Avqustun 17-də isə Ermənistanın dövlət maraqlarını dezinformasiya ilə qoruyan imicə malik “Voskanapat. info” analitik portalının dərc etdiyi məqalədə Ermənistan ordusunun Tavuşdakı ciddi hərbi strateji “uğuru”ndan bəhs edilirdi.

Ermənistanın ən çətin ərazilərindən olan Tavuş Azərbaycanla ən uzun sərhədə, strateji və ölkələrarası avtomobil yol qovşaqlarına yaxın olmasına, mürəkkəb bir dağlıq əraziyə, meşə massivlərinə, qarışıq yerləşən dayaq məntəqələrinə, Azərbaycanın neft-qaz boru xətlərinin də buraya uzaq olmayan ərazidən keçməsinə, sıx məskunlaşmaya, təmas xətlərinin bir-birinə çox yaxın olmasına görə həm müdafiə baxımından, həm də təhlükəsizliyi təmin etmək baxımından İrəvan üçün mühüm əhəmiyyət kəsb edir.
Erməni portalının məqaləsində Azərbaycanın 90-cı illərin əvvəllərində üç dövlətin - Ermənistan, Azərbaycan və Gürcüstanın sərhədlərinin qovşağında yerləşən 700 hektar Gürcüstan ərazisinin Bakı tərəfindən ələ keçirildiyini iddia edir.
Portalın iddialarına görə, Azərbaycan nəinki həmin hissəni ələ keçirib, orada ciddi mühəndislik işləri aparıb, dayaq mərntəqələri yaradıb, tank və piyada əleyhinə minalar yerləşdirib.

Keşikçidağ kimi məsələdə hay-küy qoparan rəsmi Gürcüstanın Ermənistandan fərqli olaraq, bu günə qədər ərazilərinin “ələ keçirilməsi” ilə əlaqədar heç bir bəyanat səsləndirməməsi bu iddiaların cəfəng olduğunu sübut edir.
Ermənistan dövlətinin ərazisinin tamamının ətraf ölkələrinin hesabına formalaşdırıldığını və daim bütün qonşulara qarşı əsrlərlə ərazi iddiaları irəli sürdüyünü nəzərə alsaq, həmin qonşularının ərazi bütövlüyünün qeydinə qalacaq ən sonuncu dövlətin də məhz Ermənistanın olduğunu hər kəs qəbul etmək məcburiyyətindədir.
700 metr yüksəkliyindəki strateji Babakər dağ silsiləsinin zirvəsindən erməni mövqelərinə tərəf təxminən 500-1000 metr məsafədə yerləşən, lakin yenə də Ermənistan silahlı qüvvələrinin mövqelərinə görə hakim yüksəklik statusunu qoruyan bütün hündürlüklərdə sərhədçilərimiz tərəfindən yeni döyüş mövqelərinin hazırlanmasını və 4 yeni sərhəd döyüş məntəqəsi yaradıldığını təkzib edən “Voskapanat.info” analitik portalı nədənsə həmin ərazilərin fotolarını deyil, ərazinin saxta xəritəsini paylaşır. Müəllif bununla kifayətlənmir, erməni hərbçilərin Babakər istiqamətində guya 1.5 km irəllədiyini, 140 hektar ərazi ələ keçirdiklərini də iddia edir.
Bu zaman müəllifin görməzdən gəldiyi bir neçə əsas məqam diqqəti cəlb edir:
1.1.5 km irəli getməklə 140 hektar ərazi əldə etmək üçün 900 m genişliyində cəbhə boyu səngərləri irəli çəkmək lazımdır. Həmin ərazidə isə erməni ordusunun təxribatçı qazıntısı 100 metrə qədər əraziyə qədər davam etdirilib və buna cavab olaraq sərhədçilərimiz həm erməniləri mühəndis işlərini dayandırmağa, həm də sürətlə qazıntı işləri aparmaqla yeni döyüş mövqelərinə yerləşməyə nail olmasına qətiyyən diqqət yetirilmir.
2. Niyə bu yazılar Azərbaycan DSX-nin bu istiqamətdə irəlləməsinin və tutulan ərazilərdə əlavə 4 yeni sərhəd döyüş məntəqəsinin yaradılması xəbərinin ardından tirajlanmağa başladı? Azərbaycan tərəfi təhlükəsizlik baxımından öz mövqelərinin fotolarını paylaşmır, lakin erməni tərəfinin rəqib mövqelərinin fotolarını paylamaşında qətiyyən məhdudiyyət mövcud ola bilməz. Deməli foto materialların paylaşılması, erməni tərəfinin maraqlarına cavab vermir və bu barədə bütün yazılanlar dezinformasiyadan başqa bir şey deyil.
3. Nədənsə nə “Voskapanat.info” analitik portalı, nə digər KİV-lər, nə də erməni rəsmiləri Ermənistan-Gürcüstan avtomobil yolunun və ya Ermənistanın qaz nasos stansiyasının Azərbaycan tərəfindən çox yaxın məsafədən çəkilən fotolarına münasibət bildirmək istəmir.
Erməni KİV-ləri günlərlə yazmaqdansa, həmin ərazinin 4-5 rakursdan fərqli foto və ya bir dəqiqəlik videoçarxını təqdim etməklə, bütün müzakirələrə son qoya bilərdi. Bunu biz etdik. “Voskapanat.info”portalında yazılanların dezinformasiya olması ilə
bu yazıdan tanış ola bilərsiniz.

Lakin erməni tərəfi bu istiqamətdə özlərini ifşa etməmək məqsədi ilə nə özünün, nə də bizim mövqelərin fotolarını paylaşmır. Təbii ki, getmədikləri ərazinin görüntüsünü paylaşmaq da əlavə suallar doğura bilərdi.
Babakər istiqamətindəki ərazilər mişar daşından ibarət olduğu üçün yeni çəkilən dərin vallar, əlaqə yolları, döyüş mövqeləri və digər mühəndis işlərinin izləri kilometrlərlə uzaqdan rahatlıqla müşahidə edilir. Kimin hara və nə qədər irəllədiyinə şahid olmaq istəyən istənilən şəxs, o cümlədən “Voskapanat.info” və ya “Sputnik Armeniya” agentliyinin əməkdaşları həmin ərazilərə getməklə məsələni özləri üçün tam aydınlaşdıra bilərlər. Bunu özləri də mənim qədər yaxşı anlayır. Lakin burada məqsəd insanlara doğru informasiya çatdırmaqdan ibarət olmadığına görə, adı çəkilən nəşrlərdə dərc edilən məqalə müəllifləri sadəcə onlara erməni təbliğat maşınının verdiyi xəritə və yazıları paylaşmaq məcburiyyətindədirlər. Məqalə müəlifinin o ərazilərdə olmasını təsdiqləyən tək bir fotonun belə olmaması, yazının portala hazır olaraq verildiyini isbatlayır.
Təbii ki, Ermənistan rəhbərliyi mövqelərin relyef şərtlərini nəzərə alaraq, neytral zona çərçivəsində irəli çəkilməsini və möhkəmlənməsini Azərbaycan üçün irimiqyaslı əməliyyatların başlanması zamanı, ikinci zərbə istiqamətini yaratmağa, özlərinə isə ehtiyatlarının əsas zərbə istiqamətinə yönəldilməsinə mane olacağını yaxşı anlayır.

Ordu.az kollektivi həmin ərazilərdə baş verən son hadisələrlə yerində tanış olmaq məqsədilə Babakər və digər istiqamətlərdə yerləşən sərhəd məntəqələrinin bir çoxunu ayın 10-da ziyarət etdi. Buna qədər hamı, o cümlədən erməni mətbuatı həmin istiqamətlə bağlı yalnız susurdu. Kollektivimiz Babakər istiqamətində xidmət aparan şəxsi heyətlə görüşüb, aktual məsələlər barədə diskusiya aparıb, ön xəttdə yerləşən həmin səngərdən çəkilişlər aparıb və müsahibələr alıb. Bu isə həm Azərbaycanda, həm də Ermənistanda müzakirələrə səbəb oldu. Nəticədə düşmən ölkənin təbliğat maşını müzakirə edilən yazını “Voskapanat.info” saytına ötürür və hər zamankı kimi diqqətin itirilən neytral ərazilərdən yayındırılmasına davamlı cəhdlər edilir.
Mənim gətirdiyim arqumentlərə bəzilərinin reaksiyası birmənalı olmaya bilər və bunu normal qəbul edirəm. Buna görə də Sizə Ermənistan tərəfinin uzun müddət təkziblərdən sonra Azərbaycan Sərhəd Xidmətinin 3 ölkənin sərhədində yerləşən və hündürlüyü 700 metrə çatan strateji Babakər zirvəsində möhkəmləndiyini etiraf etməsi faktını “Orbeli” analitik-tədqiqat mərkəzinin eksperti Taron Hovhannisyanın sözləri ilə olduğu kimi təqdim edirəm: “Məqsəd daha da yaxınlaşaraq, sərhəd zirvəsində mövqelər yerləşdirmək olub. Realda əvvəlki mövqelərə nisbətən 300-400 metr irəliləməyə nail olublar”.

Hovhannisyan Ermənistan tərəfinin də təmas xəttində irəliləmək cəhdləri etdiyini, lakin bunun nəticəsində tərəfləri ayıran neytral zonanın azaldığını açıqlayıb. Onun fikrincə, ermənilərin neytral ərazinin uzunluğunu azaltması cəbhədə əlavə gərginlik yaradacaq.
Son günlər Ermənistanın Tavuş vilayətinin Ermənistan-Azərbaycan sərhədi yaxınlığında yerləşən Çinari kəndindəki Xoranaşat monastr kompleksi ilə bağlı mübahisəli şaiələr yayılır. “Voskapanat.info” agentliyinin müxbiri yuxarıda yazdıqları ilə məhdudlaşmayaraq erməni ordusunun yaz “uğurları” sisiləsini Tavuşun Çinari kəndi istiqamətində 3 hakim yüksəkliyi ələ keçirməsi ilə davam etdirir.

Erməni portalının yazdığına görə, “bu əməliyyat nəticəsində Çinari kəndi, onun sakinləri Azərbaycan Ordusunun snayper atəşindən azad olub və təhlükəsizlik tam təmin edilib. Əlavə olaraq Çinarinin şimal-şərqində yerləşən Xoranaşat monastr kompleksi də mühasirədən qurtulub”.
Bəziləri kilsəyə baş çəkməyin təhlükəsiz olduğunu, digərləri isə Xoranaşatın əvvəlki kimi yenə əlçatmaz olduğunu bildirir. Burada da erməni müəllif heç bir foto, video material təqdim etmir.
“Sputnik Armeniya” müxbirlərinin verdiyi xəbərə görə, Tavuş vilayətinin qubernatorunun müşaviri Nikolay Qriqoryan agentliyə müsahibəsində Ermənistan Silahlı Qüvvələrinin Tavuş bölgəsində, Azərbaycanla sərhəddə iki yeni mövqedə möhkəmləndikləri barədə iddianı və artıq sərbəst şəkildə monastrı ziyarət etdiklərini təkrarlayıb.
Lakin Çinari kəndinin başçısı Samvel Sağoyan jurnalistləri gözlədiklərindən fərqli olaraq müsbət qarşılamayıb, onlara İrəvandan verilən bəynatların doğru olmadığını bildirməklə, kəndin atəş altından çıxarılmasına dair məlumatları təkzib edib.

Çinari kənd icmasının başçısı Samvel Sağoyan monastra yaxınlaşmağın mümkün olduğunu təsdiqləsə də, ehtiyatlı olmağı unutmamağı tövsiyə edir. Onun sözlərinə görə, keçən ilin sentyabrın 21-dən Azərbaycan ordusu onlar tərəfə atəş açmayıb, buna görə də kənd sakinləri monastra gedən yolu təmir edə biliblər:
“Biz təxminən 100-150 metr məsafədə sərhədə çox yaxın olduğu üçün bu monastra gedirik, təhlükəsizliyimizin etibarlı olması üçün hərbçilərlə əlaqə saxlayırıq. Lakin birmənalı şəkildə azərbaycanlıların artıq kəndə atəş edə bilməyəcəyini deyə bilmərik”.
“İndi sakitlikdir, səssizlikdir, amma atışma hər an yenidən başlaya bilər və bunun nə vaxt baş verəcəyini heç kim proqnozlaşdıra bilməz”, - deyə kənd mərkəzində bir gənc jurnalistlə söhbəti zamanı söyləyib.
Məqalədə, kənd sakinləri tərəfindən monastra gedən yolun öncədən çəkilməsi barədə qeyd olunan məlumat, həmin əraziyə daha öncə də gediş-gəlişin olduğunu təsdiqləyir. Bu isə o deməkdir ki, məsələ heç də erməni rəsmilərin açıqladığı kimi deyil, yəni bölgədə erməni sakinlərin həyatı təhlükədə olsaydı, yol çəkilə bilməz və əraziyə gediş-gəliş təmin oluna bilməzdi. Çünki kənd Ordumuzun mövqeyi baxımından daha aşağı yüksəkliklərdə yerləşdiyi üçün onun ərazisi tam müşahidə və atəş nəzarətimiz altındadır.
Haşiyəyə çıxaraq qeyd etmək istəyirəm ki, Çinari ilə bağlı isti müzakirələr gedərkən erməni politoloq Styopa Safaryan öz "Facebook" səhifəsində ərazi adı açıqlamadan aşağıdakı fotoları paylaşıb və belə yazıb: "Türklərin arxa cəbhə yolu, son vaxtlar inşa edilmiş infrastruktur".

Erməni ekspertləri və rəsmi dairələri isə daha əvvəllər də monastra gediş-gəlişin sərbəst olduğu ərazinin təhlükəsizliyinin məhz əlavə 2-3 yüksəkliyin ələ keçirilməsi ilə təmin olunduğu ilə bağlı iddialar yaymaqla, diqqəti Babakər istiqamətindən onsuz da 1 ildir güllə atılmayan, nəzarət altında olan ərazidə monastıra yol çəkilən, tam təhlükəsiz olan Çinari istiqamətinə yönəltməyə çalışırlar.
Bu zaman suallar yaranır:
1. “Voskapanat.info” agentliyinin müxbiri, məqalə müəllifi o ərazidə nə vaxt olub və bu bu barədə kimdən münasibət öyrənib?
2.Erməni portal, bu əməliyyat nəticəsində Çinari kəndi, onun sakinləri Azərbaycan Ordusunun snayper atəşindən azad olub və təhlükəsizlik tam təmin edilib, əlavə olaraq Çinarinin şimal-şərqində yerləşən Xoranaşat monastr kompleksi də mühasirədən qurtulub, deyə yazır. Sözügedən əməliyyat nə vaxt və hansı qüvvələr tərəfindən həyata keçirilib?
3. Əməliyyat zamanı hansı tərəf nə qədər itki verib və ya qənimət ələ keçirilib?
4. Dağlıq ərazidə təmas xətləri arası məsafənin 100-150 metr olduğu halda qarşıdakı rəqibin daha hakim yüksəklikdə olduğu zaman, ona itkisiz hansı metodla yaxınlaşmaq mümkündür?
5. Çinari kənd başçısı öz dili ilə onlara 1 ildir atəş açılmadığını deyir, sayt isə son günlərdə təhlükəsizliyin təmin edildiyini və hətta əməliyyat keçirildiyini iddia edir. Kənddəki vəziyyəti orada yaşayan başçı, yoxsa İrəvanda oturan müxbir yaxşı bilir?
6. Müxbirin ələ keçirildiyi iddia etdiyi 3 mövqe ilə bağlı hansısa foto-video material mövcuddurmı? Mövqenin sayı 2, yoxsa 3-dür? Bunları saymaq doğrudanmı belə çətindir?

Artıq məsələ ilə bağlı öz “Facebook” səhifəsində sözügedən ilk dezinformasiyanı yayan, “Daşnaksütun” partiyasının üzvü, hərbi ekspert Artur Yeğiazaryan yenidən açıqlama yayaraq ilk yazısına düzəliş etməyi qərara alıb.
“Əlbəttə, hər birimiz yaxşı xəbərlər eşitmək istəyirik, lakin son zamanlar yayılmış məlumatlar sərhəd qoşunlarımızın fəaliyyətinə ciddi mane ola və təhlükə yarada bilər. Biz - mülki əhali sadəcə müşahidəçilərik və istənilən xəbərə qarşı müsbət və ya mənfi emosionallıq nümayiş etdiririk. Və biz bilmək istəyirik ki, sərhəd məntəqələrində nə baş verir… Əziz həmvətənlər və həmyerlilər, xahiş edərdim ki, Ermənistan Silahlı Qüvvələrinin fəaliyyəti ilə bağlı eyforiyaya düşməyək”.
Əslində erməni rəsmiləri hər dəfə uğursuzluqla qarşılaşanda, öz orbitində fırlanan KİV-lərə tirajlamaq üçün təbliğat xarakterli saxta məlumatların ötürülməsi uzun illərdir ki, davam edir. 2016-cı ilin aprelində erməni rəsmilərinin cəmi 18 nəfər itki verildiyini, sonradan isə itkilərin dəfələrlə çox olduğunu bildirərək, özü-özlərini təkzib etdiklərini yaxşı xatırlayırıq.

Yadınızdadırsa, 2018-ci ildə Günnüt istiqamətində hakim yüksəkliklər ələ keçiriləndə yenə də erməni təbliğat maşını heç vaxt bəhs etmədiyi mövzuya köklənərək yeni hakimiyyəti qorumaq məqsədilə bəzi addımlar atırdı. O zaman da indiki kimi, bir çox erməni KİV-ləri əks təbliğata başlayaraq, Azərbaycan ordusunun Naxçıvan istiqamətində işğal altında olan ərazilərini azad etməsini yalanlamaqla yanaşı, əslində işğaldan azad edilən Günnüt kəndi istiqamətində hər şeyin guya Ermənistan ordusunun nəzarəti altında olduğunu ciddi-cəhdlə əsaslandırmağa çalışırdı. Lakin bu dezinformasiyalar Naxçıvanda sakinlərin Günnütü ziyarət etməsi kadrlarının ardından erməni ekspertlər və KİV-lərin özü tərəfindən səsləndirilən bəyanatlarla təkzib edildi. Bir neçəsini təqdim edirik:
Razm.info: “Günnüt kəndi istiqamətində irəliləməklə Azərbaycan tərəfi yeni mövqelərə apardığı ehtimal olunan 5 yeni yol çəkib. Əvvəllər bu sahədə mövqelərarası genişlik məsafəsi 4.5-5 km olub. Hazırda isə Ermənistan və Azərbaycan mövqeləri arasındakı uzaqlıq məsafəsi 750-1600 metrədək qısalıb. Qeyd edək ki, erməni mövqeləri məhz tərk edilmiş Günnüt kəndi ərazisində yerləşirdi”.
“Facebook” sosial şəbəkə istifadəçisi Siranuş Tumanyan: “Areni kəndinin yaxınlığında Azərbaycan tərəfinin yeni mövqelərini, fotoları elə bu an Areni kəndinin bağlarından çəkmişəm. Kənd onlar tərəfindən tamamilə müşahidə edilir. Hazırda bizim mövqelər daha aşağı səviyyədə qalıb. Kənddə çaxnaşmadır. İnanmayanlara və inkar edənlərə, xahiş edirəm ki, Areni kəndinə gəlib əmin olsunlar”.
Razm.info:“17 may tarixindən sonra mühəndis işləri aparılmağa başlayıb. Arpa (Areni) kəndi istiqamətində şərqə doğru yeni yol açaraq, iki erməni mövqeyi arasında olan yüksəklikdə mövqe tutulub. 17 may tarixindən sonra mövqelərimizə ən yaxın məsafə 750 metr, Arpa kəndinin meyvə bağlarından isə təqribən 2000 metr məsafədə olmaqla, su anbarının cənub istiqamətində yerləşən ərazilər tutularaq yeni mövqe qurulub”.
Arpa kənd rəhbərliyinin nümayəndəsi Qevorq Simonyan: “Ermənistan müdafiə nazirliyindən gəldilər. Hamı da bilir, gəlib baxıb. Onlar mövqeni yeni qoyublar. Açıq-aydın dağın təpəsindədir”.

Dünyada baş verən hər kiçik hadisədən xəbərdar olan və bu barədə dərhal sosial şəbəkədə paylaşım verən Ermənistan MN-in mətbuat katibi Artsrun Hovhannisyanın xəbəri olmadığı yeganə hadisə “Günnüt əməliyyatı” oldu: “Mən bir söz deyə bilmərəm (bəs bu barədə kim deməlidir?!), Azərbaycan öz tərəfində yeni mövqelər qura bilər. Onların mövqeləri, öz dövlətlərinin sərhədləri daxilindədir”. Lakin burada erməni mətbuat katibi, Xunut, Qızılqaya, Ağbulaq və Mehridağ yüksəkliklərini, ümumilikdə 11000 hektar ərazini itirdiklərinə, həmçinin ermənilərin adını dəyişdirib “Areni” qoyduqları Dərələyəz mahalının Arpa kəndinin Azərbaycanın nəzarət altına keçməsinə nədənsə toxunmadı. Dəniz səviyyəsindən 1683 metr hündürlükdə yerləşən Qızılqaya yüksəkliyinin İrəvan-Yexeqndzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət etməyə imkan verməsini vurğulamaq, gözlənildiyi kimi Hovhannisyanın yenə “yadından” çıxdı.
Nəticə

İllərdir ki, Ermənistanın dövlət səviyyəsində Azərbaycana qarşı apardığı “hibrid müharibə”si ilə qarşılaşırıq. Bu gün atəşkəs dövründə baş verənlər daha fərqli xarakter daşıyır. Eyni mərkəzdən idarə edilən və dezinformasiya daşıyıcısı olan erməni informasiya resursları, o cümlədən KİV-ləri sosial şəbəkə vasitəsilə Silahlı Qüvvələrimizin əldə etdiyi uğurları kiçiltmək, baş verən kiçik neqativ və ya fərdi hadisələri böyütmək, ictimai rəyi idarə etmək, cəmiyyəti yanlış məlumatlandırmaq və yönləndirmək üçün geniş miqyasda istifadə olunur.
Bu gün atəşkəs dövründə baş verənlər daha fərqli xarakter daşıyır. Standart vəziyyətdə bunun üçün saxta domenlərdən, hesablardan istifadə edildiyi halda, Ermənistan isə bu məqsədlə dövlət nəzarətində olan resurslardan, həm də aşkar şəkildə istifadə edir. Bu resurslarla mübarizə aparmaq üçün hədəf seçilən qurumlar, xüsusilə güc strukturlarımız arasında eyni mərkəzdən idarə olunan müvafiq qurumlar inkişaf etdirilməli, düşmən ölkənin “hibrid” resursları onun özünə qarşı istifadə edilməlidir.
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az