ABŞ-a qarşı yox, Rusiyaya uyğun siyasət: Ermənistan BMT-də iki daş arasında qalıb

2019/08/00-44-1565946847.jpg
Oxunub: 18214     16:37     16 Avqust 2019    
Son 1 il ərzində BMT-nin Baş assambleyasında səsvermə yolu ilə qəbul edilən 114 sənədlə bağlı Ermənistanın səsverməsi ABŞ-la müqayisədə daha çox Azərbaycan, Türkiyə və Rusiya ilə uyğun gəlib.

Ordu.az xəbər verir ki, “Amerikanın səsi” son 1 il ərzində BMT-də Ermənistanın səsvermədəki mənzərəsini açıqlayıb.

Beləliklə, 114 sənəddən Azərbaycan və Ermənistan 76 sənədə eyni qaydada, cəmi 2 sənədə isə əks qaydada səs verib. Ermənistan və Gürcüstan 75 sənədə eyni qaydada, 10 sənədə isə əks qaydada səs verib. Ermənistan və Türkiyə 114 sənəddən 69-na eyni qaydada, 9 sənədə isə əks qaydada səs verib. Rusiya ilə Emənistanın səsverməsinin üst-üstə düşməsi 77 hal təşkil edib, 5 sənəddə isə bu iki ölkə bir-birinə əks səs verib. Nəhayət, ABŞ-la Ermənistanın mövqeyi BMT-də 37 sənəd çərçivəsində üst-üstə düşüb, 59 sənədlə bağlı isə əks səsvermə baş tutub.

Erməni politoloq Narek Minasyan bir neçə səbəb irəli sürərək qeyd edir ki, BMT-də müxtəlif ölkələr, o cümlədən Ermənistanın səsverməsini təhlil edərkən, yaxud müqayisə etdikdə bir neçə amili nəzərə almamaq kifayət qədər vacibdir.

“Səsverməyə qoyulmuş məsələnin məzmunu, səsverməyə qoyulmuş sənədin Ermənistanın maraqları çərçivəsində, səsvermədən sonrakı müzakirə prosesində “sən mənə, mən sənə” məlum formatının mütəmadi olaraq, işlək olmasını nəzərə almaq lazımdır. Səsvermədə iştirak edən ölkənin nümayəndəsinin ölkəsinin mövqeyini və səsvermə mühitini izah etməsi də vacibdir. Yalnız bu xüsusi amilləri birləşdirərək və nəzərə alaraq, bu və ya digər ölkənin səs verməsi barədə əsaslı təhlil əldə etmək mümkündür və yalnız bundan sonra müqayisə aparmaq lazımdır. Yuxarıda sadalananlar nəzərə alınmasa və faktlarla aparılan iş seçmə xarakteri daşıyırsa, bunun sadəcə manipulyasiya ilə məşğul olunduğunu demək olar”, - deyə Minasyan bildirib.

Erməni ekspert Armen Vardanyanın fikrincə isə Ermənistanın BMT-də həmişə Rusiyaya sərf etdiyi kimi, səsvermədə iştirak etməsi sirr deyil: “Bu ABŞ-a qarşı yox, sadəcə bizim səsvermənin həmişə Rusiya ilə uyğun gəlməsidir. Gürcüstanla bağlı məsələdə Ermənistanın iştirak etməməsi istisna bir haldır. Paşinyanla Putinin ilk görüşündə Rusiya liderinin Ermənistanın Rusiya ilə ahəngdar şəkildə səsverməyə davam edəcəyini gözlədiyi barədə açıqlamasını təsadüfi saymıram. Belə ki, bizim səsverməmiz, həmişə Rusiyaya uyğun olub, lakin ABŞ-a qarşı olmayıb. ABŞ ilə fərqli düşərgələrdə olduğumuz məlum olsa da, bu məsələdə böyük problem görmürəm”.

O hesab edir ki, Ermənistan bu və ya digər ölkəyə uyğun deyil, öz maraqlarına uyğun səs verməlidir.

“Belə ki, bəzi hallarda ABŞ-la eyni, bəzi hallarda isə fərqli düşərgələrdə ola bilərik. Ermənistan BMT-də öz maraqlarından irəli gələn səsvermələrdə iştirak etməlidir. Ümumiyyətlə bir sıra ölkələr etdiyi kimi, bir çox hallarda səsvermədə iştirak etməmək olar. Məsələn, Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıma qərarından sonra Türkiyə bu qətnaməni qınayan qərarın qəbul edilməsinə nail oldu. ABŞ digər 8 ölkə ilə birlikdə təcrid olunmuş vəziyyətdə qaldı. Ermənistan, Türkiyə və Azərbaycanla uyğun və əslində ABŞ-a qarşı səsvermədə iştirak etdi. Belə hallarda rahatlıq nümayiş etdirərək iştirak edib, iki daş arasında qalmaqdansa, səs verməmək daha yaxşı olar”, - deyə erməni ekspert vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   BMT  


Bizi "telegram"da izləyin