları, kəşfiyyat və radioelektron mübarizə vasitələri Azərbaycan tərəfini maraqlandıra biləcək avadanlıqlara aid edilir.
Bu görüşlərdə yalnız Çindən silah tədarüki ilə bağlı deyil, həm də alınması ehtimal edilən qırıcıların kompaniyada istehsal edilən müxtəlif avadanlıqları, onlardan istifadə edəcək təlimatçıların hazırlanması və bəzi texnologiyaların transferi ilə əlaqədar məsələlərin də müzakirə edildiyi istisna edilmir. Əgər nəzərə alsaq ki, Çinin WS-13 mühhərrikinə, AFAR-a malik yeni radarına, aktiv elektron darama sisteminə, müasir radioelektron mübarizə vasitəsinə, təkmilləşdirilən avionikaya, o cümlədən 3D rəqəmsal uçuşu idarəetmə sisteminə, dəbilqəyə quraşdırılan ekrana və nişangaha malik F-17 “Thunder” Block III bu ilin sonuna qədər ilk uçuşunu edəcək - Azərbaycanla bərabər Misir, Şri Lanka və s. ölkələr Rusiya təyyarələrindən imtina edərək, bu sinifdən olan qırıcılara üstünlük verirməyə başlayıblar (bu sayın artacağı da gözlənilir) - o zaman Çinə intensivləşən səfərlərin və görüşlərin pərdəarxası məqamlarına bir qədər aydınlıq gətirmiş olarıq. İstənilən halda Azərbaycanın ərazi bütövlüyünü və milli maraqlarını dəstəkləyən ölkələrlə tərəfdaşlığa üstünlük verməliyik.