Məlumata görə, Yurikin əsəb sistemi il bağlı ağır xəstəliyi var. Həkimlər ona nə diaqnoz qoya, nə də müalicə edə bilirlər. O, çətinliklə hərəkət edir, daim gərginlik içərisindədir. Nubaraşendəki psixatriya sağlamlıq mərkəzində saxlanılan Yurikin sağlamlığındakı vəziyyət 1 illik mübarizədən sonra nisbətən reaksiya verməyə başlayırdı.
Yurik Broyanın hərbi xidmətə yararsız olması barədə həkim rəyi mövcuddur. Həkimlər nəhayət yezidi hərbi qulluqçunun anası Marine Broyana oğlunu evə aparmağa icazə veriblər, lakin oğlunu evə aparan Broyan Ermənistan Müdafiə Nazirliyi tərəfindən oğluna qarşı axtarış elan edildiyini öyrənib.
Ermənistan Müdafiə Nazirliyinin yaydığı bəyanatda vurğulanır ki, hərbi qulluqçu müalicə aldıqdan və xəstəxanadan xaric edildikdən sonra hərbi hissəyə qayıtmağa hazırlaşmır.
Ermənistan Müdafiə Nazirliyinin hərbi polisinin yaydığı bəyanatda isə bildirilir ki, “Ruhi Sağlamlıq üzrə Milli Komitə” QSC-nin 15.07.2019-cu il 562 nömrəli telefonaqramına əsasən müddətli xidmət hərbi qulluqçusu sıravi əsgər Yurik Vaniki Broyanın müalicə müəssisəsindən hərbi hissəyə köçürülüməsi ilə bağlı hərbi polisin əməkdaşları QSC-yə gəliblər.
Lakin məlum olub ki, Broyan tibb müəssisəsində müalicədən sonra xaric edilsə də, xidməti yerinə qayıtmayıb və naməlum istiqamətdə gedib. Hərbi polis əməkdaşları erməni əsgərin anası ilə əlaqə saxlasalar da, o, oğlu hərbi hissəyə qayıtmağa hazırlaşmır deyə polisləri məlumatlandırıb.
Sıravi Broyan “Ruhi Sağlamlıq üzrə Milli Komitə” QSC-yə iyunun 6-da köçürülüb. Hadisə ilə bağlı Müdafiə Nazirliyinin hərbi polisi yezidi hərbi qulluqçunun hərbi hissəyə qaytarılması istiqamətində tədbirlər görür.
Ermənistan Müdafiə naziri Davit Tonoyan məqsədyönlü şəkildə psixi gərginliyi olan və bir il bundan əvvəl mətbuat katibinin vasitəsilə “simulyant” adlandırdığı Broyanı təqibə məruz qoyur. İnsan haqları naminə jurnalistlər təşkilatının məsləhətçisi, vəkil Hayarpi Sarkisyan bir həftə öncə həkimlərin Broyanı xəstəxanadan çıxaracağını deyir.
O, Nubaraşen Psixatriya Sağlamlıq Mərkəzinin rəisindən Broyanın xidmətdən azad edilməsi ilə bağlı məsələləri həll etmək üçün xəstəxanadan çıxarılmasını bir az gecikdirməyi xahiş edib. Vəkil bildirir ki, xəstəxanadan onun xahişinə cavab olaraq, həftənin bazar ertəsi Broyanı xəstəxanadan xaric edib, sənədlərini nazirliyə göndərəcəyik, onu evə apara bilərsiniz deyiblər.
Vəkilin sözlərinə görə, yezidi əsgərin anası Marine Broyan ona zəng edərək hərbi polisin oğlunu axtardığını bildirib.
“Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumat dezinformasiyadır. Hərbi qulluqçu heç bir müalicə almayıb və sağalmaz xəsarət alıb. Müdafiə Nazirliyinin mətbuat katibi ictimaiyyət arasında çaşqınlıq yaradır. Broyan naməlum istiqamətdə getməyib və onun xəstəxanadan xaric edilməsini hamı bilir.
Hərbi polis və hərbi hissə ilə danışdım və hamı Broyanın evdə olduğunu bilir. Broyanı psixatriya mərkəzindən xaric edərək hospitala aparmalı, orada hərbi tibbi komissiyanın iclasına təqdim olunmaqla hərbi xidmətə yarasız olduğu təsdiqlənməli idi.
Hamı bilir ki, artıq Broyan hərbi xidmətə yarasızdır. Lakin xəstəxanadan anasına zəng edib, oğlunun xəstəxanadan xaric edildiyini deyiblər. Ona görə də anası evə gətirib”, - deyə vəkil bildirib.
O qeyd edib ki, mətbuat xidmətinin yaydığı bəyanatdan və Broyanın tarixçəsindən xəbərsiz olan insanlar xəstə, döyülmüş, hərbi polisdə və hərbi hissədə zorakılıqlara məruz qalmış gənclə deyil, şüurlu şəkildə fərarilik edən bir şəxslə üzləşdiklərini zənn edə bilərlər. Güclü dərman təsirləri altında olan Broyan hələ də onun ətrafında nə baş verdiyindən bixəbərdir.
Yezidi hərbi qulluqçunun anası, oğlunu yatmış vəziyyətdə əlindən alaraq, hərbi polisə apardıqlarını deyir: “Həkim ona diqqətli olmasını, oğlunun heç bir şey hiss etmədiyi və öz aləmində olduğunu xatırladıb. Yatmış halda taksiyə yerləşdirərək evə aparılıb, qucaqlarda taksidən düşürülüb. Oyandıqdan sonra yemək yedirib çimizdirdim və Muratsan hərbi hospitalına apardım. Hospitalda onu heç kim qəbul etmədi. Həkimlərdən biri Broyanı yoxladığını hər şeyin normal olduğunu və onu hərbi hissəyə aparmağı məsləhət gördüyünü dedi. Hazırda oğlum hərbi polisdə saxlanılır. Sabah hərbi xidmətə yararlı olub-olmadığına dair qərar veriləcək. Psixatriyadan verilən dərmanları qəbul etməyinə imkan verməyiblər”.
Artıq bir ildir yezidi hərbi qulluqçu Yurik Broyanla baş verənləri hüquq müdafiəçisi Janna Aleksanyan da izləyib. O, baş verənlərlə bağlı diqqətə çatdırıb ki, bu gün Ermənistan Müdafiə Nazirliyinin hərbi hospitalının qarşısında hərbi polis vasitəsilə xəstə hərbi qulluqçu və onun anasına qarşı terrorçuluq mühiti yaradılıb.
“Köməksiz vəziyyətdə xəstə olan hərbi qulluqçunu Ağdərəyə aparmaqla təhdid edirdilər. Ağdərəyə aparılması isə doğrudan da təhlükəlidir, çünki xəstə hərbi qulluqçu məhz həmin hərbi hissədə işgəncələrə məruz qalıb. Bu addım xəstə hərbi qulluqçuya qarşı Müdafiə Nazirliyinin qisasıdır. Müdafiə Nazirliyi ən yüksək səviyyədə iddia edirdi ki, Broyan “simulyant”dır. Lakin məhkəmə psixi müalicə ekspertizası Müdafiə Nazirliyinin irəli sürdüyü versiyanı təsdiqləməyib.
Sıravi hərbi qulluqçunun orduda heç bir dəyəri yoxdur, bu hərbi qulluqçularla istədikləri kimi davrana bilərlər. Orduda heç bir şey dəyişməyib. Eyni qeyri-insani münasibət davam edir”, - deyə Aleksanyan bəyan edib.
Alpər Mövludoğlu
Ordu.az