Ordu.az xəbər verir ki, bu barədə Mərkəzi Asiya, Qafqaz və Yaxın Şərqdə təhlükəsizlik problemlərinin işıqlandırılması üzrə ixtisaslaşmış amerikalı jurnalist Coşua Kuçera “lobelog.com” saytında yazıb.
O idda edib ki, Azərbaycanın bu məbləğlə təmin edilməsi Tehrandan gələn təhlükəyə qarşı təsir göstərməyə ünvanlanıb.
“Pentaqon 2018-ci ilin maliyyə ili üçün Azərbaycanın gömrük və sərhəd xidmətlərinə 58,6 milyon dollar vəsait ayırıb, növbəti il üçün isə bu məbləğ 42,9 milyon dollar təşkil edir. Bu barədə məlumatlar Pentaqonun Konqresə təqdim etdiyi hesabatında qeyd edilir. ABŞ tərəfindən Azərbaycana edilən hərbi yardım çərçivəsində maliyyə proqramları son illərdə artır və bu, regiondakı hər hansı ölkəyə edilən yardımdan daha çoxdur”, - deyə Kuçera bildirib.
Qeyd edək ki, maliyyə vəsaitinə “Caspian Guard” (“Xəzər keşikçisi”) təhlükəsizlik layihəsi çərçivəsində Azərbaycanla yanaşı, Qazaxıstan da cəlb olunub. Layihə Bakı ilə Nursultanın (keçmiş Astana şəhərinin) sərhədlərdə təhlükəsizliyin artırılmasına, terrorizm təhdidlərinin, həmçinin insan alveri, narkotik ticarəti kimi digər transmilli təhlükələrin qarşısını almağa istiqamətlənib. Təbii ki, ABŞ “Caspian Guard” layihəsini Azərbaycan və ya Qazaxıstana böyük məhəbbətindən dolayı etmir. Bunu öz milli maraqlarından – əhəmiyyətli enerji layihələrinin müdafiəsi, Rusiya və İrandan şübhəli yüklərin əraziyə keçməməsi üçün edir.
Alpər Mövludoğlu
Ordu.az