Ordu.az xəbər verir ki, bu barədə erməni KİV-lərində müəllif məqaləsi dərc edilib.
Məqaləyə görə, Ermənistanın yeni atom stansiyasının tikintisi ətrafında Rusiya ilə aparılan danışıqlar sadəcə vaxt uzatmaq üçün bir bəhanədir.
“Ermənistanın Baş nazirinin müavini Tiqran Avinyan Birləşmiş Ştatlara səfəri çərçivəsində Ermənistanın yeni atom stansiyasının tikintisi ətrafında Rusiya ilə aparılan danışıqları haqqında danışıb. Bu danışıqların detalları məlum olmasa da, maraqlıdır ki, söhbət yeni danışıqlardan, yoxsa köhnə danışıqlara yeni təkan verilməsindən gedir.
Xatırladaq ki, Rusiya ilə yeni atom stansiyasının tikintisi ətrafında Ermənistan hələ Serj Sarkisyanın prezidentliyi dövründən danışıqlar aparsa da, bu, nəticəsiz qalmışdı. İstənilən halda 2008-ci ildə erməni parlamentinə və xalqına ünvanlanmış məlum və bu formatda olan yeganə müraciətində Serj Sarkisyan meqa layihələr haqqında, o cümlədən, İran-Ermənistan dəmir yolu, ümumerməni bankı və yeni atom stansiyasının inşası haqqında danışıb.
10 illik prezidentlik dövrü başa çatsa da, bu 3 layihədən heç biri nəinki tam praktiki görünüşü, hətta müzakirə mövzusu mərhələsi belə yaşamayıb. Bunun səbəbi isə başqa bir danışıq mövzusudur.
Hazırda isə Ermənistanın yeni hakimiyyətinin Rusiya ilə atom stansiyasının tikintisi barədə danışıqlara yeni nöqtədən, yoxsa qaldığı yerdən davam etdiyi məlum deyil. Köhnə danışıqlarda Rusiyanın yeni atom stansiyasının tikintisinə razı olması və maliyyə dəyərinin 20%-i həcmində iştirak etməyə razı olduğu məlum idi. Bu məbləğ təxminən 1 mlrd dollar təşkil edirdi. Lakin praktiki olaraq, Rusiyanın qarşısında duran vəzifəsi yeni erməni atom stansiyasının tikintisinin irəli aparılması deyil, sanki layihənin dondurulması təəssüratını yaradırdı.
Eyni zamanda Moskva atom stansiyasının tikintisi sahəsində Türkiyə ilə çoxmilyardlı layihə həyata keçirir. Türkiyə və Azərbaycan isə davamlı olaraq, Ermənistanın atom enerjisinə qarşı çıxırlar. Rusiya İrəvana fəaliyyətdə olan atom stansiyasının istismarının 10 il müddətinə artırılması məqsədi ilə kredit verir. Lakin digər tərəfdən Ermənistanda yeni atom stansiyası lazımdır. Köhnə stansiyanın resurları ciddi şəkildə məhdud olmaqla eyni şəkildə qalmaqda davam edir”, - deyə müəllif Rusiyanın Ermənistanda yeni atom elektrik stansiyasını tikməyə imkan verməyəcəyini bildirmək istəyir.
Müəllif qeyd edir ki, Ermənistan yeni atom elektrik stansiyasının tikintisi ilə bağlı Fransaya güvənsə də, rəsmi Paris bununla “erməni sevgisi”ni qazanmaq istəyib.
“2011-ci ildə bu mövzu ilə bağlı Fransa prezidenti Nikol Sarkozi gözlənilməz bəyanat verərək deyib ki, Ermənistanda yeni atom stansiyasının tikintisində Fransanın iştirakı imkanlarını araşdıracaq işgüzar heyət Ermənistana səfər edəcək. Lakin bu bəyanat daha sonra praktiki tətbiqini tapmayıb. Sarkozi bu bəyanatı verərkən pezident seçkiləri öncəsi sadəcə erməni icmasının sevgisini qazanmağa cəhd edib.
Yeri gəlmişkən, həmin seçkilərdə Sarkozi Olanda məğlub olub. Aydındır ki, Ermənistanda yeni atom stansiyasının tikintisi üçün hər hansı xarici şirkət geosiyasi maraq təklif etdiyi halda bu fürsəti əldə edə bilər. Yaxud Ermənistan öz qüvvələrini səfərbər edərək, atom stansiyasının tikintisinə başlamasını elan etməlidir. Bununla da, Ermənistana təkliflər edilə biləcək mühit formalaşdırılmalıdır.
Açıq-aydın məlumdur ki, Ermənistana atom enerjisi lazımdır. Ermənistanın atom enerjisi təhlükəsizlik, hərbi siyasi amildir. Bu, praktiki olaraq Ermənistanın nüvə gücünün astanasıdır və daim açıq olması zəruridir”, - deyə müəllif əslində İrəvanın AES tikintisi ilə bağlı planlarının heç bir humanitar fəaliyyətə söykənmədiyini etiraf edir.
Alpər Mövludoğlu
Ordu.az