Bolton getdi: O, Ermənistandan İran və Rusiyaya qarşı müəyyən sərt addımlar gözləyirdi

2019/09/0-=-1568621953.jpg
Oxunub: 13221     17:18     17 Sentyabr 2019    
10 sentyabr tarixində məlum oldu ki, ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton vəzifəsindən azad ediləcək. Tramp onun istefasını aralarında yaranan siyasi fikir ayrılığı ilə izah etdi.

Keçən ilin oktyabr ayında Bolton ilk dəfə rəsmi səfərlə Ermənistana gəldi. Onun səfəri müəyyən səs-küylü bəyanatlarla yadda qaldı. Həmin dövrdə Nikol Paşinyan Baş nazir səlahiyyətlərini müvəqqəti icra edirdi.

“Əgər Ermənistanda gözlənilən parlament seçkilərində Paşinyan və onun siyasi komandası mandat əldə edərsə, bu onun üçün yaxşı imkandır, həmçinin Qarabağ probleminin həllində də qətiyyətli addımlar atmasına şərait yaradacaq. Əgər istək olarsa, həmsədr ölkə olaraq, Azərbaycanın bu istiqamətdə cavab verməsi üçün çalışacağıq”, - deyə Con Bolton İrəvanda bəyanat verib.

Jurnalistlərin həmçinin, ABŞ-ın azadlığa dəstək aktı qanununa yenidən baxılması və Azərbaycana silah tədarükünə başlana biləcəyi mümkündürmü, deyə verdikləri suala cavabında Bolton bildirib ki, indiki məqamda silah satışı ilə bağlı qeyd edilən sənədin müvafiq müddəalarına yenidən baxılması nəzərdən keçirilmir.

Daha sonra Bolton xatırlatdı ki, Azərbaycan əldə etdiyi silahların 80%-ni Rusiyadan alır.

“Ermənistan da silahların böyük əksəriyyətini Rusiyadan alır. Bu məqam münaqişənin nizamlanmasına xidmət etmir”, - deyə o qeyd edirdi.

Boltonun sözlərinə görə, Ermənistana və Azərbaycana silah satışı faktı Rusiyanın bu ölkələr üzərində böyük təsir imkanları saxlamasına fürsət verir.

“Bu addım sülh gətirmir. Onu da qeyd edək ki, biz amerikalılar rəqabətə hərəkətverici qüvvə kimi inanırıq. Qətiyyətlə bizim silah rus silahından yaxşıdır”, - deyə o bildirirdi.

Bu bəyanatdan bir neçə ay sonra Ermənistan Müdafiə naziri Davit Tonoyan jurnalistlərlə görüşü zamanı silah tədaürükü ilə bağlı suala toxunaraq qeyd etdi ki, bu ilin sonunadək və gələn il ərzində həyata keçiriləcək bütün tədarüklərlə bağlı sövdələşmələr var, lakin detalları barədə məlumat verə bilmir.

Tonoyan Boltonun ABŞ-dan silah əldə edilməsi ilə bağlı imkanlar haqqında danışarkən qeyd edib ki, belə bir bəyanat olub, lakin hələlik hər hansı bir təklif almayıb.

“Biz silah bazarını keyfiyyət və qiymət baxımından nəzərdən keçiririk”, - deyə o qeyd edib.

Boltonun İrəvan səfərinin məzmunu bundan ibarət idi ki, onun səfəri Amerikanın siyasətində dəyişikliyi göstərmir, lakin digər tərəfdən, onun İrəvan ismarıclarını əsas götürərək, bir çoxları qeyd edirdi ki, Bolton bölgədə müəyyən siyasi dəyişiklikləri istənilən halda görmək arzusundadır.

Boltonun Cənubi Qafqaz paytaxtlarına səfəri İrana qarşı ABŞ sanksiyalarına qoşulma, Rusiyanın təsirinə az da olsa, qarşıdurma yaratmağa doğru atılan addım idi. O, bu barədə açıq-aşkar danışırdı.

İrəvanda “Azadlıq” radiosunun erməni bürosuna verdiyi müsahibəsində Bolton vurğulayırdı ki, Birləşmiş Ştatların, Tramp administrasiyasının Ermənistanla münasibətləri yüksək prioritet kimi nəzərdən keçirilir.

“Biz edə biləcəyimiz dəstəyi göstərmək istərdik, həmçinin Minsk qrupunun həmsədr ölkəsi kimi Azərbaycan və Ermənistan arasında münaqişənin hər iki tərəfdən məqbul həllinə nail olmağa çalışacağıq. Biz açıq-aşkar çətinliklərin olduğunu dərk edirik”, - deyə o qeyd edib.

Bolton İrəvanda bir neçə dəfə Qarabağ mövzusu üzərində dayanaraq, geosiyasi məsələlər istiqamətində münasibət bildirdi.

“İnanıram ki, mövcud şərait Dağlıq Qarabağ məsələsində qarşılıqlı razılığın əldə olunmasının vacibliyini vurğulayır, çünki bu baş verərsə, Ermənistan-Azərbaycan sərhəddi açılacaq. Düşünürəm ki, Türkiyə ilə sərhəd də açılacaq. Hesab edirəm ki, Gürcüstanla sərhəd rusların onlara qarşı hansı təzyiqi təsdiq edəcəyindən asılı olaraq, daha az narahatlığa səbəb olacaq. İranla sərhəd ciddi problem yaradacaq, çünki mən baş nazirə izah etdiyim kimi, biz İrana qarşı ən mümkün olan sanksiyaları və təzyiqləri tətbiq etmək niyyətindəyik. Ona görə ki, İran nüvə silahı hazırlama səylərindən əl çəkməyib. İran beynəlxalq terrorçuluğun “bankir” rolunu oynamaqda davam edir. Bizi İranın ballistik raket layihələri və Suriyada, İraqda və digər yerlərdə onun aktiv hərbi fəaliyyətləri narahat edir. Göründüyü kimi biz, bu prosesdə dostlarımıza ziyan vurmaq istəmirik. Buna görə də hesab edirəm ki, Ermənistan və ABŞ hökumətləri arasında söhbət çox vacibdir. Lakin artıq baş nazirlə söhbətimizdə qeyd etdiyim kimi, biz bu sanksiyaları tam güclə tətbiq etmək niyyətindəyik. Bu, Obamanın administrasiyası deyil. Biz İran ətrafında halqanı daraltmaq niyyətindəyik, ona görə ki, Yaxın Şərqdə və bütün dünyada yalnız onların davranış tərzi zərərlidir və bunu dəyişməlidirlər”, - deyə o bildirdi.

Bolton Amerika administrasiyasının xarici siyasətinin müxtəlif məsələləri ilə bağlı sərt mövqeyi və kəskin addımları ilə tanınan fiqur idi. Trampın namizədi kim olacaq, hansı siyasi kursu seçəcək, xüsusilə Cənubi Qafqazla bağlı siyasətinin nədən ibarət olacağını isə zaman göstərəcək.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bolton   Ermənistan   İran   Sanskiya  


Bizi "telegram"da izləyin