Ordu.az xəbər verir ki, bu barədə zabitin dostları “Araçin Lratvakan” xəbər agentliyinə məlumat verib.
Erməni polkovnik-leytenant hazırda “Muratsan” Mərkəzi hospitalında komadadır.

Hadisə sentyabrın 18-də axşam üç yüksək rütbəli hərbçinin evə hərbi geyimdə getməsi ilə başlayıb. Onlardan biri Ara Mxitaryan, arxasındakı avtomobilin dostunun maşını olduğunu düşünərək, dostu ilə vidalaşmaq və evə getmək üçün ona yaxınlaşıb. Yaxınlaşdıqda dostunun maşını olmadığını görür və səhv saldığını başa düşərək heç nə demədən uzaqlaşıb. Bu anda Vayots Dzor vilayətinin rəhbərinin köməkçisi Harutyun Qriqoryan maşından düşüb və çox aqressiv bir səslə “Nə olub, ay gədə” deyə polkovnik-leytenanta səslənib.
Polkovnik-leytenant səhv saldığını izah edib. Ancaq bundan sonra mübahisə yaranır və vilayət rəhbərinin köməkçisi polkovnik-leytenantın ünvanına təhqiramiz ifadələr işlədir. Bundan sonra polkovnik-leytenant dava etmə niyyətinin olmadığını, yalnız maşını səhv saldığını və evə getməyə hazırlaşdığını söyləyib.
Bundan sonra polkovnik-leytenant A.Mxitaryan evə qalxmağa başlayıb. Lakin bu anda 6-7 nəfər, o cümlədən Vayots Dzor vilayət rəhbəri yaxınlaşaraq erməni zabitə bir söz demədən vurmağa başlayıb. Aram huşunu itirib və yerə yıxılıb. Vilayət rəhbəri və adamları zabitə yaxınlaşan dostunu da döyüblər.
“Bildirmək istəyirəm ki, hərbçinin döyülməsində vilayət rəhbərinin əmisinin qızının əri olan qohumu, vilayət rəhbərinin köməkçisi Harutyun Qriqoryan, vilayət rəhbəri Trdat Sarkisyan iştirak ediblər”, - deyə polkovnik-leytenantın dostu bildirib.
O əlavə edib ki, xidmət etməyən bir vilayət rəhbərinin dostları ilə birlikdə hərbçini döyməsi, onu ölüm astanasına çatdırması sadəcə gülüncdür.
“Bundan sonra öz media mənbələrində xəbər yayırlar ki, polkovnik-leytenant sərxoş olub. Ancaq hər kəs Yeğeqnadzora gələrək Ara Mxitaryanın kim olduğunu soruşa bilər. Sərxoşluğun bununla heç bir əlaqəsi yoxdur. O, heç kimlə dava etməyib, ona hücum ediblər. Davaya vilayət rəhbərinin köməkçisi təhrik edib. O, sonradan davaya çevrilən mübahisəyə başlayıb. Bütün bunlara lazımi hüquqi qiymət verilməlidir”, - deyə Mxitaryanın xidmət yoldaşı bildirib.
Qeyd edək ki, artıq cinayət işi başlanıb, polkovnik-leytenantın iki hərbçi dostu artıq ifadə verib və vilayət rəhbərinin, onun köməkçisinin və yoldaşlarının davada iştirak etdiyini qeyd edib.
Ara Mxitaryan hazırda koma vəziyyətindədir və dostlarının sözlərinə görə onun sağalmasına həkimlərin ümidi yoxdur .
Vilayət rəhbəri Trdat Sarkisyan isə dava-dalaşda iştirakını təkzib edib.
“Mənim adımı çəkən və ya mənə qarşı ifadə verənlər yalan ifadə verdiklərinə görə cəzalandırılacaqlar. Mən ümumiyyətlə orada olmamışam və bunu sübut edəcək dəlillərim var”, - deyə o bildirib.
Köməkçinin hadisədə iştirakına toxunaraq erməni vilayət rəhbəri bildirib ki, köməkçisinin evi həmin ərazidə yerləşir və hadisənin baş verdiyi binada yaşayır.
“Zərərçəkən polkovnik-leytenantı köməkçim döyməyib. Köməkçimin 4 zabiti döydüyünü necə təsəvvür edirsiniz? Bu yalandır və heç bir şey həqiqətəuyğun deyil. Onlar, öz dərilərini xilas etmək üçün bu cür açıqlamalar verirlər”, - deyə qubernator qeyd edib.
O əlavə edib ki, içkili yüksək rütbəli bir hərbçinin ictimai yerlərdə olması, hələ üstəlik də mülki şəxsləri mübahisəyə çəkməsi yolverilməzdir.
“Bildiyimə görə, onlar müxtəlif obyektlərdə içib, sərxoş olublar, mübahisələr ediblər və son nəticə olaraq binanın həyətində mübahisə baş verib. Onlar yüksək səslə mübahisə ediblər, köməkçim həyətə gələndə ona qarşı təcavüzkar davranış nümayiş etdiriblər, ona hücum edib, zərər vermək üçün arxasından mənzilinin qapısınadək qalxıblar”, - deyə Sarkisyan qeyd edib.
Köməkçisinin döymədiyi halda bəs necə olub ki, polkovnik-leytenant döyülüb və hospitala yerləşdirilib, deyə soruşduqda isə Sarkisyan bildirib ki, istintaq gedir və istintaqın nəticələrini gözləmək məqsədəuyğundur.
Vilayət rəhbəri iş üzrə dindirilmədiyini qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az