Azərbaycanın təlim ardınca təlim keçirməsinin yalnız bir hədəfi var – QARABAĞ

2019/07/2ebc0-1563175600.jpg
Oxunub: 17991     16:24     15 İyul 2019    
Bu il ikinci dəfə 7-11 iyun tarixləri arasında Azərbaycanda Türkiyə ilə birgə “Sarsılmaz Qardaşlıq-2019” döyüş atışlı təlimi keçirildi. Təlimə 5000 nəfərədək şəxsi heyət, 200-dən artıq tank və digər zirehli texnika, 180-ə yaxın müxtəlif yaylım atəşli reaktiv sistemləri və minaatan, 21 ədəd təyyarə, helikopter, Pilotsuz Uçuş Aparatı (PUA) və silahlanmaya yeni daxil edilmiş müxtəlif növ müasir silah və texnika nümunələri cəlb olundu.

Təlimin məqsədi qərargahların müştərək döyüş əməliyyatları planlarının hazırlanması, şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması və birgə tapşırıqları icra etmək vərdişlərinin inkişaf etdirilməsi ilə Azərbaycan və Türkiyə hissə və bölmələrinin qarşılıqlı fəaliyyətinin koordinasiyasına nail olmaq idi.

Nəticədə il ərzində artıq Bakı tərəfindən 3 dəfə geniş miqyaslı taktiki əməliyyat təlimi olmaqla 15 təlim keçirilib. Son illərdə həyata keçirilən uğurlu təlimləri nəzərdən keçirən cəmiyyətin bir qismini adətən bir sual düşündürür: niyə Azərbaycan ordusunun komandanlığı döyüş hazırlığı və yeni silahların əldə edilməsi üçün bu qədər qüvvə və vəsait xərcləyir?

Çünki Azərbaycan Silahlı Qüvvələri son illər ərzində müxtəlif ölkə və istehsalçılardan çoxsaylı hərbi texnika nümunələri əldə edib. Bu müxtəliflik ehtimal edilən döyüş əməliyyatlarından öncə, onların istismarı və təlimlərdə istifadəsi, o cümlədən döyüş şəraitində tətbiqini tələb edir.

Məhz buna görə şəxsi heyət təlimlərdə taktiki tapşırıqların icrası hədəfləri və tapşırıqların həlli, qoşun bölmələrinin qarşılıqlı fəaliyyəti istiqamətində çətinliklərlə üzləşmir, dağlıq ərazidə əməliyyatların hazırlanmasına və keçirilməsinə zəruri bacarıqların artırılması ilə sıx məşğul olur.

Döyüş hazırlığının daha da artırılması üçün digər ölkələrin təcrübəsindən faydalanan Silahlı Qüvvələrimiz, bununla regiona ordumuzun peşəkarlıq səviyyəsini nümayiş etdirir, həmçinin döyüş əməliyyatlarının heç də uzaqda olmadığı mesajını verir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Təlim   Qarabağ  


Bizi "telegram"da izləyin